Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:47

Herta Müller dünyanın ən qəddar diktaturasının sərhədində


Ötən həftə Nobel mükafatlı alman yazıçısı Herta Müller Cənubi Koreyaya səfər edib və səfər çərçivəsində Şimali Koreya sərhədinin bir neçə kilometrliyində yerləşən Imjinqakda da olub.

Yazıçı deyib ki, Imjinqakda onun ağlına gələn ilk şey Berlin divarı və Şimali Koreya diktaturasının törətdiyi dəhşətlər olub.

“Mən sərhədin o tayındakı diktaturanı aydın təsəvvür etdim və yeni müharibə təhlükəsini hiss etdim”.

“The Korea Herald” qəzeti yazır ki, Beynəlxalq Müqayisəli Ədəbiyyat Assosiasiyasıın 19-cu Konqresinə qatılan yazıçı həm də koreyalı heyranları ilə görüşüb, onların qarşısında ən son əsəri olan “Atemschaukel” (“Nəfəs al-nəfəs ver”) romanından və 1982-ci ildə buraxılan ilk kitabı - “Niderungen” (Çökəkliklər) hekayə toplusundan parçalar oxuyub.

“Atemschaukel” 1945-ci ildə SSRİ-yə - QULAQ-a göndərilən alman gəncin taleyindən bəhs edir.

“Niderungen” isə Çeuşesku diktaturası dönəmində Rumıniyadakı alman azlığının üzləşdiyi məhrumiyyətlər haqqındadır.

Müller 350 nəfərlik auditoriya qarşısında “Atemschaukel” romanından “Aclıq mələyi haqqında” bölümü oxuyub.

Bölüm real hadisələrə əsaslanır və ömrünün 5 ilini sovet düşərgəsində keçirmiş bir alman yazarın həyatından götürülüb.

1-ci şəxsin dilindən - sovet düşərgəsindəki aclıq və onun doğurduğu hallüsinasiya təsvir edilir.

“Əsərimdə yazdığım kimi aclıq insanlarda hallüsinasiya yarada və onları hətta qum yeməyə məcbur edə bilər.

Şimali koreyalılar güman ki bunun nə demək olduğunu yaxşı bilirlər”.

Rumıniya almanlarından olan və rumın kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etdiyi üçün işdən çıxarılan, təzyiqlərə məruz qalan Herta Müller 1987-ci ildə Almaniyaya köçüb.

2009-cu ildə Nobel mükafatına layiq görülüb.

Həmçinin
Herta Müller Nobel mühazirəsində sual verdi: ƏL DƏSMALIN VARMI?
Herta Müller Çinə qarşı sərt olmağa çağırır

XS
SM
MD
LG