Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:23

Məmurlar gəlirlərini niyə bəyan etmirlər?


Vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər
Vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər
Azərbaycanda gəlir deklarasiyası haqqında qanunun qəbulundan 5 ilə yaxın vaxt keçsə də, sənəd hələ də icra olunmur (Bu qanun 2005-ci ildə qəbul olunub). Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər.

Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verib. Amma bu müddətin bitməsindən illər keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər.

Sonuncu dəfə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli iyulun 28-də AzadlıqRadiosuna gəlir bəyannaməsi barədə hər hansı məlumata malik olmadığını deyib. O, bununla bağlı Maliyyə Nazirliyinə müraciət etməyi məsləhət bilib. Amma sözü gedən nazirlik də bəyannamə formasının Nazirlər Kabinetində hazırlanmalı olduğunu deyir.

Bu baxımdan da Azərbaycandakı məmurların və ailə üzvlərinin əmlakları, maşınları və il ərzində əldə elədikləri gəlirləri haqqında heç bir yerdə rəsmi məlumat yoxdur.

BURDA QORXULU BİR ŞEY YOXDUR


Deputatlığa namizədliyini verəndə illik gəliri və əmlakı barədə məlumat verən millət vəkili Pənan Hüseyn burda qorxulu bir şey görmür:

- Mən həmin sənədi dolduranda yazdım ki, adıma xüsusi mülkiyyət kimi 107 kv.m-lik mənzil var və axırıncı ildə də misal üçün bu qədər gəlirim olub.

Pənah Hüseyn
Ancaq görünür, Azərbaycandakı bütün məmurlar gəlirləri barədə millət vəkili Pənah Hüseyn kimi asanlıqla məlumat verməkdə maraqlı deyillər. Bəzi ekspertlərin fikrincə, gəlir bəyannaməsinin tətbiq olunmamasının bir səbəbi də oliqarx məmurların bunun əleyhinə çıxması ilə bağlı ola bilər.

Ekspertlərə görə, məmurların bizneslə məşğul olması qanunla qadağan olunsa da, reallıqda bu heç də belə deyil. Bu baxımdan da gəlir deklarasiyasının tətbiqinə başlanılsa məmurlar özü və ailə üzvlərinin gəlirləri haqqında vergi orqanına hesabat verməlidirlər. Bu isə bir-iki min manat maaş alan məmurların maraqlarına uyğun gəlmir.

Millət vəkili Pənah Hüseyn ümumiyyətlə indiki hakimiyyəti bu məsələdə maraqlı tərəf hesab eləmir:

- Hakimiyyət istər iş adamı olsun, istərsə də məmur, onların qanunun təminat verdiyi şəkildə yaşamasında maraqlı görünmür ki, istənilən vaxt onlara təzyiq göstərə bilsin. Əslində, məsələnin kökündə bu yanaşma, bu fəlsəfə durur.

YAP-ÇI DEPUTATIN TƏƏCCÜBÜ


Yeni Azərbaycan Partiyasından millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov da beş il əvvəl Nazirlər Kabinetinə təqdim edilən məmurların gəlir bəyannaməsinin indiyə qədər hazır olmamasından çox təəccüblənir. Deputat deyir ki, halbuki prezident qanunun qəbulundan sonra gəlir bəyannaməsinin formasının hazır olması üçün Nazirlər Kabinetinə üç ay vaxt vermişdi.

Nazim Məmmədov
Nazim Məmmədova görə, hansısa məmurun bu məsələyə qarşı çıxmasının heç yeri də yoxdur. Çünki Azərbaycan kiçik bir ölkə olduğundan hansı məmurun nə qədər var-dövlətə, mülkə malik olduğunu hamı bilir və bunu prezident özü də dəfələrlə öz çıxışlarında səsləndirib. Deputat bu məsələdə məmurları səmimi olmamaqda qınayır:

- Bütün toplantılarda kiçik məmurdan tutmuş böyük məmura qədər bir çoxları ölkə başçısına sədaqətli olduqlarını deyirlər, amma əməllərdə bu heç də belə deyil.

GƏLİR BƏYANNAMƏSİ TƏLƏBİ SABİTLİYİ POZA BİLƏR


Milli Məclisin İqtisadi Siyasət Komitəsinin digər üzvü Xanhüseyn Kazımlı isə düşünür ki, Azərbaycanın indiki müharibə şəraitində olduğu bir vaxtda məmurlardan gəlirləri barədə bəyannamə tələb etmək ölkədə sabitliyi poza bilər. Bu baxımdan da millət vəkili indi gəlir bəyannaməsinin tətbiqinə lüzum görmür:

- Məncə, bu, hələ lazım deyil, bundan mühüm həll olunası problemlərimiz var, onlar həll olunmalıdır.

BİRİNCİ PREZİDENT ÖZÜ BAŞLAMALIDIR Kİ, BAŞQALARINDAN DA TƏLƏB ETSİN

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deputat Pənah Hüseynin fikirlərini bölüşür. O da hesab edir ki, məsələnin müzakirə olunmasına və ya bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə üç ay vaxt verilməsinə baxmayaraq, korrupsiyalaşmış hakimiyyət bu məsələnin reallaşmasında maraqlı deyil.

Mehman Əliyev
Mehman Əliyevə görə, əgər məmurlardan gəlirləri, mülkləri soruşulacaqsa, bu məsələdə prezident özü nümunə göstərməlidir. O, bəyannamənin tətbiq edilməməsinin səbəbini də elə bununla əlaqələndirir:

- Birinci növbədə prezident özü başlamalıdır, sonra başqalarından tələb eləsin. Başqalarından necə tələb edə bilər ki, əgər onu özü eləmirsə.

Mehman Əliyevə görə, prezident göstərməlidir ki, harda, hansı ölkədə mülkü var, hansı bankda pulu var, sonra həmin pulun mənbəyi göstərilməlidir. Bu baxımdan da həmsöhbətim hesab edir ki, gəlir bəyannaməsi məsələsinin tətbiqi hələ çox uzun vaxt aparacaq.

Bu yaxınlarda ABŞ-da çıxan «Vaşinqton Post» qəzeti şəxsi məlumatları prezident İlham Əliyevin övladları ilə üst-üstə düşən azərbaycanlıların Dubay mülkləri barədə yazmışdı. Ancaq bu informasiya rəsmən təkzib olunmadı. Müsavat Partiyası isə MSK, Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına müraciət edərək ölkə başçısının gəlirləri barədə məlumat istəyib.
XS
SM
MD
LG