Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:31

Mitinq yerləri vətəndaşları qane edirmi?


«Açığı mən düşünürəm ki, Əli Əhmədova irad tutulacaq ki, niyə belə uğursuz açıqlama verib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP sədri Əli Kərimli YAP-ın icraçı katibi Əli Əhmədovun müxalifətin namizədlərinin işsiz olması barədə fikrinə münasibət bildirərkən deyib.

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna müvafiq olaraq ayrılan meydanlar vətəndaşları qane edirmi? » mövzusunda fikirlərini bölüşən AXCP sədri deyib ki, həmin siyahıda göstərilən yerlər mitinq və nümayişlər üçün əlverişli deyil:

HAKİMİYYƏT BEYNƏLXALQ TƏŞKİLATLARA GÖSTƏRMƏK İSTƏYİR Kİ...


«Bu ayrılmış yerləri ümumiləşdirən bir cəhət var ki, onların demək olar ki, hamısı şəhər mərkəzindən kənardadır. Şəhər mərkəzində olan müəyyən qapalı yerlərsə məhduddur. Deməli, xüsusi olaraq elə seçilib ki, bu yerlər ictimaiyyətin daha çox toplaşdığı, xalq arasında məşhur olan, hamının tanıya bildiyi, hamının gələ bildiyi geniş meydanlar olmasın. Bu, birinci özəlliyidir bu siyahının. İkincisi, kənd rayonlarında bir qayda olaraq rayon mərkəzindən kənarda tikilmiş stadionlar ünvan kimi göstərilib. O stadionlar nə idman üçün əlverişlidir, nə toplaşmaq üçün əlverişlidir. Belə bir təəssürat yaranır ki, əslində bu siyahı ondan ötrüdür ki, beynəlxalq təşkilatlar qarşısında hesabat vermək mümkün olsun ki, biz kifayət qədər yer ayırdıq. Amma faktiki olaraq bu yerlər insanların sərbəst şəkildə toplaşması, mitinqlər, nümayişlər keçirməsi üçün əlverişli olan yerlər deyil».

İMKAN VERSİNLƏR AZADLIQ MEYDANINA ÇIXAQ...


Əli Kərimlinin sözlərinə görə, hökumət sərbəst toplaşmağı mütləq icazə şəklinə keçirmək istəyir. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur:

«Bəlkə də, həmin o Ukrayna meydanına, digər uzaq yerlərə vətəndaşlar ona görə getmir ki, onlar hesab edirlər ki, onların hüquqları əlindən alınıb. Əgər Azərbaycan hakimiyyəti mərkəzi meydanlarda əvvəlki illərdə olduğu kimi imkan yaratsa, o zaman bilmək olar ki, protest etmək istəyən insanların sayı nə qədərdir. Niyə ehtiyatlanırlar, niyə qorxurlar? İmkan versinlər Azadlıq meydanında mitinq keçirək görək bu hakimiyyətə etiraz etmək istəyən nə qədər adam var. Azdısa, hökumət rahatlasın».

AXCP sədri parlament seçkilərindən məyusluq gözləmədiklərini də bildirib. O deyib ki, proseslər göstərir ki, ölkənin 70 faizində normal seçki olmayacaq:

«Bu seçkidən sonra müəyyən məyusluq gözləmirəm. Çünki deyirlər hər pis işin bir yaxşı tərəfi var. Bu seçkidəki artıq namizədlərin üçdə ikisi qeydiyyata alınmayıb, deməli, ölkənin 70 faiz ərazisində seçki olmayacaq. Deməli, seçkinin taleyi həll olunub. Bizim və vətəndaşın heç bir illüziyası yoxdur. Və bu seçki hər hansı xüsusi bir məyusluq da gətirməyəcək».

ƏLİ ƏHMƏDOV DİQQƏTİ MÜXALİFƏTƏ ÇƏKİB


YAP-ın icraçı katibi Əhmədovun müxalifət namizədlərinin işsiz olması ilə bağlı məlum bəyanatına münasibət bildirən Əli Kərimli deyib ki, o, bu bəyanatla diqqəti müxalifətə cəlb edib:

«Bu açıqlama ilə Əli Əhmədov Azərbaycan ictimaiyyətinin diqqətini Azərbaycanda müxalifətə cəlb edib. Bütün dünyada müxalifət, belə deyək ki, müxalifətin üstün təbəqəsi, peşəkarları, məmurları onlar parlamentdə olurlar. Onların elə işi bundan ibarət olur. Bu adamlar siyasətçidir. Onlar peşəkar siyasətlə məşğuldurlar. Azərbaycan hakimiyyəti elə şərait yaradıb ki, bu gün Azərbaycan müxalifəti nəinki hörmət olunan protokolla təqdim olunmur, parlamentdə təmsil olunmur. Ümumiyyətlə, müxalifətçilik qınanan bir peşə kimi təqdim olunur. İkincisi, Əli Əhmədov istər-istəməz diqqəti ona cəlb elədi ki, biz uzun illər ərzində deyirik ki, bu ölkədə müxalifətdə olan insanlara iş verilmir. Bizim normal iş almağımıza imkan yoxdur. Nəinki bizim, ailə üzvlərimizin belə bu ölkədə işləməsinə imkan yoxdur».
XS
SM
MD
LG