Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:34

Heydər Əliyev adına...


Azərbaycanda Bakı da daxil olmaqla istisnasız, böyüklü-kiçikli bütün şəhərlərdə mərkəzi prospekt və ya küçələr keçmiş prezident, indiki dövlət başçısının atası Heydər Əliyevin adını daşıyır, Heydər Əliyev adına parklar salınır, muzey və ya mərkəzlər yaradılır. Rəsmi məlumatlara görə, ölkəboyu 60-a yaxın Heydər Əliyev muzey və ya mərkəzi var. Bir neçəsi isə tikilməkdə, yaxud necə deyərlər, plandadır.

Hətta Milli Qvardiyada, Neft Daşlarında da Heydər Əliyev muzeyi yaradılıb. Hələ orta məktəblərdə, hərbi hissələrdə və bir sıra dövlət qurumlarında yaradılan muzeyləri (onlar da muzeydən çox keçmiş Lenin guşələrini xatırladır) demirik...

Amma məsələ muzeylə, parkla və ya prospektlə bitmir (O başqa məsələ ki, istər paytaxtda, istər bölgədə bəzi icra başçıları bu parklara daha çox pul xərcləməkdən, dəbdəbəli görüntü verməkdən, əzəmətli heykəllər ucaltmaqdan ötrü az qala yarışa giriblər). Sadalayaq:

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Heydər Əliyev adına Saray, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Heydər Əliyev adına su anbarı, MTN-nin Heydər Əliyev adına Akademiyası, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Heydər Əliyev adına lisey və sair və ilaxır...
Naxçıvanda Heydər Əliyev adına su anbarı


Ölkədə ən böyük fond da Heydər Əliyevin adını daşıyır. Yaxınlarda isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Heydərabad qəsəbəsi salınıb.

«GÖRMƏMİŞLİKDİR...»


«Bu, şəxsiyyətə pərəstişdir. Bir az da görməmişlikdir. Heydər Əliyev özü sağlığında belə şeylərə razılıq vermirdi. Oğlu hakimiyyətə gələndən hər yerə onun adını verir. Doğrudan, bu gülməlidir, Heydər Əliyev aeroportunda düşürsən, Heydər Əliyev küçəsi ilə gəlirsən, Heydər Əliyev sarayında tamaşaya baxırsan...»

Köşə yazarı Zamin Hacı belə deyir.

«MƏQSƏD HEYDƏR ƏLİYEVİ İLAHİLƏŞDİRMƏKDİR»


Heydər Əliyev adına Sarayı hələ də Lenin Sarayı çağıran yazar Seymur Baycan isə bu qənaətdədir:

«Diktatorların bir xüsusiyyəti var ki, tarixdən ibrət götürmürlər. Onlara elə gəlir ki, başqalarının başına gələni onlar yaşamayacaqlar. Tolstoyun bir fikri yadıma düşdü: «Xoşbəxt ailələrin hamısı bir-birinə bənzəyir, bədbəxt ailələrsə hərəsi bir cür bədbəxtdir». Bu diktatorlar da bir-birinə bənzəyir, amma getmə səbəbləri fərqlidir... Heydər Əliyevi də ilahiləşdirmək istəyirlər. Amma alınmır...»

Seymur Baycan Heydər Əliyevin ilahiləşdirilməsi prosesinə görə, xəcalət keçirdiyini də deyir:

«Hərdən Avropadan dostlarımız gəlir, onlar bu vəziyyətə gülür, mən də çox böyük xəcalət hissi keçirirəm...»

«ATATÜRK, VAŞİNQTON VƏ... HEYDƏR ƏLİYEV»

Xırdalan şəhərində Heydər Əliyev Mzueyi

Tarixçi alim Musa Qasımlıya görə, dövlətçiliyin qurulmasında müstəsna xidməti olanların adının əbədiləşdirilməsi qaydadır:

«Mən hesab edirəm ki, tarixi şəxsiyyətlərlə, görkəmli dövlət xadimləriylə bağlı xatirənin əbədiləşdirilməsində, böyük obyektlərə adlarının verilməsində qəbahət yoxdur. Bu şeylər dövlətçilik hisslərinin güclənməsinə səbəb olur. Fikrimcə, bu məsələlərdə qəbahət axtarmaq doğru deyil. Əksinə sovet dövründən qalma bəzi küçə adları dəyişdirilməlidir. Diqqət verin, Türkiyədə Atatürkün adına küçələrə hər bir şəhərdə rast gələ bilərsiniz. Və ya ABŞ-da da Corc Vaşinqtonun adı əbədiləşdirilib. Mən buna normal yanaşıram. Məncə, bu dövlətçiliyin gücləndirilməsinə xidmət edir».

«MƏN HAKİMİYYƏTDƏ OLMASAYDIM, O KİTABDA NƏLƏR YAZMAZDINIZ»


Zamin Hacının qənaətincə, bəlkə də, Heydər Əliyev Atatürk kimi Azərbaycan üçün böyük işlər görsəydi, bu «advermə» pis görünməzdi:

«Amma o hakimiyyətə gələndən sonra altı rayon işğal olunub, Azərbaycanın adı korrupsiyaya görə, geridə qalmış ölkələrlə bir sırada çəkilir. Bu halda onun adının hər yerə verilməsi mənasızdır və tarixə də yapışası deyil. Məsələn, müqayisə nə qədər qüsurlu olsa da, Türkiyədə hakimiyyətdə Atatürkün nəinki övladları, heç yaxın qohumları da deyil. Amma Atatürkə qarşı nəsə deyiləndə bütün türk cəmiyyəti etiraz edir. Bu onu göstərir ki, Atatürkün Türkiyənin tarixində böyük yeri, rolu var. Amma Heydər Əliyevin Azərbaycan tarixində hansı rolu var? O Ilham Əliyev üçün əhəmiyyətli ola bilər. Bunu özləri də başa düşürlər. Məşhur ensiklopediya müşavirəsində İlham Əliyev dedi ki, mən hakimiyyətdə olmasam bu kitabda nələr yazardınız? Bu da etirafdır, özləri də başa düşürlər ki, bu adlar müvəqqətidir və heç bir mənəvi dəyəri yoxdur».

«AQRESSİVLİYƏ VADAR EDİRLƏR»

Seymur Baycanın sözlərinə görə, bəlkə də Bakıda ADR-in qurucularından Məmməd Əmin Rəsulzadəyə bir heykəl qoyulsaydı, ona düşmən münasibət göstərilməsəydi, Heydər Əliyevin özünə, onun adının harasa verilməsinə bu qədər acıqlı yanaşmazdı:

«Bu cür münasibətlə onlar əksinə bir çoxlarını Heydər Əliyevə aqressiv yanaşmağa məcbur edirlər. Olmaz da! Bu dövlətin əsasını qoyanlar var, bu bayrağı qaldıranlar var, bu bayrağın rəngini düşünənlər var. Onları kənara atıb, başqasını sevməyə məcbur etmək olmaz. Alınmayacaq. İstəyir yüz milyardlar xərcləsinlər...»

Seymur Baycan da Zamin Hacı kimi bu qənaətdədir ki, bu məsələ hakimiyyət dəyişikliyindən sonra həllini tapacaq. Onların fikrincə, heydərçiliyin cəmiyyətdə dərin kökləri yoxdur.

Zamin Hacı isə söhbətini belə bitirir: «Xalqın ürəyində, yaddaşında heykəl qoymaq lazımıydı, Heydər Əliyev də bunu etməyib...»
XS
SM
MD
LG