Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:47

Ölkədə hemodializlə bağlı durum...


Əlibarat Ağayev
Əlibarat Ağayev
58 yaşlı Əlibarat Ağayev kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Qanının zəhərlənməməsi üçün onun süni böyrəyə ehtiyacı var. Buna görə də həftədə üç dəfə qanı süni yolla bədəndən çıxarılır, süni süzgəcdən keçirilərək yenidən bədənə qaytarılır. Qanı böyrəkdənkənar təmizləyən bu əməliyyat «hemodializ» adlanır.

Sabirabadın Ulacalı kənd sakini Əlibarat Ağayev bu əməliyyat üçün 400 kilometr yol qət etməli olub. Çünki onu hemodializ uçotuna yalnız Zaqatalada götürməyə razılıq veriblər.

Dediyinə görə, həftədə üç dəfə bu yolu gedib-gəlməsi qeyri mümkün olduğundan, 11 aydır ailəsindən uzağa - Zaqatalaya köçüb. Daha yaxınlıqdakı, məsələn, Şirvan şəhərində, yaxud Bakıdakı xəstəxanalarda isə qeydiyyata düşə bilmir:

ORA QEYDİYYATA DÜŞMƏYƏ 4 MİN - 5 MİN MANAT İSTƏDİLƏR


«Bizim ərazidə təkcə Əlibayramlıda dializ mərkəzi var. Ora qeydiyyata düşməyə 4 min - 5 min manat pul istədilər. Neçə dəfə müxtəlif xəstəxanalara, Bakıya da, Neft Şirkətinə də müraciət etmişəm, deyiblər yer yoxdur. Mən də məcbur olmuşam evimi-eşiyimi atıb, gəlib burda kirayə qalıram. Təkcə kirayəyə 120 manat pul verirəm, gündəlik xərclərimdən əlavə».

Əlibarat Ağayev ölkədə hemodializ uçotunda olan 1463 nəfərdən biridir. Ölkədə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı isə təxminən 1600 nəfərdir. Bu o deməkdir ki, 137 xəstə həyati əhəmiyyət daşıyan bu proseduranı ya keçmir, ya da baha qiymətə, özəl klinikalarda keçməli olur.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin Tibb Departamentinin apardığı araşdırmaların nəticəsinə görə, Azərbaycanda dializ xəstələri üçün lazımi şərait yaradılmayıb. Birliyin sədri İradə Cavadova deyir ki, xəstələrin qeydiyyatı, hemodializlə təmin olunma, prosesin həyata keçirilməsi zamanı bir çox pozuntular, çatışmazlıqlar mövcuddur:

HEMODİALİZLƏ BAĞLI DURUM ÇOX PİSDİR

İradə Cavadova
«Ölkədə hemodializlə bağlı durum çox pisdir. Ümumiyyətlə, bu cür xəstələrin bir çox problemləri var. Məsələn, hemodializdən əziyyət çəkən xəstələr məcburdurlar ki, rüşvət versinlər. Azərbaycanda bir çox Dializ Mərkəzləri açılıb, amma baş həkimlər bundan sui-istifadə edərək, insanların qeydiyyata alınması məsələsini bilərəkdən çətinləşdirirlər».

Səhiyyə Nazirliyinin rəsmisi Fariz Babayev dializ xəstələrindən hər hansı məbləğin tələb olunmasının mümkünlüyünə inanmır. O, nazirlikdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin qeydiyyata alınması və hemodializlə təmin olunması üzrə xüsusi komissiyanın rəhbəridir. Fariz Babayev xəstələrin qeydiyyata alınmasında yaranan problemləri yerlərin azlığı ilə izah edir:

XƏSTƏLƏRİN SAYI ÇOX OLDUĞUNDAN YER YOXDUR

«Azərbaycanın 56 rayonundan 11-də hemodializ mərkəzləri fəaliyyət göstərir. Ona görə də qalan 45 rayonun əhalisi məcburdur ki, digər rayonlara üz tutsun. Şirvan Diaqnostika Mərkəzində ətraf rayonların xəstə sıxlığı çoxdur. Şirvan şəhərinin əhalisindən başqa Cəlilabad, Salyan, İmişli, Hacıqabul, Saatlı hətta Kürdəmirdən bir neçə xəstə yaxın yerlərdə başqa mərkəzlər olmadığından Şirvanda cəmləşiblər. Şirvanda gün ərzində 60 xəstə yerləşə bilir, amma xəstələrin sayı çox olduğundan yer yoxdur».

Fariz Babayevin sözlərinə görə, indi vəziyyət bir neçə il əvvəlkindən qat-qat yaxşıdır. Azərbaycanda 2003-cü ildə dövlət tərəfindən yalnız 237 nəfər hemodializlə təmin olunurdu. Statistikadakı artımı Fariz Babayev həm xəstələrin sayının, həm də məlumatlılığının çoxalması ilə izah edir. Əvvəllər, belə müalicə növündən xəbərsiz adamlar sadəcə həyatları ilə vidalaşmalı olurmuş.

Azərbaycanda fəaliyyət göstərən 13 hemodializ mərkəzindən ikisi özəldir. Dünyanın bir çox ölkələrində, eləcə də Türkiyə və Rusiyada dövlət özəl klinikalarda hemodializ mərkəzlərinin yaradılmasında maraqlıdır. Bu sahədə araşdırma aparan «Ekspert» jurnalının redaktoru Dünya Sakit Azərbaycanda xəstəxanalarda boş yerlərin olmadığı bir halda dövlətin bu sahəni hələ də tam nəzarətdə saxlamasını və dünya təcrübəsindən yararlanmamasını başa düşülən saymır:

DÜNYANIN HEÇ BİR YERİNDƏ HEMODİALİZ TAM DÖVLƏTİN NƏZARƏTİNDƏ DEYİL

«Dünyanın heç bir yerində hemodializ tam dövlətin nəzarətində deyil. Özəl sektora şərait yaradırlar. Türkiyədə hansı bölgədə neçə dializ yerinə ehtiyac olduğu öyrənilir, sonra müsabiqə elan olunur və özəl şirkətlərə üstünlük verilir, şəraitlər yarıdılır, güzəştlər tətbiq olunur. Bu, həm dövlətə ucuz başa gəlir, həm də tibbi xidmət daha keyfiyyətli olur. Dünyanın bir çox yerlərində hemodializ mərkəzləri yaradan «Baxter», «Gambro» şirkətləri dəfələrlə daha əlverişli şərtlərlə Azərbaycanda da bu cür mərkəzlərin açılması ilə bağlı müraciət ediblər, amma buna da imkan verilməyib. Səbəbi məmurların marağında axtarmaq lazımdır».

Dünya Sakit deyir ki, Azərbaycanda bir hemodializ seansı digər ölkələrlə müqayisədə daha baha başa gəlir, amma buna baxmayaraq, tibbi xidmətin keyfiyyəti qat-qat aşağıdır.

Azərbaycanda bir hemodializ seansı digər ölkələrlə müqayisədə daha baha başa gəlir
Elə bir ildir böyrək çatışmazlığından əziyyət çəkən Rizvan Rəsulov dövlət tərəfindən ödənişsiz hemodializlə təmin olunmaq üçün qeydiyyata götürülsə də, bundan imtina edib. Həftədə 3 dəfə hər seansına 70 manat ödəməklə o, özəl klinikaya üz tutub. Deyir ki, bu ona baha başa gəlsə də dövlət müəssisəsində həyatını təhlükəyə salmaq istəmir:

ORA GETMƏYƏ QORXURAM

«Mən «Semaşko»da qeydiyyatda varam. Amma getmirəm ora, qorxuram getməyə. Bilirəm ki, orda personal zəifdir. Burdakı kimi baxa bilməzlər. Mənim ümidim yalnız buradır. Biz arzulayaq ki, pulsuzlarada da xidmət belə olsun, heç olmasa yarısı qədər olsun».

«Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı» çərçivəsində 2010-cu il üçün dövlət büdcəsindən bu sahəyə 19,8 milyon manat ayrılıb. 2006-2010-cu illəri əhatə edən bu proqramın icrasına indiyədək 61 milyon manat ayrılıb. 2011-ci ildən yeni dövlət proqramının icrası nəzərdə tutulub. Həmin proqrama əsasən daha bir neçə rayonda hemodializ mərkəzlərinin istifadəyə verilməsi gözlənilir.
XS
SM
MD
LG