Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 22:36

Tina Kaydanau Bakıya niyə gəlib?


ABŞ dövlət katibi müavininin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau
ABŞ dövlət katibi müavininin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau
ABŞ dövlət katibi müavininin Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanaunun Bakıya bir günlük işgüzar səfəri və keçirdiyi görüşlər günün müzakirə mövzuları sırasındadır. Onun Bakıya səfərinin mahiyyəti, Azərbaycan rəsmiləri və siyasi partiya rəhbərləri ilə görüşlərinə münasibət də birmənalı deyil.

Rəsmi məlumatlara görə, sentyabrın 8-də Tina Kaydanau Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin gedişi, regional və digər məsələlərdən danışılıb. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poloxovun sözlərinə görə, ABŞ rəsmisinin nazir Elmar Məmmədyarovla görüşündə də mövzu eyni olub:

«İkitərəfli münasibətlər, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi, regionda və qlobal ətrafda cərəyan edən proseslər».

AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərlə söhbətdən isə bəlli olur ki, Tina Kaydanau bu səfərdə həm də ölkədəki vəziyyət, qarşıdakı parlament seçkilərinə hazırlıq və digər məsələlərlə də maraqlanıb.

AZƏRBAYCAN HAKİMİYYƏTİ KONKRET ADDIMLAR ATMALIDIR

Müsavat başqanı İsa Qəmbər bu baxımdan ABŞ rəsmisi ilə görüşün maraqlı keçdiyini bildirir:

«İştirakçıların hamısı öz mövqeyini bildirdilər. Hesab edirəm bir daha təsdiq olundu ki, Azərbaycan hakimiyyəti 2010-cu il parlament seçkilərinə dair azacıq da olsa müsbətə dair bir rəy almaq istəyirsə, bunu yalnız beynəlxalq təşkilatlardan gözləməməli, özü konkret addımlar atmalıdır.

İsa Qəmbər
Azadlıqların artırılması, tərəflərə bərabər imkanların yaradılması, siyasi məhbusların, bloggerlərin, jurnalistlərin azad olunması və digər istiqamətlərdə çox müsbət dəyərləndirirəm bu görüşü».

BEYNƏLXALQ BİRLİK DƏ AZƏRBAYCANDAKI REJİMİN MAHİYYƏTİNİ ANLAYIB


AXCP sədri Əli Kərimli isə görüşdən sonra bu qənaətə gəlib ki, beynəlxalq birlik, eləcə də ABŞ Azərbaycanda parlament seçkilərinin demokratik keçməsi üçün səy göstərir. Onun fikrincə, artıq aradan keçən müddət ərzində beynəlxalq birlik də Azərbaycandakı rejimin mahiyyətini anlayıb. Amma əlbəttə ki, müxalifətdən və beynəlxalq aləmdən də önəmlisi xalqın özünün kütləvi şəkildə bu prosesə qoşulmasıdır.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə düşünür ki, ABŞ-Azərbaycan münasibətlərində hələ hər şey aydınlaşmayıb. Bu səbəbdəndir ki, Azərbaycana səfir təyin edilmək üçün namizədliyi təsdiqlənmiş şəxs ətrafında söz-söhbətlər, qalmaqallar da böyüməkdədir. Eyni zamanda ABŞ-ın bölgədəki maraqlarına dair rəsmi Bakı ilə fikir ayrılıqları qabarıq şəkildə özünü göstərir.

Bütün bunların fonunda hər iki dövlət sözdə bir-birini strateji tərəfdaş adlandırsalar da, gerçəklikdə aydınlaşdırılası xeyli məsələlər var. Və Tina Kaydanau da Bakıya bundan ötrü gəlib.

ƏSAS MƏSƏLƏ STRATEJİ MƏSƏLƏLƏRƏ DAİR FİKİR AYRILIQLARINI ARAŞDIRMAQDIR

Ərəstun Oruclu
«Tina Kaydanaunun Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərindən sonra Bakıya gəlməsi fikrimcə, ABŞ diplomatiyasının ölkə rəsmilərinin dilindən dövlətin mövqelərində bu və ya digər şəkildə dəyişiklik olub-olmamasını araşdırmaq məqsədi daşıyır. Müxalifətlə görüşlərə gəlincə, bu, ənənəvi haldır. Dövlət katibi xanım Klinton istisna olmaqla bütün ABŞ rəsmiləri Azərbaycana gəldikdə bəzən müxalifətlə görüşürlər, bəzən də yox. Bunun da heç bir əhəmiyyətini mən görmürəm. Çünki artıq Azərbaycanda parlament seçkilərinə iki aydan az vaxt qalmasına baxmayaraq, seçkilərin demokratik keçirilməsi üçün ABŞ-dan heç bir bəyanat səslənməyib».

Ərəstun Oruclu əlavə edir ki, əsas məsələ strateji məsələlərə dair fikir ayrılıqlarını araşdırmaqdır. Əgər mövcud fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olsaydı, yəqin ki, Hillari Klintonun Bakıya səfəri zamanı bu baş verərdi.
XS
SM
MD
LG