Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:00

Elmar Vüqarlı "Paslı açarlar"















Paslı açarlar


Bakıdakı Təzə bazarda gördüyüm
mənzərədən sonra yazılıb
Təzə bazarın köhnə,
zir-zibil əşyalar satılan
unudulmuş hissəsi...

Burada hər şey köhnədi,
hətta satıcılar da.
Çünki onlar da
sahiblərinin unutduğu əşyalartək
çoxdan yaddan çıxarılıblar.
Hamısının üzündə
bir ifadə var:
Yoxsulluq!

Dünya öz yoluyla,
onlarsa öz yollarıyla gedirlər. Bazarın bu yerində
"piştaxta" – torpaq üzərinə dağıtdıqları
köhnə-kürüşü
satıcılar bir təhər
işə keçirirlər,
amma bir şeydən başqa:
Nimdaş, yırtıq kostyum-şalvar geyinmiş qocanın qarşısına qoyub satdığı
bir topa kilidsiz, paslı açarlardan başqa.

Hər kəs qocanın satdığı
kilidsiz paslı açarlara
maddım-maddım baxır,
əvvəlcə təəccüblənir,
sonra özünü toxtayır,
- əşi, başı çatmır,- deyir,
saymazyana yanından ötür.
Qocaysa gülümsəyir içində,
lakin kədər görmək olar
ikrah dolu əzəmətli üzündə...

Ey qoca, içində gülürsən,
çünki bu paslı açarların sirrini
təkcə sən bilirsən,
sən onların tarixini
özün qədər sevirsən.
Bilirsən ki, o kilidsiz açarlar
sevgiyə möhtac,
qayğıya susamış
evlərin açarıdır.

Bilirsən ki, o açarlar
haqsızlıqla canlar çürüdülən
ədalətsiz zindanların açarıdır.
Bilirsən ki, o açarlar
kabinetlər qarşısında tökülməkdən
özü-özündən həyalanan
abrımızın açarıdır.

Bilirsən ki, o açarlar
günü-gündən özgələşən,
düşkünləşən
ruhumuzun açarıdır,
daşdan çıxan ruzumuzun açarıdır...
Yox, qoca, yox!
Bunlar nədir ki...

O paslı açarların arasında
Qarabağda qoyub gəldiyimiz
mənzillərin də açarları var,
əlaltından satılmış
muzeylərin də açarları var,
hələ bir az eşələsək
Qarabağın da açarları var...

Ancaq, ey qoca, indi sən satdığın
itirilmiş açarların içərisində
bir açar yoxdur!
Çünki o heç vaxt da olmayıb,
o da ağlımızın
uzaqgörənlik açarı!


Xəzərlən qəlbimdə

Bəyaz gecələrin qoynunda
sevimli körpələrtək
əzizlən, oxşan!
Mürgü yuxulardan süzülüb gələn
zülmətli işıqsan,
aydınlan, nurlan!

Gəl susma,
gül, danış, unut hər şeyi,
xəzərlən qəlbimdə, ey əziz Neva!
Xəzan gəncliyimi boğub suyunda
ağlat gözümdəki donan yaşları!
Axı sən bilirsən –
Ruhumda boşluğu doldurmaq üçün
qəlbimdən nəyisə boşaltmalısan,
ağlat,
göz yaşlarım qoy yusun onu,
bu hissin nə adı,
nə ünvanı var...

Bu tutqun səmanın altında səssiz
öpüşək, dərdləşək qərib dost kimi.
Keçib hər şeyimdən alt-üst dünyamla
atıram ruhumu sənə daş kimi!
Xəzərlən qəlbimdə, ey əziz Neva!
XS
SM
MD
LG