Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:44

Azərbaycan kimləri İrana verib?


Avqustun 11-də Azərbaycan həbsxanalarında cəza çəkən 14 iranlı məhbus öz ölkəsinə təhvil verilib
Avqustun 11-də Azərbaycan həbsxanalarında cəza çəkən 14 iranlı məhbus öz ölkəsinə təhvil verilib
«Bizim İrana verdiyimiz 14 məhbusun hamısı İran vətəndaşlarıdır və onların içərisində Livan vətəndaşları olmayıb».

Bu fikirləri AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Zavər Qafarov deyib.

Avqustun 11-də Azərbaycan həbsxanalarında cəza çəkən 14 iranlı məhbus öz ölkəsinə təhvil verilib. Həmin gün 2008-ci ilin oktyabrından İranda həbsdə olan azərbaycanlı fizik-alim Rəşid Əliyev də Azərbaycana verilib.

Amma bəzi xarici kütləvi informasiya vasitələri yazırlar ki, Azərbaycanın İrana təhvil verdiyi məhbuslardan ikisi 2008-ci ildə həbs edilən Livan vətəndaşlarıdır və onlar İsrailin Bakıdakı səfirliyini partlatmaq cəhdində ittiham olunaraq həbs ediliblər.

Zavər Qafarovdan Livan vətəndaşları olduğu bildirilən iki məhbusun adını çəkib, onların da İrana ekstradisiya olunanlar siyahlısında olub-olmadığını soruşduq.

Nazirlik rəsmisi əvvəlcə həmin adların siyahıda olduğunu təsdiqlədi, amma tez də dediklərini təkzib elədi.

Ekstradisiya olunan Ali Hassan (Nəciməddin Əli Hüseyn) və Məhəmməd (Kərəki Əli Məhəmməd)də İran vətəndaşları olub?

-Bəli, onlar da İran vətəndaşlarıdır... Əli Həsən demirəm, mənim yadıma gəlir kimdir, adını deyə bilmərəm sənə. Mən bilmirəm, biz verdiyimiz İran vətəndaşlarıdır. 14 adam vermişik, adları yadımda deyil.

- Deyirsiz onların içərisində Livan vətəndaşları yoxdur?

-Livan vətəndaşlarının olması mümkün olan söhbət deyil.

«Hizbullah»
«Bizim yol» qəzeti isə etibarlı mənbəyə istinadən sözügedən ekstradisiyanın hüquqi əsasının olmadığını yazıb. Qəzetin yazdığına görə, Livan vətəndaşları olmalarına baxmayaraq, İran tərəfi onların təhvil verilməsində israr edib.

Adı çəkilən hər iki Livan vətəndaşı 2009-cu ilin oktyabrında Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. «Bizim yol» qəzeti İrana ekstradisiya olunanlardan ikisinin məhz elə həmin şəxslər olduğunu yazır.

Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportları olub.

İstintaq müəyyən edib ki, Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn SEPAH, «Hizbullah» və «Əl-Qaidə» terrror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndərilib və onların sifarişilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalıymışlar.

Kərək Əli Məhəmməd istintaqa ifadəsində bildirib ki, İrana gələndən sonra İran vətəndaşı kimi adına SEPAH tərəfindən saxta sənəd düzəldilib və Azərbaycana göndərilib.

O bildirib ki, Azərbaycanda vəzifəsi İsrail səfirliyi, səfirliyə girib-çıxanlar barədə məlumat toplamaq və toplanmış materialları SEPAH-a ötürmək olub.

Əli Məhəmməd deyib ki, məlumatlar toplanandan sonra səfirlikdə terror törədilməsi barədə SEPAH-dan tapşırıq gəlməliydi.

O, Qəbələ RLS-in partladılması barədə SEPAH-dan tapşırıq almadığını və bu məsələdən xəbərsiz olduğunu bildirib.
XS
SM
MD
LG