Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:21

«Hasara dırmaşanı döyərlər də…»


Elmin Bədəlov
«Yeni Müsavat» qəzetinin əməkdaşı Elmin Bədəlovun başı qalmaqaldan açılmır. Bir qədər əvvəl tənqidi məqalə yazdığına görə oxuduğu Dövlət Neft Akademiyasından qovulan gənci indi də iş başında döyüblər.

İMARƏTİ ÇƏKƏRKƏN…

İyulun 28-də axşam özünü redaksiyaya çatdıranda üz-gözündə qançırlar, bədənində əziklər varmış. Üstəlik əyin-başı cırılmış və qana bulaşmış olub. Dediyinə görə, həmin gün Şüvəlanda nəqliyyat naziri Ziya Məmmədovun imarətinin şəklini çəkərkən bir neçə şəxs ona hücum çəkib.

«Birdən yanımda qara cip dayandı və ordan idmançı görkəmli şəxslər düşdü. Məni vurmağa başladılar. Bir neçə dəfə baş üstə qaldırıb yerə çırpdılar. Üzüm qanamışdı, bədən xəsarəti almışam. Sonra bizi şəklini çəkdiyimiz villanın arxa tərəfinə apardılar. Ordakı söhbət zamanı anladıq ki, villa Ziya Məmmədova məxsusmuş…»

«KÜLƏK TƏRS ƏSSƏ SİZ CAVABDEHSİNİZ»

Elmin Bədəlov çəkilişə tək getməyib, onun yanında başqa jurnalist, «Milli yol» qəzetinin əməkdaşı Anar Gəraylı da olub. O da fiziki təzyiqlə üzləşib. Amma dediyinə görə, daha çox həmkarı döyülüb:

«Sonra məlum oldu ki, aparıldığımız ev Ziya Məmmədovundur. Bizə dedilər ki, qanunsuz şəkil çəkmisiz, bura önəmli yerdir, burda terror baş verərsə, külək tərs əsərsə, siz cavabdehsiz… Nəsə, fotoaparatın yaddaş kartını sındırdılar. Sonra da Elminə 20 manat pul verdilər ki, get təzəsini al. Bir də dedilər ki, ərazini çəkdiyiniz üçün sizi altı ay izləyəcəyik,
Namiq Həsənov
telefonlarınız da dinlənəcək».

NƏQLİYYAT NAZİRLİYİNDƏN DEYİRLƏR Kİ…

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov AzadlıqRadiosuna bildirib ki, həmin imarətin Ziya Məmmədova məxsusluğu haqda heç nə deyə bilməz. O, sadəcə, nazirliklə bağlı sualları cavablandırır. Amma o da bu fikirdədir ki, jurnalistin iş başında döyülməsi yaxşı hal deyil:

«Hər halda, bu işi hüquq-mühafizə orqanları araşdırmalı və son sözü də onlar deməlidirlər. Yəqin o zaman başqa suallar kimi həmin imarətin kimə məxsusluğu kimi suala da aydınlıq gələr».

İyulun 29-da hadisənin baş verdiyi yerdə çəkiliş aparan bir qrup jurnalistə villanın nəqliyyat nazirinə yox, bir əcnəbiyə aid olduğu deyilib. Amma az sonra Elçin Quliyev adlı şəxs zəng edərək özünü həmin evin sahibi kimi təqdim edib və Ziya Məmmədovun sadəcə, qonşusu olduğunu söyləyib. Mühafizəçilərsə Elmin Bədəlovun təxminən 7 metr hündürlükdə olan hasara dırmaşdığını deyiblər:

«Hasara dırmaşanı döyərlər də…»

«QANUNDA DEYİLMİR Kİ, JURNALİST DÖYÜLƏNDƏ NEYLƏMƏK LAZIMDIR»


Jurnalistlərə villanın nəqliyyat nazirinə yox, bir əcnəbiyə aid olduğu deyilib
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, qəzet əməkdaşı döyülməsi ilə bağlı polisə müraciət etməyib. Bu üzdən də araşdırma başlanmayıb:

«Qanunda deyilmir ki, jurnalist döyüləndə neyləmək lazımdır. Vətəndaşdır döyülübsə, rəsmi qaydada aidiyyatı qurumlara müraciət etməlidir».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə iyulun 29-da daxili işlər nazirinə və Xəzər rayon Polis İdarəsinin rəisinə rəsmi şəkildə müraciət etdiyini bildirir. Ehsan Zahidovun sözlərinə görə, əgər məktub yazıblarsa, araşdırılıb müraciət müəlliflərinə cavab veriləcək. O həmçinin kütləvi informasiya vasitələrindən gələn müraciətlərə diqqətlə yanaşıldığını da söyləyir.

«HALBUKİ PREZİDENT DEMİŞDİ Kİ…»


Rauf Arifoğlu baş verənlərisə bu cür qiymətləndirir:

«Növbəti dəfə jurnalistlər döyülüb. Həm də çox amansızlıqla. Halbuki bir neçə gün öncə prezident demişdi ki, jurnalistlərə qarşı zorakılıq yolverilməzdir. Həm də iş başında. Görünür, o reportajın hazırlanması kiminsə xoşuna gəlməyib və jurnalisti döyməklə cinayət əməlinə
Rəşid Hacılı
yol verib…»

ŞƏXSİ SİRR YAYILMIRDISA, ÇƏKİLİŞ APARMAQ OLARDI

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılının sözlərinə görəsə, jurnalistin çəkilişinə yalnız o zaman qadağan qoyula bilərdi ki, bu şəkillər şəxsi həyatla bağlı gizli məlumatın yayılmasına xidmət edəydi. O ki qaldı terror təhlükəsi olduğu üçün mühafizəçilərin işə qarışmasına, Rəşid Hacılı deyir ki, bu, sadəcə bəhanəyə bənzəyir. Hətta belə bir təhlükə olsa belə onu izah etməyin yolları var.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, məsələ bir qədər mürəkkəbdir. Əvvəlcə müəyyənləşdirilməlidir ki, ev kimə aiddir:

«İctimai fiqurun və ya tanınan, diqqət mərkəzində olan şəxslərin özəl həyatı başqaları ilə müqayisədə qanunla az qorunur. Bu halda çəkiliş mümkündür. Amma tanınmayan şəxsdirsə onun icazəsi olmadan foto çəkmək olmaz».

Amma hüquqşünas deyir ki, bu halda belə jurnalisti döymək lazım deyildi, sadəcə, hüquq-mühafizə orqanlarına müraciət edilməliydi. Və polis vəziyyəti aydınlaşdırmalıydı. İndiki halda isə jurnalistə fiziki xətər yetirilib və onun işinə mane olunub. Buna görə də Cinayət Məcəlləsinin 163-cü maddəsi ilə iş açılmalıdır».
XS
SM
MD
LG