Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:24

Erlinq Borgen: «Azərbaycandan getdikdən sonra hədələr alırdım»


Erlinq Borgen
Erlinq Borgen
«İfadə azadlığı olmayan ölkəni sivil adlandırmaq olmaz».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında norveçli jurnalist Erlinq Borgen deyib. Azərbaycanda media azadlığı haqda çəkdiyi filmin yaxınlarda təqdim olunacağını deyən jurnalist təqdimat üçün Vilnüs şəhərini seçib. Film insan haqlarına dair konfrans çərçivəsində təqdim olunacaq:

«Bu tədbirin Vilnüsdə keçirilməsi onunla bağlıdır ki, orada Norveçin İnsan Haqları Evi şəbəkəsinin böyük bir konfransı keçirilir. Orada 18 ölkədən olan insan haqları evləri təmsil olunacaq. Mən həmin filmi məhz həmin konfrans çərçivəsində təqdim edilməsindən şərəf duyuram. Çünki insan haqları müdafiəçilərinə böyük hörmətim var. Onlar hər gün haqsızlıqlarla üzləşən adamları müdafiə edirlər».

Norveçli jurnalist Bakı aeroportunda başına gələnləri gülməli hadisə adlandırıb. O, filmin lent yazıları olan avadanlıqların orada «KQB polisi» tərəfindən oğurlandığını bildirir. Amma jurnalist deyir ki, bunlara baxmayaraq, o, lent yazılarını əvvəlcədən başqa vasitələrə köçürərək onları Azərbaycandan çıxara bilmişdi:

«Bu da imkan verdi ki, yay ərzində filmin montajını başa çatdırıb onu təqdim edə bilim. Filmin Vilnüsdə təqdimatı keçdikdən sonra o, Norveç televiziyasında nümayiş etdiriləcək. Bundan sonra isə Balkan ölkələrində onun göstərilməsi planlaşdırılır».

Jurnalist deyir ki, o, Azərbaycandan getdikdən sonra da ona olunan hədələr davam edib:

«Bakıdan getdikdən sonra mən gecə-gündüz müxtəlif zənglər alırdım və həmin zənglər hədələrlə dolu idi. Mən o zənglərin kimdən gəldiyini bilmirəm. Amma bu kifayət qədər narahatlıq doğurduğu üçün mən telefon nömrəmi dəyişməli oldum. Amma bunun baş verməsi vacib deyil. Vacib olan odur ki, mən bu filmi başa çatdıra bildim. Film jurnalist Eynulla Fətullayevin həbsi barədədir. Eynulla Fətullayevin həbsi qanunsuzdur. Mən ümid edirəm ki, bu filmin nümayişi onun azadlığa çıxmasına səbəb ola bilər. Çünki Eynulla Fətullayev jurnalistdir və yazdığı sözə, dediyi doğru sözə görə həbsdədir. Onun azad olunmasını Avropa İnsan Haqları Məhkəməsi də tələb etsə də, Azərbaycan hökuməti buna məhəl qoymur».

Filmin müəllifi bildirib ki, filmdə ümumiyyətlə, Azərbaycanda media azadlığına dair vəziyyət təsvir olunub:

«Film təkcə Eynulla Fətullayev barədə deyil, film həm də Azərbaycan mediasının durumu barədədir. Azərbaycan mediasının indiki vəziyyəti çox ağırdır. Eynulla Fətullayevin həbsi və jurnalistlərə qarşı fiziki hücumlardan başqa həm də AzadlıqRadiosu da daxil xarici radioların yerli dalğalarda yayımı qadağan olunub. Müxalifət qəzetləri ofislərindən çıxarılıblar. Jurnalistlərə qarşı davamlı təzyiqlər var. Bunlar ölkədə ifadə azadlığının olmamasından xəbər verir. İfadə azadlığı olmayan ölkəni isə sivil adlandırmaq mümkün deyil».
XS
SM
MD
LG