Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:32

İlham Əliyevin hakimiyyətə gəlişi


Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
Heydər Əliyev və İlham Əliyev, 21 mart 2003
Düz 7 il əvvəl avqustun 4-də, Azərbaycan parlamenti ABŞ-ın Klivlend xəstəxanasında müalicə olunduğu bildirilən mərhum prezident Heydər Əliyevin sərəncamı əsasında onun oğlu İlham Əliyevin Baş nazir seçilməsini təsdiq elədi. Onda müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırdı.

Əslində bir çoxlarına görə, bu prosesin əsası hələ 2002-ci ildə keçirilən referendumla qoyulmuşdu. O vaxt Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri Baş nazirə keçirdi.

Buna qədər isə bu imkan ilk növbədə parlament başçısına məxsus idi.

Həmin vaxt parlamentin spikeri isə Murtuz Ələsgərov idi. Ona isə bəzi ehtimallara görə hakimiyyətin özündə varis planına maneə kimi baxırdılar.

Beləliklə də konstitusiyaya edilən həmin dəyişiklik və bir il sonra da Klivlenddən gəldiyi bildirilən sərəncam əsasında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri, millət vəkili İlham Əliyev prezident səlahiyyətlərini icra etmək imkanı da əldə edirdi. İndiyə qədər də Baş nazir postunda əyləşən Artur Rasi-zadə isə o burulğanlı dönmədə səhhətiylə əlaqədar müvəqqəti olaraq tutduğu vəzifədən uzaqlaşdırılmışdı.

DEMOKRATİYA ÜÇÜN ARZUEDİLMƏZ PRESEDENT

Əli Kərimli
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi nəinki Azərbaycan, hətta region və bütünlükdə müsəlman dünyası üçün arzuedilməz presedent yaratdı:

«Çox təəssüf ki, Şərqdə ilk demokratik respublika yaratmaqla məşhur olan Azərbaycan indi hakimiyyəti varis planı ilə atadan oğula ötürən bir ölkə kimi xarakterizə olunur».

SƏHHƏTİ HEYDƏR ƏLİYEVƏ QƏRAR QƏBUL ETMƏK İMKANI VERİRDİMİ?


Ancaq bu məsələ ətrafında mübahisələr təkcə bu prosesin demokratik prinsiplərə uyğun olub-olmaması üzərində getmir. Müxalifət o vaxt Klivlenddə müalicə olunduğu bildirilən prezident Heydər Əliyevin fəaliyyət imkanını itirmədiyinə ciddi şübhələr edirdi. Əslində o vaxt səhiyyə naziri işləyən və sonradan dövlət çevrilişinə cəhddə ittiham edilən Əli İnsanovun 2007-ci ildə keçirilən məhkəməsində bu məsələyə yönəlik açıqlamaları da həmin şübhələrin göydəndüşmə olmadığını göstərirdi. Əli İnsanov məhkəmədəki çıxışlarının birində iddia etdi ki, İlham Əliyevin Baş nazir təyin edilməsi ilə bağlı verilən sərəncamın qanuni əsası yox idi. Çünki sərəncamın parlamentə təqdim edildiyi vaxt mərhum Heydər Əliyevin fəaliyyət imkanını itirmədiyinə keçmiş Səhiyyə nazirinin özü də şübhə edirdi.

Musa Quliyev
Hakimiyyət düşərgəsində isə belə iddiaları çirkin uydurma adlandırırlar. Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Musa Quliyev deyir ki, Əli İnsanov Heydər Əliyevin vaxtında etimad göstərdiyi bir adam kimi gərək bu sözləri heç dilinə gətirməyəydi:

»Bu uşaq oyunu deyil ki?! Heydər Əliyev o vaxt ABŞ kimi bir ölkənin klinikasında müalicə olunurdu. Belə çıxır ki, bunu bir Əli İnsanov bilirdi, ancaq dünyanın fövqəl dövlətləri bundan xəbərsiz idi? Bu ola bilməz axı».

Ancaq müxalifət isə iddia edir ki, əgər Heydər Əliyev fəaliyyət qabiliyyətini itirməmişdisə, bu, xalqa açıqca nümayiş edilməliydi.

MÜXALİFƏT 4 AVQUSTDA MƏĞLUB OLDU?


Bu məsələ ətrafında diqqət çəkən məqamlardan biri də müxalifətin özünün onda prosesləri kənardan seyretmə yolunu tutması oldu. Bir çox ekspertlər indi düşünürlər ki, müxalifət o vaxt əslində oktyabrın 15-i, prezident seçkilərində yox bundan iki ay əvvəl-avqustun 4-ü Baş nazir təyinatı zamanı hadisələri kənardan izləməklə məğlub oldu.

İsrail Musayev
İndi müxalifət düşərgəsində belə bir fikir də dolaşır ki, o vaxt kütləvi etiraz aksiyalarına başlamaq haqda niyyət olsa da, bunu gerçəkləşdirmək mümkün olmayıb. Həmin fikirlərə görə, 7 il əvvəl müxalifətdən olan millət vəkilləri parlamentin daxilindən, yerdə qalan əsas qüvvələr isə onun qarşısından etirazlara başlamalıydı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bunun gerçəkləşməməsini o vaxt müxalifətin dağınıq vəziyyətdə olması ilə izah edir:

«O vaxt hakimiyyət avtoritar qaydada bir mərkəzdən idarə edilirdi. Müxalifət isə dağınıq idi. Bu isə sürətli qərarların qəbuluna mane olurdu».

«Alma» qəzetinin baş redaktoru İsrail Musayev isə deyir ki, o vaxt müxalifət həddən ziyadə təcrübəsiz olduğundan baş verənlərin nə qədər təhlükəli olduğunu dərk edə bilmədi. Üstəlik daxili ambisiyalar da buna mane oldu.

Ancaq İsrail Musayev düşünür ki, o vaxt bu prosesi reallaşdıran həm də xarici amillər idi. Onun fikrincə, regionda nüfuz sahibi olan beynəlxalq güclər dəyişikliklərdənsə, ən mütəşəkkil siyasi qüvvə olan Əliyevlərlə əməkdaşlığa üstünlük verdilər. Bu da onda hakimiyyətin atadan oğula ötürülməsinə imkan verirdi.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG