Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:30

TV-lər gizli təşviqatla məşğuldur?


«AZTV seçki prosesini işıqlandırmağa daha çox meylli olmalıdır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında RATİ-nin media monitorinqi üzrə proqram koordinatoru Rəsul Cəfərov deyib.

Seçkilərin monitorinqi və demokratiyanın tədrisi mərkəzinin hüquqşünası Azər Qasımov bildirib ki, dövlət büdcəsindən maliyyələşən teleradio şirkətləri bu prosesdə iştirak edə bilməz.

QANUNUN MƏNTİQSİZ MÜDDƏASI

Rəsul Cəfərov isə qanundakı bu müddəanı məntiqsiz hesab edir:
Rəsul Cəfərov


«AZTV daha çox meylli olmalıdır. Çünki o, Azərbaycan Respublikasının vətəndaşlarının ödədiyi vergilər hesabına formalaşan büdcədən maliyyələşir. Bu qanuna konkret olaraq belə bir müddəa daxil edilibsə, bu, həqiqətən də bir məntiqsiz müddəadır».

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədli isə bildirib ki, qanunvericiliyə uyğun olaraq İTV seçki blokları və namizədlər üçün efir vaxtı ayıracaq. Bundan başqa həmin televiziya ödənişli əsaslarla da efir vaxtı ayırmağı nəzərdə tutur.

İTV HƏR KƏSƏ BƏRABƏR İMKAN VERƏCƏK

«Pullu efir vaxtı bundan öncəki seçkilərdə olduğu kimi İctimai Televiziyada ayrılacaq və həmin pullu efir vaxtından bütün tərəflərin bərabər şəkildə istifadə etmək hüquqları tanınır».

Tahir Məmmədli deyib ki, ödənişli efir vaxtının qiymətləri İctimai Televiziyanın direktorlar şurasının toplantısından sonra müəyyənləşəcək.

«Təqdim olunan qiymətlər normal reklam qiymətlərindən baha olmayacaq. Hər halda, seçki kampaniyasına qatılan namizədlərin özlərinin büdcəsi, onları namizəd kimi dəstəkləyən tərəflərin büdcəsi buna imkan verər ki, onlar pullu efir vaxtından istifadə etsinlər. Təbii ki, bu, könüllü məsələdir və onların hüququdur».

İctimai Televiziyanın departament rəhbəri bildirib ki, heç bir namizədə fərq qoyulmayacaq, onlar üçün bərabər imkanlar yaradılacaq. Güzəşt nəzərdə tutulsa, namizədlərin hamısı bundan yararlana biləcək.
Azər Qasımov

QİYMƏTLƏR NAMİZƏDLƏRİN CİBİNƏ UYĞUN DEYİL

Seçkilərin Monitorinqi və Demokratiyanın tədrisi Mərkəzinin hüquqşünası Azər Qasımov isə deyib ki, reklam qiymətləri bir çox namizədlərin cibinə uyğun deyil.

«Biz seçki məcəlləsinə təklif etdik ki, bu qiymətlər reklam qiymətləri ilə eyni olmasın. Çünki bu kommersiya fəaliyyəti deyil. Kommersiya gəliri olmur burda. Bu, ictimai bir fəaliyyətdir və hər bir vətəndaş üçün, hər bir namizəd üçün bu, əlçatan bir qiymət olmalıdır. Bir dəqiqəsi 500 manat əksər namizədlər üçün həddən artıq böyük qiymətdir. Buna görə biz bunu Seçki Məcəlləsinə təklif etdik, ancaq təssüflər olsun ki, Milli Məclis bu təklifi qəbul etmədi».

Hüquqşünas bildirib ki, bu qiymətlərin təyin olunması telekanalların özlərindən asılıdır.

«Telekanallar istəsələr, bu qiymətləri aşağı saxlaya bilərlər. Yəni onlar üçün maksimum hədd qoyulmur. İstənilən minimum həddi qoya bilərlər. Qanunda dəyişiklik olsa, daha yaxşı olar».

HANSI TV-LƏR GİZLİ TƏŞVİQATLA MƏŞĞULDUR?

RATİ-nin media monitorinqi üzrə proqram koordinatoru Rəsul Cəfərov monitorinq ərəfəsindəki televiziyalardakı neqativ hallardan danışıb. O deyib ki bəzi televiziyalar gizli təşviqatla məşğuldurlar.
Tahir Məmmədli


«Neqativ tendensiya ondan ibarətdir ki, faktiki olaraq hakim qüvvələrin yenə təbliğatı aparılır. Çünki biz bilirik ki, ölkə başçısı eyni zamanda Yeni Azərbaycan Partiyasının sədridir. Və YAP artıq parlamentdə iştirakla bağlı qərar verib və artıq xeyli sayda sırf namizəd kimi təsdiqlənib. Ölkənin birinci xanımı da faktiki olaraq namizəddir və namizəd olaraq xüsusilə dövlət televiziyasında yəni AZTV-də bu şəxslərin gizli təşviqatına biz rast gəlirik».

İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədli isə deyilənlərlə razılaşmayıb

«Vətəndaş olaraq biz bu məsələyə yanaşmalıyıq. Sırf vətəndaş olaraq. Əgər bir ölkənin başçısı onun prezidenti haqqında hər hansı bir reportyor, hər hansısa bir jurnalist onun haqqında müsbət bir söz söyləyirsə, onun monitorinqdə neqativ hal kimi qiymətləndirməyi vətəndaş mövqeyi olaraq düzgün hesab etmirəm».

XS
SM
MD
LG