Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:54

İş ki düşdü məhkəməyə...


Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq şöbə müdiri Failə İbrahimova 2006-cı ildə Gəncə şəhər 14 saylı orta məktəbin bir qrup müəllim və texniki işçisinin şikayəti əsasında işdən çıxarılandan sonra müraciət etmədiyi yer qalmayıb. Bu məsələ ilə bağlı məhkəmə prosesində hər iki tərəf iştirak etsə də, Nizami rayon Məhkəməsinin hakimi Şahin Rzaquliyev tərəflərin məhkəməyə gəlməməsi səbəbindən işə baxılmaması barədə qərardad çıxarıb. Failə İbrahimova qərardaddan apelyasiya şikayəti verəndə yenə problemlə üzləşib:

“Dörd hakim hərəsi bir nöqsan tapıb iddia ərizəmi geri qaytarır. Mən beşinci dəfə şikayət edirəm, görüm buna nə cavab verəcəklər. İki aydır ki, mən şikayət edirəm, onlar şikayətimi geri qaytarırlar”.

SİYASİ İŞLƏRDƏ ƏDALƏTLİ QƏRAR DEMƏK OLAR YOXDUR


Məhkəmə araşdırması hüququnun təminatına həsr edilmiş “Hər kəsin haqqı var” proqramında qonaq olan hüquqşünas Leyla Mədətli deyir ki, məhkəmələrlə bağlı problemləri saymaqla qurtarmaq olmaz. Amma ən önəmlisi məhkəmələrin müstəqil və qərəzsiz olması ilə bağlıdır:

“Xüsusilə də ictimai və siyasi baxımdan həssas olan məsələlərdə məhkəmələrin müstəqilliyi özünü doğrultmur. Ola bilər ki, digər qisim işlərdə süründürməçiliklə olsa belə, şəxsin xeyrinə qərar çıxarılır. Amma ölkədəki rejim, mühit elə olmalıdır ki, hətta yüksək vəzifəli şəxslərə, hakimiyyətə tənqidlə bağlı olan işlərdə məhkəmə müstəqil olaraq ədalətli qərar çıxarsın. Azərbaycanda belə hallar demək olar yoxdur”.

VƏKİLLƏR SAATDA 2 MANAT ALIR

Leyla Mədətli Azərbaycanda vəkillik institutu ilə bağlı problemlərin qaldığını deyir. Hazırda hər 12 min nəfərə 1 vəkil düşdüyünü deyən hüquqşünas bu göstəricinin dünya ölkələri ilə müqayisədə çox az olduğunu bildirir:

“Vəkil hər saatında görə cəmi 2 manat alır. Amma siz Azərbaycanda ittihamçının, prokurorun maaşına baxın. Maddi təminat olmayan və bürokratik əngəllər olan yerdə vəkillik inkişaf etməyəcək”.

HAKİMLƏRİN MAAŞI 10 İLDƏ 25 DƏFƏ ARTIB


Hüquqşünaslar Anar Bağırov və Leyla Mədətli
Vəkillər Kollegiyasının üzvü Anar Bağırov isə 2000-ci illə müqayisədə hazırda vəkillərin sayının xeyli artdığını, qəbul prosesinin daim getdiyini söyləyir. Amma hesab edir ki, bu prosesi süni aparmaq olmaz. Çünki savadsız vəkil vətəndaşa keyfiyyətli hüquqi yardımı təmin edə bilməyəcək:

“Məhkəmələrin müstəqilliyinə qalınca, bu istiqamətdə atılan addımlardan biri də hakimlərin əməkhaqlarının artırılmasıdır. 2000-ci illə müqayisədə onların əməkhaqları 25 dəfə artıb. Ümumiyyətlə, son 10 il ərzində Azərbaycanda forma və məzmunca yeni məhkəmə hakimiyyəti yaradılıb. Hakimlərin seçim prosesi də yeni əsaslarla aparılır”.

Leyla Mədətli deyir ki, aparılan islahatlar məhkəmə sistemindəki problemlərin aradan qalxması ilə nəticələnməyib. Onun fikrincə, heç Konstitusiya Məhkəməsi də insan hüquqlarının müdafiəsi üçün səmərəli vasitəyə çevrilməyib. Ona görə də vətəndaşlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə (AM) üz tuturlar:

“Amma ilk illər nəinki vətəndaşların, hətta vəkillərin də Avropa Məhkəməsi haqda bilgisi az idi. Ona görə də əksər işlər uduzulurdu”.

HAKİMLƏR ÇOX ŞEYƏ GÖZ YUMUR

Qeyd edək ki, bu günə qədər Avropa Məhkəməsi Azərbaycanla bağlı 15 iş üzrə qərar çıxarıb. Məhkəmənin Azərbaycan dövlətinə qarşı sonuncu qərarı xalq artisti Flora Kərimovanın 2005-ci ilin parlament seçkisinə dair şikayəti ilə əlaqədardır. Flora Kərimova deyir ki, yerli məhkəmələrdən fərqli olaraq Avropa Məhkəməsində “mən ölüm-sən ölüm”, tanış-bilişlik keçmir. Ona görə də insanlar ədalətli qərar ardınca məhz Avropaya üz tutmalı olurlar:

Flora Kərimova
“Hakimlər bu dərəcədə savadsız, bu dərəcədə ədalətsiz olub belə şeylərə göz yumurlar. Mənim işlərimdə insaflılar mənə çox az rast gəldi, əfsuslar olsun. İndi mən respublika qarşısında da xəcalət çəkirəm. Çünki bilirəm ki, hər bir insan Avropa Məhkəməsinə müraciət edəndə, qəbahət olur vətənimizə qarşı. Bu, məni çox ağrıdır”.

QƏRARLARIN CÜZİ HİSSƏSİNDƏN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GEDİR

Anar Bağırov Avropa Məhkəməsinə edilən şikayətlərin sayının o qədər də çox olmadığını deyir. Onun fikrincə, vətəndaşların beynəlxalq məhkəməyə müraciət etməsinə normal yanaşmaq lazımdır:

“Hər ölkənin məhkəməsi səhv edə, yanlışlığa yol verə bilər. Ölkədə il ərzində minlərlə məhkəmə qətnamələri çıxarılır. Onların çox cüzi faizindən Avropa Məhkəməsinə şikayət verilir. Əhali baxımından Azərbaycana oxşar ölkələrə nisbətən bizdən göndərilən şikayətlərin sayı o qədər də çox deyil”.

Anar Bağırov etiraf edir ki, 2008-ci ilə kimi Avropa Məhkəməsinin qərarlarının presedent hüququnun tanınmasında problemlər olurdu. Çünki qərarlar bəzən keyfiyyətsiz tərcümə olunurdu. Lakin iki ildir ki, bu beynəlxalq məhkəmənin bütün qərarları, xüsusilə də Azərbaycanla bağlı çıxarılan qərarları tərcümə edilərək Azərbaycan Hüquqşünaslar Konfederasiyasının saytına yerləşdirilir.

BURADAN DİNLƏYİN


XS
SM
MD
LG