Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:35

NARINGÜL "Mənim torpağım" (Hekayə)


Əslində Bakı mənim şəhərim deyil, mənim istəklərimin şəhəridir, mən burda doğulub boya-başa çatmamışam.

Uşaqlıq dövrümü başa vurandan, yəni nə istədiyimi ayırd edəndən sonra gəlmişəm bu şəhərə.

Daha doğrusu, məndən əvvəl bura üz tutmuş xala-bibilərimin ətəyində gəlib düşmüşəm bura.

O vaxtlar bu şəhər belə deyildi, küçələr də, binalar da, adamlar da başqa cür idilər.

Hər şey son dərəcə heyrətliydi, hər yer neft, mazut qoxuyurdu, bütün günü külək əsirdi.

Qadınların bir əli enli və qısa yubkalarlnın ətəyində, o biri əli saçlarında küləyi ərklə məzəmmət edirdilər.

Xeyli müddət keçəndən, mən bu heyrət və qoxunu demək olar ki, tamamilə itirəndən sonra bu şəhərin tam hüquqlu sakini oldum.

Elə o vaxtdan da, bu şəhərdə heç bir heyrət, qoxu filan yoxdur, hər şey elə adidən adidir, daha elə uzun məsafəli küləklər də əsmir.

Son vaxtlar, hər gün eyni qaydada, şəhərin labirint məkanındakı hündür binalarından birindəki mənzilimdə əyləşib çay içə-içə, televizordan xəbərləri izləyirəm.

Son vaxtlar ölkədə baş verən məlum hadisələr ilə əlaqədar xəbərlər bol və istidir.

Artıq mən hadisələri soyuqqanlıqla izləyəcək, hər şeyin sonda öz axarına düşəcəyini gözləyəcək qədər səbirli və ağıllıyam. Hadisələri mənzilimdən izləməyə üstünlük verirəm.

Mənziıim o qədər də böyük deyil və bu məni narahat edir.

Son vaxtlar mənzilimi genişləndirmək üçün növbənöv planlar cızır, müxtəlif yollar axtarıram.

Düzdür, mənim mənzilim böyük narahatçılıq yaradacaq qədər də kiçik deyil, bu gün yaşamaq üçün yetərlidir.

Amma mən şərqliyəm , təkcə bu gün üçün yaşamamalıyam, sabahıma da indidən gün ağlamalıyam, uşaqlarımın gələcəyini təmin etməliyəm.

Binamızın qarşısındakı qanunsuz tikilmiş həyət evlərindən ibarət yaşayış sahəsi məni özünə yaman çəkir.

Əvvəllər bura heç kimin yadına düşməyən düzənlik olub.

Hərdənbir gözdən oğurlanıb kimsə bura bir vedrə zibil atar, qonşu binaların arvadları burada paltar-palaz yuyar, uşaqlar futbol oynayardılar.

Sonra kimsə bura bir maşın daş tökdü, hasar çəkdi və bundan sonra burda qəribə işlər baş verməyə başladı..

Bir işarəyə bəndmiş kimi bir-birinin ardınca həyətlər salmağa başladılar.

Ətraf binaların sakinləri bir də gözlərini açıb gördülər ki, bu yerdə xeyli təzə evlər tikilib, əməlli-başlı qəsəbə salınıb.

Əvvəlcə yuxu gördüklərini zənn edib gözlərini ovxaladılar, gözləri öyrəşəndən sonra anladılar ki, bu yuxu zad deyil, burada, eləcə də şəhərin istənilən yerində ev tikmək olar, sadəcə hər yerin öz kodu var, o kodu tapmalısan, bir az da çevik olmalısan, həyatın bu başından o başına baş vurmağı bacarmalısan, vəssalam.

Beləliklə, qonşu binalardan, eləcə də şəhərin başqa yerlərindən başladılar bura axışmağa. Bir göz qırpımılnda bir qəsəbə əmələ gəldi.

Mən sovet dövrünün adamıyam .Hər təzə tikilən evdən sonra ürəyim ora atlansa da, qanunsuz kəlməsi qabağımı kəsir və ancaq balkonda əyləşib seyrçiliklə məşğul oluram.

Gözüm olanlara alışandan , bir çox dəlil və sübutlarla özümü refleksləşdirəndən sonra baxıb görürəm ki, bu evlərin heç birinin boğazından qanunsuz, sənədsiz kəlməsi asılmayıb, heç kimi burdan qovan yoxdur və belə aydın olur ki, mən fərsizmişəm.

Neçə gün dalbadal həyət evlərinin arasıyla gəzərək özümə ev tikmək üçün torpaq sahəsi axtarıram. və bu da məlum olur ki, mən gecikmişəm, burda bir qarış da olsa boş torpaq qalmayıb.

Bir neçə günlük məyusluq və uğursuzluqdan sonra nəhayət ki, bəxt üzümə gülür. Sısqa bədənli, çəlimsiz bir adam evinin qarşısındakı boş sahəni mənə göstərir:

- Mənim torpağımdır, ehtiyacım var, satıram.

Mən bu sısqa bədənli , inamla danışan adama az qala qəhrəman kimi baxıram.

Zarafat deyil, bu “basabas”da həm özünə yer tutub ev tikib, həm də torpaq satır. bu adam məndən güclüdür, şanslıdır, özü də xeyrxah və sadəlövh adama oxşayır.

” Dostum” kifayət qədər münasib qiymətlə razılaşır və şərt qoyur:

- Hələlik bir müddət bura yaxınlaşmayın. Heç kəs bilməsin mənim torpaq satdığımı, səs düşməsin.

Mən onu o saat anlayıram. Bir də ki mən oğurluq edən zaman səs salacaq qədər axmaq da deyiləm.

Dərhal razılaşıram .Şən və rahat halda evə qayldlram. Özümdən razı halda cürbəcür fəlsəfi fikirlər uydururam, son vaxtlar əsl filosof olmuşam, özümü daha çox fəlsəfəyə həsr edirəm.

Yəqin filosoflar da həyatda etdikləri səhvləri düzəldə-düzəldə filosof olublar. “Deməli hər şey insanın öz əlindədir.

Hansı işi ki, məqsəd kimi qarşına qoydun, deməli təsadüfü hürkütdün.,daha heç bir təsadüf, qədər-filan gözləmə, özün işə giriş. Hər bir iş risq sevir və s. və ilaxır”.

Mən bir müddət xoşbəxtliyimlə əylənəndən, evdə oturub xoşbəxtliyin dadını çıxarandan sonra nəhayət ki, nəfsimi saxlaya bilmirəm, torpağıma baxmaq qərarına gəlirəm.

Torpağa yaxınlaşdıqda oranın hasara alındığını, bir neçə fəhlənin içəridə nəsə tikdiyini görürəm . Fəhlələrlə danışıqdan sonra aydın olur ki, bura yaxınlıqdakı taxta sexinə aiddir, tikintini də bu sexin sahibi aparır.

Ürəyimə bir titrətmə düşsə də, özümü tox tutmağa çalışıram. Əsəbi halda dostumun qapısını döyürəm.

Qapını açan olmur. Qonşu qadından öyrənirəm ki, dostum evini satıb aradan çıxıb. Bütün qüvvəmi tarıma çəkib, mübarizəyə atılıram, tez sexin sahibini tapıram.

Sahibkar şişman bədəninin yarısını maşının açıq qapısından bayıra çıxarıb sual dolu gözlərini bərəldir:” Yəni, nə olub?” Mən həyəcanla və tələsə-tələsə deyirəm:

- Bu torpaq mənimdir, mən bura pul ödəmişəm.

- Sənədin var?

Kəkələsəm də təslim olmuram:

- Nə sənəd. Burda hamı mənim kimi...

Hamıdan sənə nə? Bəlkə hamı qaçqındır, hamıının başqa şansı, imtiyazı var?

Xırppadan içimdən qırılsam da, mübarizəmi davam etdirirəm:

- Bəs sizin sənədiniz var?

Sahibkar mənimlə danışmağı boş hesab edir, iztehsza ilə gülümsəyərək başını yırğalayır, yəni ki, səni aldadıblar.

Sonra o, kəskin hərəkətlə əlini yelləyir, yəni ki, xoş getdin.

Onda mən inadla dostumu axtarmağa başlayiram. Eyni zamanda, hər gün əsəblərimi yükləyir, özümü döyüşə hazırlayıram .Nəhayət ki, “dostumu” tapıram. O, əlini boğazına aparıb and-aman edir:

- And olsun allaha, mənim xəbərim olmayıb, onun o yeri gözaltı etməyindən. Bilsəm heç satmazdım ki, bir də ki, heç onun da sənədi yoxdur.

-Ver mənim pulumu!

Dostum arıq əlini enib –qalxan hülqumuna çəkir:

- Məndə pul nə gəzir, istəyirsən vur öldür, istəyirsən apar ver polisə, bir qəpiyim də yoxdur.

Şübhəsiz ki, mənim içimdə nifrət qaynayıb daşsa da, qəzəbimdən tir- tir əssəm də, nə bu adamla döyüşə girən, nə də onu tutduran deyiləm. Onsuz dostum necə deyərlər bir həsirdir, bir məmmədnəsir.

Bəd ayaqda onu tutdurub heyfimi ala bilərəm. Amma onu tutdurandan sonra lap yəqin bilirəm ki, bir müddət keçmiş başlayacağam onun halına acımağa, əzab çəkməyə.

Bir yandan da az qala məni dəli edən “fəlsəfi” fikirlərim beynimi tıqqıldadır: “Sən özün aldanmısan, özün aldanmısan!”Digər tərəfdən də mən iinsanam axı!

Özü də şərqli. Beləliklə bir qədər uğursuz mübarizə cəhdindən sonra .mən geri qayıdıb susqun halda evə çəkilirəm.

Əlbəttə, evdə də sakit qalan deyiləm. İçimdə yanıb tökülürəm: ”Necə oldu bu qədər adam özünə yer tapdı, mənsə yox,. mənim onlardan haram əksikdi.?”

Bir müddətdən sonra Bakı kəndlərindən birində yaşayan qohumum mənə zəng edir:

- Tez bura gəl, burada torpaq satırlar. Belə getsə birazdan bir qarış da yer qalmayacaq. Gürcüstan tərəfdən axışıb gəlirlər.

Qohumumun sözləri ağlıma batır, tez ora yollanıram.

Mənə təklif olunan yer şəhərdən xeyli aralıdadır, dərə-təpədən ibarətdir.

Əlbəttə, başqa vaxt olsaydı mən bu yeri bəyənməzdim, amma indi ceyran ovunda uğursuzluğa uğramış, qayıdanda əliboş qalmamqçün balaca bir dovşandan yapışan ovçuya bənzəyirəm.

Və heç olmasa bu dovşanı əlimdən buraxmamalıyam. Bir də ki, bu sahənin heç olmasa bir parça kağızı var. Mən özümü sakitləşdirirəm.

Torpağı sənədləşdirən məmurla bir qədər çək - çevirdən sonra sövdələşə bilirik və o mənim torpağımın sərhədlərini müəyyənləşdirir. Sonra özü bildiyi şəkildə qara-qura xətlərlə xəritə cızdığı, kirli, əzik dəftərində yerin təzə xəritəsini çəkir.

Mən rahat nəfəs alaraq geri qayıdıram. Bir müddət sonra qohumum həyəcanla mənə zəng edir:

- Tez gəl, sənin torpağına giriblər.

Mən tez ora yollanıram. Bir allah bilir ki, yol boyu nələr çəkirəm.

Torpağıma yaxınlaşdıqda torpaq sahəmin xeyli hissəsinin qonşu tərəfindən zəbt edildiyini görürəm. Uzaqgörən və siyasətçi qonşum öz yerini möhkəmlətmək üçün zəbt etdiyi əraziyə bir neçə ağac da əkib.

Acgöz qonşumu tapıram.Onu da hiss edirəm ki, mənim savaş əzmim qonşumkindən xeyli üstündür, nə qədər olmasa mənim bu sahədə təcrübəm var axı...

Qonşumla bir qədər ənənəvi dava- dalaşdan conra torpaqsatan məmuru tapıb gətiririk.

Məmur əsəbi görünür .Mən onun əsəbləşməyindən xeyli xəcalət çəkirəm, və məlum olu ki, məmur qonşunun torpağını ölçəndə səhvən mənim sahəmə girib.

Bundan istifadə edən acgöz qonşu da mənim torpağımın xeyli hissəsini zəbt edib.

Məmur qonşunun və mənim torpağımın kənarına sərhəd işarəsi kimi düzdüyü əyri daşları o tərəf –bu tərəf sürüşdürüb “sərhədləri” mohkəmləndirir, torpağa bulaşmış əlləri ilə bir az da qaralıb çirklənmiş dəftətində düzəliş aparır, nəhayət ki, bizi yerləşdirib geri qayıdır, mən də tam rahat oluram..

Qohumumun bu dəfəki, zəngi isə əsəbimi son həddə çatdırır, beynimi qıcolmaya yaxın bir vəziyyətə gətirir. Bu dəfə məlum olur ki, başqa bir qonşum aramızda olan yolu zəbt edib.

Mən təbii ki, tez ora yollanıram və baxıb görürəm ki, təzə qonşum doğrudan da yolu tutub, ”sərhədlərimizi” birləşdirib.

Həmin yolun tutulmasıyla o biri qonşulara və təzə tikililərə gediş - gəliş tamamilə kəsilib. Mən daha bərk sinirlənirəm, əsəblərimi cilovlaya bilmirəm, üzümü qonşumun həyətinə tutub hündürdən söylənirəm:

- Heç belə də şey olar, bir qarış torpağa görə də yolu kəsərlər.

Camaat bizdən ötrü yolunu gör nə qədər uzatmalıdır, bu qanunsuzluqdur..

Digər tərəfdən heç mən özüm də bir qarış torpağımdan keçmək fikrində deyiləm. Necə olursa olsun torpağımı itirən deyiləm.

Tez məmurun yanına yollanıram. Məmur bu dəfə hirsini cilovlayammayıb vulkan kimi üstümə püskürür:

- Sənin torpağın yerindədir?

Mən təsdiq əlaməti olaraq başımı yelləyirəm.

- Vəssəlam da, yoldur tutulub cəhənnəmə tutulub, sənə nə? Hamı necə, sən də elə!

Məmurun qəzəbli səsi məni yuxudan ayıldır.

Doğrudan da, yolun tutulmağının mənə nə dəxli var, qoy bu barədə başqaları düşünsün, camaat məndən ağılsız deyil ki, lazım gəlsə elə səslərini çıxardarlar da.

Amma düzgün də deyil axı, özbaşına götürüb yolu kəsəsən, öz xeyrin üçün başqalarına bu qədər ziyan vurasan, heç kim də dillənməsin.

Yenə də insanlarla aramda yaranmış çətin dilemma qarşısında qalıram.

Bir qədər götür- qoydan sonra öz – özümü sülhə çağırıram. Qərara gəlirəm ki, bütün bunlar mənlik deyil, mən özümü qorumalıyam, camaat necə mən də elə.

Mən ancaq payıma düşəni əlimdə saxlamalıyam, ancaq buna gücüm çatar.

Özümü müdafiə etməliyəm, hamı kimi axına qarışmalıyam...hamı kimi.

Mən insanam axı, özü də ki, şərqli!.
XS
SM
MD
LG