Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Müxalifət qəzetləri birdəfəlik yardımları qəbul edəcəklər


Qənimət Zahid
Qənimət Zahid
Milli Mətbuat Günündə prezidentin sərəncamı ilə 32 qəzetə 20 min manat, 8 informasiya agentliyinə isə 10 min manat məbləğində birdəfəlik yarım edilib.

Yardım alan bir neçə müxalifyönlü qəzet və informasiya agentliyinin məsələyə münasibətini öyrəndik.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, həmin məbləğ dövlət büdcəsindən ayrıldığından onu qəbul etməmələrinə heç bir əsas yoxdur:

BİZ BU MƏBLƏĞİ QƏBUL EDİRİK VƏ ONUN MAHİYYƏTİNİ DƏ YAXŞI ANLAYIRIQ

«Mexanizm çox aydın, bəsit və sadədir. Ölkədə söz azadlığını inzibati amirlik siyasətinin bütün imkanları çərçivəsində boğub, arada onlara kömək etmək lazım gəlir ki, guya Azərbaycanda dövlətin mətbuata qayğısı var. Açığı təqdim olunan məbləği qəbul etməmək kimi fikrim yoxdur. Çünki bu tək mənə yox, kollektivə çatacaq bir məbləğdir. Çünki bu dövlət büdcəsindən ayrılan vəsaitdir, kiminsə şəxsi hesabından ayrılmayıb. Biz bu məbləği qəbul edirik və onun mahiyyətini də yaxşı anlayırıq».

«Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxan isə deyir ki, dövlət tərəfindən qəzet və informasiya agentliklərinə edilən yardım öz mövqeyini dəyişmək anlamına gəlməməlidir:

O DƏRƏCƏDƏ XIRDA BİR MƏBLƏĞDİR Kİ…

Mehman Əliyev
«Bizlərin də iştirakından formalaşan dövlət büdcəsindən ayrılan vəsaiti qəbul etməməyimiz düzgün olmaz. Bundan əvvəl də Milli Mətbuat Günündə bu cür yardımlar edilir və hakimiyyəti tərifləyənlər hakimiyyəti tərifləməkdə davam edir, tənqid edənlərsə tənqid etməkdə davam edirlər. 20 min manat elə böyük bir məbləğ deyil ki, bundan ötrü ya «Yeni Müsavat», ya da «Azadlıq» qəzeti öz mövqelərini dəyişsin. O dərəcədə xırda bir məbləğdir ki, bu məbləğə görə on illər boyu formalaşan mövqelərini dəyişməyi düşünməyin özü belə gülüncdür».

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, əslində ayrılan vəsait dövlət büdcəsinə vergi ödəyən KİV-lərə verilməlidir:

ÖDƏDİYİMİZ VERGİNİN YALNIZ BİR HİSSƏSİNİ GERİ GÖTÜRÜRÜK

«Bizim agentlik dövlət büdcəsinə hər il kifayət qədər vergi ödəyir. Bizim vergi hesabına formalaşan dövlət büdcəsindən ödədiyimiz verginin yalnız bir hissəsini geri götürürük. Bu isə hakimiyyətdən pul almaq demək deyil. Amma hansısa qəzet və informasiya agentliyi müxtəlif yollarla vergi ödəməkdən yayınırsa və onlara da dövlət büdcəsindən yardım edilirsə, bu, doğru deyil».

Mehman Əliyev deyir ki, əvvəlcə KİV-lərin maliyyə mənbələri və hesabları müəyyənləşdirilməli, bundan sonra yardımların edilməsi barədə qərar qəbul olunmalı idi.
XS
SM
MD
LG