Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:06

Bəxtiyar Hidayət "Xiyarpulu" (Hekayə)


- Sən mənə niyə çəp-çəp baxırsan? Elə bilirsən səni istəmirəm?

Rəhmətlik atanla ton-ton çörək kəsmişik. Sənin də xətrini çox istəyirəm. Düzdü sənə pislik də eləmişəm.

Qoymamışam gəlib kəndddə işləyəsən. Yollarda qalmısan 15 ildi.

Amma neynəməliydim- göstəriş gəlimişdi ki, onu kəndə buraxma. Axı sən onda müxalifətdəydin.

Sən də mənə pislik etdin- yazdın prezidentə. Prezident üstünü yazdı nazirliyə. Nazirlik yazdı bizim maarifə.

Maarif də üstünü yazdı mənə. Pislyin qaldı özünə. Arada mən bir az tərlədim.

Əclaflar elə eləyillər ki, həm deyirlər onu işə qoyma, həm də deyirlər səndən prezidentə niyə şikayət gedib, buyur bura düş. Amma elə ki, keçdin YAPa işin asanlaşdı.

- Hə neynəyək, dolanmaq olmur. Eşitmişəm çıxmaq istəyirsiniz.

- Olmaya yerimdə gözün var? Balam canı, mən razı, amma sənə qıymıram. Sən YAP-a keçsən də, hələ duza gedirsən. İşin içini bilmirsən.

- Hə, dedilər Yaqub müəllimin yerini veririk sənə.

- Bala, Yaqub müəllimin yeri indi qəbir yeri kimi bir şeydi.

- Niyə ki?

- Gedək bizə, hər şeyi başa salaram. Özünü yazıq eləmə.

***

Seyfəli müəllimlə Yaqub müəllim xəngəlin tökülməsini gözləyirdilər.

Və xəngələ qədər xeyli söhbət etmişdilər.

Seyfəli müəllim Yaqub müəllimə heyrətlə baxırdı- sanki yenidən görürdü onu. Öz gözünün önündə cərəyan edən hadisələrə necə də bu gözlə baxmamışdı o.

Yaqub müəllim bir dərs ili boyu bir direktorun nə günlər çəkdiyini başa salmışdı ona.

***

İndi başlayaq dərs ilinə. Zrınnnqqqqqqqq.

Demək belə, indi kənddə cəmi iki cür aylıq-donluq almaq olar. Müəllim kimi, bir də pensiyoner kimi. Və kənddə xəstəlik üzündən pensiyaya çıxanlar yaşa görə pensiyaya çıxanlardan daha çoxdu.

Bir yana baxanda ağıllı adamlardı. Cəmi üç inəyin puluna ikinci qrup əlil almaq olar ki, sonra da ömrü boyu ye, yat. İkincisi də müəllimlik.

Odur ki, baytar da ixtisasını dəyişib olur biologiya müəllimi, meşənin qırılmasına görə boşda qalmış meşəbəyi ixtisasini dəyişib olur coğrafiya müəllimi, Allahın satıcısı olur iqtisadiyyat müəllimi. İndi gəl bunlara dərs ver.

Müdürün nə vecinə, pulunu alıb göndərir direktorun üstünə ki, yerləşdir. Di gəl dərs ver bunlara.

Məcbursan ki, uşağın sayını artırıb sinifləri böləsən. Onda da məcbursan ki, heç məktəbin darvazasını da tanımayan uşaqların adını yazasan jurnala. Yoxlama gələndə də tərləyəsən əməlli-başlı.

Bu cəhənnəm, hələ gərəkdir ki sinif artımına görə ayrıca pul verəsən müdürə.

Əvvələr nə vardı ki, direktor maaşdan nə saxlasa, kimin duxu nə idi səsini çıxara.

Kim dərs deyir ki, səsini də çıxartsın. Amma indi? Gəl baş aç dəə.

Pulu bankomatdan alır müəllimlər. Bu o demək deyil ki, direktor onların əlindən pul ala bilməz. İş bu ki, əksər müəllimlərin bankomat kartı indi banklarda girovdu kreditə görə.

O müəllimdən necə pul alıb verəsən müdürə. Bir nəfər kredit borcu olmayan yoxdu məktəbdə. Camaat o gündədi ki, paltarı da kreditlə alır, paltaryuyanı da. Az qalıb tualet kağızı da kreditlə alına.

Paltar demiş… A kişi zibilə düşmüşük ee. Utanma, xəngəlini ye. Gör bu qoca Yaqub nələr çəkir indi. Lap arşınmalçı olub getmişəm. Ağkorddu, nə zibildi, bir tikiş fabriki açıb. Guya məktəb paltarı istehsal edir.

Paltarın birinin qolu gödək, birinin ayagı gödək. Qiymət də ki… Analarının oynaşlarının da qiymətini qoyublar üstünə- 50 manat. Tez elə sat. Necə edim indi mən? Düşmüşəm qapı-qapı çiynimdə torba .

Yalvarıram ki barı nisyə alın. Ot satanda verərsiniz, xiyar satanda verərsiniz, cücə satanda verərsiniz bala-bala pulu da. Axı məndən nəqd alıblar. Müəllimlərin puluna da əlim çatmır.

Neçə adam başıma vurub torbanı. Hər əksiyin qabağında gözükölgəli olmuşam. Verməyə də bilməzdim paltarpulunu. Məktəbi yoxladılar. Uşağın yarısı dərsdə yox.

Müəllim dərs keçə bilmir. Dama basacağıq dedilər səni. Mən oğlu ölmüşün öğlu indi neynəyim. Krediti verim, sələmi verim, ya paltarpulunu? Arvad da üzümə baxmır daha. Sanki bunlara qul işləyirəm.

-Ehh müəllim, bu millət düzələn deyil.

-Cəhənnəmə düzəlsin. Mən öz vəziyyətimi düzəltmək istəyirəm. Arağını iç.

Badələr toqquşdu.

Yaqub müəllim yenə başladı:

-Hələ dərd bu deyil ee, əlli jurnalist gəlir üstümə. Di gəl yola sal. Axırda məcbur qalıb perevod edirəm o biri müəllimlərin üstünə. Pul verməsə də, biri cücə verir, biri kartof verir, biri qatıq, biri də nə bilim süpürgədən zaddan.

Beləcə süpürülür hörmətimiz də, gələcəyimiz də. Bu da cəhənnəm-iki aydan bir abadlıqpulu gəlir. Mən şəhər abadlaşdıranam? İcra hakimi basıb yeyir, altını da biz çəkirik.

Bu yandan da dinməver vergisi. Gərək hər aya hər müəllimdən on manat ayrıca tutula verilə müdürə.

Müdür də and içir ki, mən o pulu eləcə də ötürürəm nazirliyə. Müəllimlərin də kartları banklarda girov.

Di gəl dananı sat, çəpişini sat, nazirə dinməver vergisi ödə. O yanda da qəzetpulu, testpulu. Kopayuşağı təbaşiri də pulnan verillər. Di gəl yaşa, di gəl dolan. Bunlar azmış kimi xiyarpulu da bu yandan çıxıb.

- Nə? Xiyarpulu?

-Ehh qardaşoğlu, sənin nə xəbərin var ee. Qəzetə bir-iki məlumat ötürdün muxalifətdə olanda. Səndən qorxdular, axı müxlifət qəzetini oxuyan prakuror, rəis hamısı cumur bizim üstümüzə ki, bu nə məsələdi. Gərək onları razı salaq. O qəzetlər də əslində elə bir-iki adama yarayır.

- Axı nə xiyarpuludu bu?

- Hər il Bakıda yarmarka keçirilmir?

- Hə, noolsun ki?

- O olsun ki, bax onda biz direktorlardan, kənd icra nümayəndələrindən, həkimlərdən, nə bilim bütün büdcə təşkilatlarından pul yığılır. Yarısını özləri yeyir, yarısına da xiyar-pomidaor alıb göndərillər Bakıya. Satılan malların pulları da yenə özlərinin. Arada yenə bir-iki nəfər qazancda olur. Biz də bunun adını qoymuşuq xiyarpulu.

- Dəhşətdir ki.

- Hə. Ərizəmi verib çıxıram. Sən də yazıqsan, keçmə yerimə. Dərsini de, kim yerimə keçəcək, ona da xox elə ki, qəzetə verərəm səni. Sənə dolaşan olmasın. Heç qəzet demə, de ki, internetnən prezidentə yazacam.

Bu vaxt Namizəd müəllim də sevincək, qapını döymədən daxil oldu içəri.

Salamsız-kəlamsız:

-Muştuluğumu ver. Kəlləqarların Musası paltarpulunun yarısını verdi. Əlli dəfə getmişəm qapısına kopolunun. Axır ki, xiyarı satdığı yerdə yaxaladım. Dedim aya, sən uşağa attestat almaq istəmirsənmi? Ağlını kəsdirmişəm ki, attestatsız uşaq qanadsız quşdu. Sabah polis ola bilər, pajarnik ola bilər, bə cəhənnəm, gizir ola bilər.

-Gəl otur, – deyən Yaqub müəllim Seyfəlini qulağına dedi:

-Bu kopolu da harda zil tüstü çıxır marıtlayır oranı. Sabah verərdi də pulu.

Birdən Seyfəli ətli bir şaqqanaq çəkdi.

-Hi-hi-hi-hi . Bilirsiniz yadıma nə düşdü?

İkisi də bi ağızdan :

-Nə?

-Demək əsgərlikdəyik. Maladoy vaxtımızdı. Bizi dənizə aparıb komandir. Özü gedib dərində çimir, bizi də dayazdan qırağa çıxmağa qoymur. Uşaqlardan bir-ikisi oğurlanıb üzdü qızlara tərəf. Andır tursikdən tanıyib o uşaqları komandir. Tez üzdü yanımıza. Qırağa çıxmamızı istədi. Başladı rusca komanda verməyə:

-U pol loja prinyat!

Hamımız jim vəziyyəti aldıq.

Sonra başladı saymağa

-Raz, paltara, dva.

Biz heç “dva”nı gözləmədik. Cumduq paltara. Komandir daha da hirsləndi bir “otstavit” komandası verdi.

Yenidən təkrarlandı hər şey. Biz yenə paltara cumduq. Komandir itə dönmüşdü sanki. Axırda kimsə başa saldı ki, bu uşaqlar sən “paltara” deyəndə elə bilillər bir yarım yox, paltara cumun deyirsiniz. Komandir də, biz də o qədər güldük ki. Axırda komandir bizə təşəkkür etdi ki, hələ belə gülməmişdim. Bax bizim təhsil də belədi. Deyilən başqa, edilən başqa

Namizəd müəllim:

-Belə bir şey hardasa oxumuşam.

Seyfəli müəllim:

-Hə, Bəxtiyar Hidayət yazıb. Mənim əsgərlik yoldaşım olub o.

Yaqub müəllim:

-Adını çəkmə o yaramazın. Əxlaqsız yazılar yazır.

Seyfəli müəllim:

-Hə ağına bozuna baxmır.

Bu vaxt Namizəd müəllimə zəng gəldi və tez-tələsik xəngəli ötürə-ötürə çıxıb getdi.

Sanki onun getməsini gözləyən Yaqub müəllim:

- Qardaşoğlu yerimə bu kopolu keçmək istəyir. Həm də ona görə əl-ayağa düşüb. Özünü şirin salmaq istəyir ki, bax mənin sinifim paltarpulunu tam yığıb. Mən işləyə bilirəm. Qoy keçsin yerimə. Onda görərəm onun halını. Mən də keçirəm müxalifətə.

-Nəə?

-Hə, özgə yolu yoxdu. Sabah tutmaq-zad istəsələr, özümü müdafiə edim. Müxalifət də məni şişirdəcək ki, təhsil sahəsindəki özbaşınalığa dözməyib istefa verən direktoru incidirlər. Yoxsa bu boyda borcla çıxa bilmərəm işdən.

-Allah xeyir versin. Yaxşı fikirdi, vallah.

Bu vaxt yolda maşın aramsız siqnallamağa başladı.

- Xiyarpuluna gəliblər, –dedi Yaqub müəllim.

www.kultaz.com
XS
SM
MD
LG