Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:33

«Bütün cəmiyyət zəhərlənib»


Siyavuş Kərimi
Siyavuş Kərimi
«İşdən sonra»nın qonağı Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimidir.

- Kino musiqisindən danışaq. Kino musiqisi nə dərəcədə vacibdir və indi Azərbaycanda kino üçün musiqi yazan bəstəkarlar kimlərdir?

- Musiqi filmdə çox vacib və həlledici məqamdır. Nəinki musiqi, bütün istiqamətlər, hər hansısa bir istiqamət zəif olanda o, əlbəttə ki, o filmin sonrakı taleyinə öz təsirini göstərir. Amma bu sferalar hər biri güclü olanda o filmi daha da gücləndirir, daha da emosionallaşdırır. Və bu işi mən çox sevirəm və böyük məmnuniyyətlə bu gün də işləyirəm. Hazırda daha bir film üzərində iş gedir. Düşünürəm ki, çox yaxın zamanlarda bizim tamaşaçılar çox maraqlı filmlə üzləşəcək. Çox bəstəkarlar bu gün filmə mahnı yazır. Amma bilirəm ki, son zamanlar bu sferada ən məhsuldar bəstəkar Emin Sabitoğlu idi. Hazırda film musiqi üzərində mən işləyirəm. Açığı filmlər bir o qədər çox çəkilmir ki, onların bəstəkarlarının sayı haqda da mənim məlumatım olsun. Amma mən sizə deyim ki, iki ay ərzində mən 3 film musiqisi işlədim.

- Bu, az deyil, məncə.

- Mənə elə gəlir ki, həddindən də artıq çoxdur. Amma əgər müraciət varsa, deməli, nəyəsə nail ola bilmişəm.

- Kino musiqisini dedik, bəs Azərbaycanda son vaxtlar yaradılan musiqi barədə nə deyə bilərsiniz? Müasir Azərbaycan musiqisi yenədəmi xalq musiqisinin davamıdır, yoxsa tamamilə yeni bir şeydir?

- Bilirsiniz bu məsələni müxtəlif cür yozmaq olar, müxtəlif cür hallandırmaq olar. Amma mənim buna yanaşmam bir az real yanaşmadır. Azərbaycanlılarda bir gözəl misal var: nə tökərsəm, aşına, o da çıxar qaşığına. Biz bu gün Azərbaycan musiqisinin durumunu yalnız televiziyalar vasitəsi ilə izləyirik. Televiziya bizə hansı musiqini təqdim edir, biz o musiqiyə qulaq asaraq ümumiyyətlə Azərbaycanda musiqi durumu barədə mülahizə yürütməyə başlayırıq. Amma əslində bu belə deyil. Çünki televiziyanın yəqin öz musiqi siyasəti var. Əslinə qalanda Üzeyir Hacıbəyov hələ vaxtı ikən demişdi ki, Azərbaycan musiqisi o qədər zəngindir ki, bunu nə qədər istəyirsən oğurla, sonu qurtarmaz. Bunun sonu yoxdur, bunun qurtaracağı yoxdur. Yəni Azərbaycanda musiqi indiyə qədər yazılıb. Çox gözəl musiqilər yazılıb. Onlar indiyə qədər yaşayır. Amma bununla bərabər müxtəlif janrlarda, o cümlədən həm klassik janrda, həm müasir janrlarda yeni musiqilər meydana gəlir. Bu, təbii prosesdir. O cümlədən xalq musiqisi, o cümlədən muğam musiqisi bunlar ölməz sənətlərdir. Təbliğat məsələsinə gəldikdə, əlbəttə ki, televiziyaların musiqi təbliğatı istiqamətində bir balaca bu siyasəti çox yüksək səviyyədə aparmaqlarına böyük ehtiyac var.

- Necə? Bunu nə şəkildə etsinlər?

- Televiziyanın əsas məqsədi nə olmalıdır? İlk növbədə maarifləndirmə olmalıdır, mədəniyyətin tərbiyəsi olmalıdır. Amma çox televiziyalar artıq bu sferaları unudub, daha çox kommersiya istiqamətində iş görürlər. Cəmiyyətin marağına uyğun musiqi təbliğ edirlər. Amma əksinə olmalıdır. Cəmiyyət səviyyəli musiqilərlə tərbiyələndirilməlidir. Mən bunu belə başa düşürəm. Hər halda sovet dövrünün bir məhsuluyam. Və sovet dövründə qulaq asdığımız və eşitdiyimiz musiqilərin dəyərini bilirik. Və bu gün də o dəyərlərlə yanaşırıq və istəyirik ki, gənclər də bu dəyəri bilsinlər. Amma hər halda çox acınacaqlı faktlar olur ki, məsələn gənclər nəinki, Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Şövkət Ələkbərovanın kim olduqlarını bilmir, bəzən də buna qarşı çıxırlar ki, bəs nə qədər Rəşid Behbudov olar deyirsiniz. Bu gün bizim digər gözəl ifaçılarımız var. Halbuki mənim sadaladığım adlar Azərbaycan musiqi mədəniyyətinin zirvəsidir.

- Gəlin bir az tənqidi yanaşaq məsələyə. Mahnıların bir az ictimai yükü olsa, pis olmaz. İncəsənət adamları nəyəsə sövq etməlidir, nəyəsə ruhlandırmalıdır, yəqin ki.


- Təbii ki. Bu həmişə olub, indi də var. Əmək mahnıları, qəhrəmanlıq mahnıları, vətən haqqında mahnılar olub. 60, 70, 80-ci illərin əvvəlləri Azərbaycan mədəniyyətinin pik dövrü idi. Və bu danılmaz bir faktdır. Bu günə qədər bütün dünyanın hər yerində harada ki Azərbaycan bəstəkarlarının, Fikrət Əmirovun musiqisini eşidirlər, deyirlər ki, aman Allah, belə musiqi olarmı? Bunu azərbaycanlı demir. Onu digər xalqların nümayəndələri deyir. Mən bunun dəfələrlə şahidi olmuşam. Onlar hamısı Azərbaycan milli musiqisinin kökündə musiqini yaradıblar. Üzeyir bəydən başlayaraq. Mən çox fəxr edirəm ki, mən Rəşid Behbudovla, Fikrət Əmirovla, Tofiq Quliyevlə dəfələrlə canlı ünsiyyətdə olmuşam. Mən bu fəxarəti ömrümün son dəqiqəsinə qədər aparacağam. Mən öz övladlarımı da bu səmtdə tərbiyə edirəm və etməyə çalışıram. Deyir keçmişini unudanın, gələcəyi olmaz. Bu Azərbaycanın musiqi keçmişi çox gözəl idi. Mən musiqiçiyəm. Musiqidən danışa bilərəm. İqtisadiyyatdan və yaxud da siyasətdən danışa bilmərəm.

- Dinləyici yazır: Azərbaycanda özünüzü azad və xoşbəxt hiss edirsinizmi? Edirsinizsə, o hansı xoşbəxtliklərdir?


- Mən ilk növbədə Yer kürəsində yaşayıram. Və çox sevinirəm ki, Yer kürəsinin cənnət bir guşəsində yaşayıram. Mən azərbaycanlıyam. Mənim damarlarımda azərbaycanlı qanı axır. Mən öz millətimi də çox sevirəm, vətənimi də çox sevirəm. Sevdiyim işlə, sevdiyim sənətlə məşğulam. Azərbaycan musiqisi ilə məşğulam. Dünyanın əgər 5 gözəl musiqisi varsa, onlardan biri Azərbaycan musiqisidir. Mən bu musiqi ilə məşğul olaraq necə yəni xoşbəxt olmayım? Bu bir. İkinci, mən bu gün ali məktəbə rəhbərlik edirəm. Ali məktəbdə mənim tələbələrim var. Və çox gözəl musiqiçilərdir. Onlar Azərbaycan musiqisini dünyanın hər bir bucağına aparırlar və hər yerdə də təmsil edirlər, hər yerdə təbliğ edirlər. Mən yüzlərlə məktub alıram. Bizim konservatoriyanın tələbəsi birinci olaraq dünyada keçirilən ilk muğam festivalının qalibi oldu. Təyyar Bayramov. Mən buna necə sevinməyim? Özümü necə xoşbəxt hiss etməyim? Əgər xoşbəxtlik gözəl mənzildə, sarayda yaşamaqdadırsa, 80 dənə maşınının olmağındadırsa, yəni kim özünü nə cür xoşbəxt hiss edir. Mən özümü çox xoşbəxt hiss edirəm. Mən özüm çox sadə yaşayıram. Mənim nə sarayım var, nə çoxmərtəbəli evim var. Mən sadəcə 2 otaqlı mənzildə yaşayıram. Və bununla mən kifayətlənirəm. İnsanların mənə münasibəti, mənə sevgisi, tələbələrin mənə məhəbbəti mən bunların hamısını görürəm, hamısını hiss edirəm. Mən necə xoşbəxt olmayım?

- Siz həm də tarzənsiniz. Son zaman nə zaman almısınız tarı əlinizə?


- Bax burda siz düppədüz dediniz. Tarı əslində dünən... O da ki, tam təsadüfi. Mən başqa bir yerdəydim. Çoxlu tarlar gördüm maraqlandım. Tara baxdım, öz fikrimi söylədim. Çünki bizim institutda milli musiqi alətlərini təkmilləşdirilmə prosesləri də gedir. Amma çalğıya qalanda mən artıq yəqin ki, 10 ildən artıqdır ki, heç tar çalmıram. Düzdür, muğam müsabiqələri zamanı özüm tarı götürüb televiziyada oxuyanları müşayiət edirdim. Amma görürəm ki, artıq barmaq o barmaq deyil, bilək əvvəlki bilək deyil. Əvvəlki o itilik yoxdur. Musiqi ilə məşğul olmaq idman kimi bir şeydir. Onunla gündə məşğul olmalısan. Məmurluq işi bu barədə bir balaca artıq bu sahədən bir neçə addım artıq geri atıb. Düzdür bayaq dediyim kimi kinoya musiqi yazıram. Fortepiano ilə təmasım mənim daha çox olur. Amma mən dünən fikirləşdim ki, artıq ay yarımdır mən alətə yaxın gedə bilmirəm. İmkanım yoxdur. Zamanım çatışmır.

- Bu menecer işləri, konservatoriya rektorluğu həm də çoxlu inzibati iş deməkdir.


- Ümumiyyətlə məmurluq işinin prinsipi elədir ki, bu iş öz iş otağında görülmür. Bu iş otağından kənarda görülür. Müxtəlif görüşlərdə, müxtəlif söhbətlərdə. Telefonla heç nəyi həll etməyəcəksənki?

- Axı siz niyə məmur oldunuz?


- Mən məmur heç vaxt olmazdım. Amma bu Milli Konservatoriya yarananda mən ümummili liderimizlə görüşdüm. O mənə öz tövsiyələrini və öz fikirlərini söylədi. Bundan sonra elə bil mənim daxilimdə çevriliş baş verdi. Mən başa düşdüm ki, bu iş nə qədər müqəddəs bir işdir. Və hər halda hesab edirəm ki, dünyada müəllimlikdən müqəddəs bir vəzifə ola bilməz və yoxdur.

- Bu görüşə qədər sizin bu qənaətiniz yox idi?


- Bu görüşə qədər ümumiyyətlə mən 20 ildən artıq konservatoriyanı bitirmişdim və bir gündə olsun müəllim işləməmişdim.

- Görəsən, Heydər Əliyev sizə nə demişdi?


- Ulu öndər Azərbaycan milli musiqisinin böyüklüyü, onun əzəməti haqda, onun dünya mədəniyyəti səviyyəsində mühüm yeri olduğunu tam açıqlığı ilə mənə dedi. Əslində o, bizim bildiyimiz şeyləri, bizim öyrəndiyimiz şeyləri bir daha bizim yadımıza saldı. Və öz pozisiyasını, öz fikrini də söylədi. Bu, çox vacib idi.

- Məndə belə təəssürat yaranır ki, əgər bu görüş olmasaydı, siz işinizin öhdəsindən pis gələrdiniz.


Bakıda Milli Musiqi Günü, 18 sentyabr 2009
- Xeyr. Mən işimin öhdəsindən pis gələcəkdimsə, elə əvvəlcədən məni təyin eləməzdilər. Mən, ümumiyyətlə, ulu öndərlə buna qədər də çox-çox görüşmüşdüm. Mənim yaradıcılığımdan xəbəri olan bir insan idi.

- Sizin oğlunuz da bəstəkardır. Emin Kərimi.


- Bəli. O, yaxşı musiqiçidir. Bilirsiniz bəstəkar sözü... Nizami Gəncəvi, Füzuli şairliyi bitirməyib. Amma xalq o sözü deyib. Ələkbər Tağıyev heç zaman Bəstəkarlar İttifaqının üzvü olmayıb. Heç konservatoriyanı da bitirməyib. Amma xalq bu gün onun mahnılarını dönə-dönə, sevə-sevə oxuyur. Ələkbər Tağıyev artıq çoxdiplomlu bəstəkarlardan fərqli olaraq xalqın böyük bəstəkarıdır. Əgər fikrimlə razısınızsa.

- Oğlunuz Emin Kərimi sizin bəyənmədiyiniz tele-efirdən səslənən müğənnilərə mahnılar yazır.


- Mən demədim ki, mən onları bəyənmirəm. Siz niyə mənə böhtan atırsınız? (gülür)...Mən bəyənirəm də demədim. Mən dedim ki, mənim fikrimcə, mənim prioritetim Rəşid Behbudovdur, Şövkət Ələkbərovadır, Xandır, Fikrət Əmirovdur, Üzeyir bəydir, Niyazidir. Çünki bunların musiqisində səslənən o tərbiyə bu gün məndə yaşayır. Dünyada şou-biznes var. təbii ki bu bizdə də olmalıdır. Amma bunların içində yaxşısı var, pisi var. Sizin xoşunuza gələn kiminsə xoşuna gəlmir, sizin xoşunuza gəlməyən kiminsə xoşuna gəlir.

- Oğlunuzun bəstələrindən xoşunuz gəlirmi?

- Mən onu tam demokratik şəraitdə böyütmüşəm. Mən ona heç vaxt təsir göstərməmişəm. Həmişə qorxmuşam ki, ona Emin kimi yox, Siyavuş Kəriminin oğlu kimi münasibət bəsləyərlər. Çalışmışam bu, onda olmasın. Onu bu hisslərdən hifz edim. Və mənə elə gəlir alınıb. O, çox azad bir şəkildə böyümüş bir insandır və o, çox müstəqildir. Özünün əsərləri var. özü yazır, özü pozur. Əlbəttə ki, nəsə lazım olanda məndən soruşur, məsləhət alır. Cavan oğlandır. Bu gün bunlar hamısı kommersiyadır. Bundan istifadə edərək çox yaxşı pul qazanır.

- O çox qazanır, yoxsa siz?


- Əlbəttə ki, o. Onun maşını da var. Hər şeyi də var. Mən özüm də hərdən deyirəm ki, məni də bu işə cəlb edin, bir-iki dənə mahnı yazım. Mahnının biri 3 min, 5 min, 4 min. Belə rəqəmlər biz görməmişik. Mahnı yazırdıq, dövlət bizdən alırdı 45 manata, 70 manata. Amma bugünkü rəqəmlər açığı məni dəhşətə gətirir. Düzdür, bəlkə, elə belə lazımdır. Əslində elə belə də lazımdır. Çünki hansısa bir əsəri aranjeman edəndə onda biz bu aranjemana partituranı təqdim etməklə, onda bu radio və televiziya komitəsində idi, bu əsərə 45 manat cəmi pul yazılırdı. Amma bugünkü aranjeman heç bir partiturasız, heç bir notsuz, sadəcə kompüterdə yığıb, yazıb vermək hardasa 1500-2000 manatdır. Görürsünüz bu nə qədər böyük rəqəmdir? Ona görə bu gün şou-biznesdə çox böyük rəqəmlər fırlanır. Və ona görə də o, yəqin ki, bu işlə daha çox məşğul olur. Çünki onun izafi xərcləri çoxdur.

- Bu da reallıqdır ki, tələbat var. Bu kimin günahıdır ki, belə tələbat formalaşıb?


- Mən söylədim. Bunların hamısını mən günahlandırıram... Olmalıdır, olsun. Təbliğ olunsun. Mən bir söz demirəm. Lap küçədən keçən olsun. Heç musiqiyə aidiyyatı yoxdur. Əgər o, gözəl oxuyursa və gözəl mahnı çıxarırsa ortalığa, gəlsin oxusun. Nə eybi var ki bunun?

- Yəni telekanallar günahkardır?


- Mütləq.

-Bunu necə edirlər?

- Onların təbliğ elədiyi musiqi proqramları ancaq dava –qırğınla müşayiət olunur. Bu da cəmiyyətdə maraq oyadan bir problemdir. Bu proqramlar evdar qadın- veteceynerlərin proqramıdır. Artıq bütün cəmiyyət zəhərlənib. Həqiqətən də, bu belədir. Ziyalılar çox şikayətlənirlər. Olmalıdır. Amma hər şey balanslaşdırılmış formada təbliğ olunmalıdır. Bunun muğamı da... Muğam bu gün başlayıb həddən artıq, hətta bəzən ifrat dərəcədə artıq başlayıb təbliğ edilməyə. Sağ olsunlar. Muğam qalxdı. Dəstək olundu muğama. Fond çox yaxşı dəstək elədi, Mehriban xanım çox yaxşı dəstək elədi. Amma bəziləri bundan başlayırlar artıq sui-istifadə etməyə. Düzgün eləmirlər. Hər şeyin, çox gözəl Azərbaycan sözü var- əndazə, hər şeyin əndazəsi olmalıdır. Çox şirin atarsan çayın içinə, sonra onu içə bilməzsən.

- Amma, bəlkə, haqsızlıq edirsiniz telekanallara qarşı? Çünki telekanallara belə buraxılmayan mahnılar var ki, yəni o dərəcədə idbardırlar ki, onlar da göstərmirlər, onlar da səsləndirmirlər. Amma onları nəqliyyatda insanlar dinləyirlər.


-Bəli. O musiqilər də var. Bu, reallıqdır. Bunu başa düşmək olar. Marşrut şoferinin bəzisinin aşıq mahnısından xoşu gəlir, birinin cazdan xoşu gəlir, kiminsə ay nə bilim qırmızı nolyeddidə mahnısı...

- Siyavuş müəllim, «siz xodda maşını Nabrana sür» mahnısını eşitmisiniz?


-Yox. Bilmirəm. Belə şeylər xalq yaradıcılığıdır. Mən ictimai nəqliyyatdan az-az istifadə etdiyimə görə, demək olar ki, istifadə etmədiyimə görə bu mahnıları eşitmirəm. Amma mərkəzi meydanlardan keçəndə belə mahnılar eşidilir. Bu, var.

- Və onun maliyyə tərəfi də var. Misal üçün, deyirlər, Manaf Ağayev ən çox pul qazanan müğənnilərdəndir.

- Təbii. Dünyada artistlər, aktyorlar, bütün musiqi ifaçıları heç vaxt konsert yaradıcılığından pul qazanmırlar. Onlar hamısı disk satışından pul qazanırlar. Deməli, belə qənaətə gəlmək olar ki, əgər belə musiqiyə böyük tələbat varsa, deməli, cəmiyyətin, bu insanların musiqi səviyyəsi həmin səviyyədədir. Kimi o səviyyəni özü üçün yüksək qəbul edir, kimi onu heç qəbul eləmir.

- Dinləyici yazır: Siz Milli Məclis üzvlərinə hansı adı verərdiniz? Xalq artisti, yoxsa həvəskar artist?

-Əgər parlamentdən söhbət apara bilsəydim, yəqin ki, mən gərək parlamentin üzvü olaydım. Mənim çox yaxşı bir neçə deputat dostlarım var, onlarla görüşürəm və onları çox yüksək səviyyəli adamlar hesab edirəm. Və onların mədəniyyətinə də bələdəm.

- Dinləyici yazır: Son vaxtlar bəzi insanlara xalq artisti adı verildi. Mən bu xalqın nümayəndəsi olaraq belə artistimə görə utanıram. Bir də bu yaxınlarda Üzeyir Hacıbəyovun yubileyi keçirildi, amma onunla eyni ildə, eyni gündə anadan olan Müslüm Maqomayev kölgədə qaldı. Bəziləri hətta baba Maqomayevlə, nəvə Maqomayevi səhv salırlar. Maqomayevin ruhunu deyə bilmərəm, amma mən incidim.

- Mən nəinki bununla, çox şeydən inciyirəm. Mən inciyirəm ki, Qara Qarayev deyəndə mənə deyirlər ki, bəli, bilirik, o, neftçidir. Və yaxud deyirlər metro stansiyasıdır. Kimsə demişdi Fikrət Əmirov futbolçudur. Gənclərin ümumiyyətlə mədəniyyət haqda heç bir informasiyası yoxdur, olmur. Onların mədəniyyət informasiyası yalnız bugünkü şou-biznesdir. Xalq artisti məsələləri ilə mən sizinlə tam razıyam. Mən bu barədə fikrimi sizi rahatlaşdırmaq üçün deyərəm. Azərbaycan musiqi mədəniyyəti tarixində çox ifaçılar, xanəndələr, müğənnilər, musiqiçilər olub. yüzlərlə xalq artisti olub. Əməkdar artistlər olub. Amma təbiətin qanunu var, bir gün gələn, bir gün getməlidir. Bu artıq qəbul olunmuş bir formadır. Amma xalq artistləri var ki, onlar yaşayacaq. Ömür boyu yaşayacaq.

-Sizcə, prezident bu fərmanları imzalayarkən siyahıda adları olanları dinləyibmi?


- Əvvəla, o da canlı bir insandır. Prezident olanda nə olar ki? O da musiqiyə qulaq asmalıdır. O da çörək yeyir, o da su içir, o da televizora baxır. Amma ki, yəqin ki, fərmanı hazırlayan qurumlar var ki, bu, indi prezidentin işi deyil ki, durub bir-bir hər kəsin yaradıcılığını izləsin. Buna olar, buna olmaz. Sadəcə hansısa bir gün gəlir və bu münasibətlə ona hazırlanıb təqdim olunur. Və prezident ona imza qoyur. İndi prezident hər birini müzakirə etmir ki? Bu prezidentin işi deyil.

- Sizin bu prosesə hər hansı bir təsir göstərmək, məsləhət vermək imkanınız yoxdurmu?


- Mən öz qurumuma, ümumiyyətlə milli musiqi ifaçılarına cavabdehəm. Öz qurumum tərəfindən. Yəni ki, məndən başqa filarmoniya da var, digər mədəniyyət ocaqları da var. Amma hər halda mən milli musiqidə işləyən, zəhmət çəkən və bu gün ifaçılıqdan başqa pedaqoji fəaliyyətdə hansısa nəticələr əldə edən insanların təqdimatlarını təqdim edirəm öz nazirliyimizə. Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə. Nazirin qəbulunda öz fikrimi söyləyirəm. Və hesab edirəm ki, bu insanlar bu ada layiqdirlər və xahiş edirəm ki, hökumət qarşısında bu vəsatəti qaldırasınız.

- Dinləyici yazır: Zövqsüz mahnılar oxuyan Üzeyiri tanıyan amma Üzeyir Hacıbəyovun kim olduğunu bilməyən gənc görmüşəm. Ruslar bu yerdə deyir «priexali».


- Mən Üzeyirin mahnılarını eşitməmişəm. Amma televizora baxıram, orada telefonlarınızda bu musiqini qoymaq istəyirsinizsə, bu sms-i yığın kimi roliklər gedir. Orada Üzeyir səslənir. Siz dediyiniz Üzeyir. Onun mahnısından da bir qırıq da verirlər və açığı mənim əsəbdən gülürəm. Ümumiyyətlə, gülməyi sevən adamam. Yəqin ki, gülüş istehzadır, özümüz-özümüzə yönəlmiş bir istehzadır. Əlbəttə ki, bu, faciədir. Bunu öz telefonunda dinləyən insanın azərbaycanlı olduğuna mən çox inciyirəm. Əlbəttə ki, o, Üzeyiri yox, Hacıbəyov Üzeyiri dinləmək lazımdır. Çünki ilk növbədə orada tərbiyə var.

- Belə bir fikir də var ki, insanların təhsilsizləşdirilməsi, bunun da nəticəsində mütiləşməsi, haqlarını bilməməsi, məlumatsız olması üçün məqsədyönlü siyasət yürüdülür.


- Mən sizinlə razı deyiləm. Mən özüm təhsil işçisiyəm. Özüm ali məktəbdə işləyirəm.

- Sizdə rüşvət yoxdurmu?


- Bunu demək bir az çətin məsələdir. Bizdə çox sayda nüfuzu olan, böyük mədəniyyətə malik müəllimlər var. Yaxşı müəllim kontingentimiz var. Tələbələrini sevən, öz elmini tələbələrinə verən. Təbii ki, meşə çaqqalsız olmur. bu gün hansısa müəllim hansısa bir hərəkət edirsə, digər müəllimlərə kölgə düşür. Bu, nə qədər düzdür? Bəyəm tək məktəbdə olur bu? Bəyəm küçədə gedərkən avtomaşın sürəndə QAİ sizi saxlayıb, hərdən nəsə istəmir? Onların maaşları da yüksəkdir. Nə bilim başqa yerdə. 50 dənə sahə var.

- Dinləyicimizdən biri sizinlə razıdır ki, toyxana musiqisi tüğyan edir. Amma o bu məsələdə həm də sizi günahkar sayır.


- Təbii. Əgər mən bu sferanın aparıcı şəxslərindən biriyəmsə günahı mən inkar edə bilmirəm. Amma mən öz gücüm səviyyəsində bununla mübarizə aparıram. Və çox əfsusu olsun ki, mənim gücüm televiziyanın gücündən qat-qat aşağıdır.
XS
SM
MD
LG