Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:50

"O millət yaxşı yaşayır ki, hökuməti özbaşına buraxmır"


Etibar Məmmədov
Etibar Məmmədov
Milli İstiqlal Partiyasının (AMİP) lideri, Müstəqilik Aktının müəlliflərindən biri Etibar Məmmədov AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı olub.

- Müstəqillik bəyannaməsinin imzalanması ilə bağlı xatirələrinizi danışmağı xahiş edirik. Həmin gün həqiqətənmi Azərbaycanda müstəqilliyin əsası qoyuldu?


- Müstəqilliyin əsası uzun bir prosesin nəticəsi idi. Azərbaycan müstəqilliyini 1918-ci il mayın 28-də əldə etdikdən sonra 1920-ci il mayın 27-də Rusiyanın işğalı nəticəsində həmin müstəqillik itirilmişdi. 71 il ərzində Azərbaycan xalqı ürəyində həmin azadlıq, müstəqillik ideyalarını saxlayırdı, müxtəlif şəkildə onu büruzə verirdi. Həmin müstəqillik ideyalarına görə repressiyalara məruz qalanlar, həyatlarını itirənlər də var idi. 80-ci illərin sonlarında başlanan xalq hərəkatının məntiqi nəticəsi olaraq müstəqilliklə nəticələndi. 18 Oktyabrdan əvvəl bir neçə hadisə baş vermişdi. Onlardan ən mühümü 1989-cu ilin sentyabr ayında qəbul olunmuş suverenlik haqqında konstitusiya qanunu idi. O zaman Azərbaycan SSRİ-nin tərkibində ola-ola birinci dəfə idi ki, belə qanun qəbul olundu. Qanunların toqquşduğu bir vaxtda Azərbaycanın qanunu SSRİ-nin qanunundan üstün hesab olunurdu. Bu SSRİ tarixində birinci dəfə idi. Və sonrakı mərhələdə yəni 20 yanvar hadisələrindən sonra müstəqilliyin geriyə dönüşü mümkün olmadı. Azadlıq hərəkatı məntiqi olaraq gətirib ona çıxardı ki, 1991-ci il avqustun 30-da QKCP hadisələrindən sonra hakimiyyət bəyannamə qəbul etməyə məcbur oldu. Uzun təzyiqlərdən sonra onlar məcbur oldular ki, sadəcə deklarativ bəyannamə ilə kifayətlənməyib, müstəqilliyin bərpası haqqında Konstitusiya Aktının layihəsini müzakirəyə çıxarsınlar. Həmin müzakirələrin nəticəsi olaraq 1191-ci il 18 oktyabrda Ali Sovetdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı təsdiq olundu. Bu 1992-ci ilin dekabrında keçirilən referendumla da təsdiq olundu. Beləliklə bir neçə sənədlə Azərbaycanın müstəqilliyi elan olundu. Amma ən əsas sənəd Konstitusiya Aktı idi. Orada qeyd olunmuşdu ki, növbəti mərhələdə bu konstitusiyanı əvəz edən bir sənəddir.

İSLAM KƏRİMOV MÜSTƏQİLLİK GÜNÜNDƏ OYNAYIR, AZƏRBAYCANDA İSƏ...


- Konstitusiya Bəyannaməsi imzalanana qədər, postsovet ölkələrində və Azərbaycan parlamentində zarafatla deyilirdi ki, SSRİ-yə daxil olan bütün respublikalar bu ittifaqdan çıxacaq, təkcə Azərbaycan qalacaq. Həqiqətənmi müstəqilliyin əldə olunması ilə bağlı hansısa etiraz, müqavimət var idimi?


- SSRİ-nin dağılması göydən düşmə bir hadisə deyildi. Bu uzun müddətli böhranın nəticəsi idi. Həmin böhranın yetişməsində, SSRİ-nin dağılmasının tezləşməsində rol oynayan mili azadlıq hərəkatları var idi. Onların içərisində Azərbaycanda mili azadlıq hərəkatı ən öndə gedən hərəkatlardan biri idi. Hesab edirəm ki, öz miqyasına və dinamikliyinə görə hətta ən birincisi idi. SSRİ-nin dağılmasında bu hərəkat çox böyük rol oynadı. Ancaq o zaman Azərbaycan hakimiyyətində olan kommunist nomenklaturası xalqdan çox ayrılmışdı. Hadisələrin gedişini başa düşə, vaxtında dəyərləndirə bilmirdi. Ona görə də siz dediyiniz lətiflər ortaya çıxmışdı. Ondan bir müddət əvvəl mart ayında SSRİ-dən çıxmaq barədə referendum keçirilərkən Mərkəzi Seçki Komissiyası, Partiya aparat əllərindən gələni edirdilər ki, seçkiləri saxtalaşdırsınlar və elan etsinlər ki, Azərbaycan xalqı SSRİ-nin tərkibində qalmaq istəyir. Ondan bir neçə ay sonra dekabr ayında keçirilən referendum da isə xalqın 99 faizi müstəqilliyə səs verdi. O zaman belə nəticə çıxdı ki, bir il ərzində keçirilən iki seçkidən biri saxta olub. Əlbəttə ki, SSRİ-nin tərkibində qalmaqla bağlı keçirilən seçkilər saxta idi. Bu proseslərin nəticəsi olaraq SSRİ dağıldı. Orta Asiya respublikaları azadlıq hərəkatı aparmadan göydəndüşmə müstəqillik əldə etdilər. Məni təəccübləndirən odur ki, onlar müstəqilliyin qədrini bizdən daha yaxşı bilirlər. Mən bu yaxınlarda Özbəkistanda müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirak etdim. Prezident İslam Kərimovun necə dingildəyə-dingildəyə oynadığının şahidi oldum. O yaşda adam yarım saata yaxın stadionun ortasında dayanıb, özü də sakit durmadan rəqs etdi.

“BU, HEYDƏR ƏLİYEVƏ QARŞI XƏYANƏTDİR”

- Azərbaycanda fakta çevrilmiş müstəqillik məsələsinə indi də fərqli münasibətlər var. 2004-cü ildə «Azadlıq» qəzetində müstəqilliyin əleyhinə səs vermiş deputatların siyahısı dərc olunmuşdu. Onların sırasında Arif Rəhimzadə, Mixail Zabelin, Yaşar Əliyev, Sultan Məmmədov, Zeynəb Xanlarova? Abbas Abasov Eldar İbrahimov, Əli Həsənov, Həsən Həsənov, Gülnarə Qurbanova, Madər Musayev, Əhməd Əhmədzadə və s. kimi şəxslər var ki, onların əksəriyyəti bu gün hakimiyyətdə təmsil olunurlar. Bu, tarixin ironiyasıdır? Bəlkə, biz müstəqilliyin, siyasi quruluşun dəyişməsini bayram etməkdə bir qədər tələsmişik?


- Bu siyasi quruluşun dəyişməsi deyildi. Dövlət müstəqilliyi millətin öz müstəqilliyini elan etməsi prosesinin başlanğıcıdır. Siyasi quruluş sonrakı mərhələdə idi. Təəssüf ki, bizdə müstəqillik əldə olundu siyasi quruluşun dəyişməsi prosesi öz məntiqi nəticəsini tapa bilmədi. Mənim fikrimcə kommunist siyasi quruluşu yenə də davam edir. O vaxtkı kommunist nomenklaturası bu gün başqa nomenklatura adı altında yenə də idarəçilikdədir və idarəçilik metodlarını da dəyişməyiblər. Mən bir şeyi başa düşə bilmirəm ki, bunlar nə üçün bu cür laqeyd, bir sıra hallarda isə qısqanc, hətta düşmən münasibət göstərirlər müstəqillik gününə. Əslində bu günü onlar qeyd etməlidirlər. Çünki hamıdan çox onlar faydalanırlar. Azərbaycanın bütün sərvətlərindən, imkanlarından yararlanırlar. Buna şükür etmək əvəzinə bir az naşükürlük edirlər. Bayramı sanki silməyə çalışırlar.

- Amma bunun bir səbəbi olsun gərək. Sizcə, onların müstəqillik gününə bu cür münasibəti nə ilə bağlıdır?


- Mən də hələ başa düşə bilmirəm. Səbəbi, onların hərəkətinə bəraəti o zaman başa düşmək olardı ki, hansısa arqument irəli sürsünlər. Heydər Əliyevin ideyaları bunlar üçün bayraqdır və ən düzgün göstəricidir. Bu prosesdə də Heydər Əliyev müstəqilliyə səs verənlərdən və risq edən qrupun içərisində olub. Heydər Əliyev Naxçıvanda olarkən müstəqilliyin əleyhinə keçirilən referendumun əleyhinə çıxmışdı. Referendumu orada təşkil etməmişdi. Ona görə də bunları başa düşmək olmur. Onların hərəkəti özlərinə rəhbər bildiyi başçının ideyasına xəyanətdir. Heydər Əliyevin zəhmət çəkdiyi, iştirak etdiyi bir prosesin üzərindən xətt çəkmək, tarixdən silmək cəhdi ona qarşı xəyanətdir. Ona görə də mən onları başa düşə bilmirəm ki, bayramdan niyə imtina edirlər.

Dinləyici sualı: - Niyə bu iqtidar müstəqillik günün dəyərincə qiymətləndirmir?


- Mən bu suala cavab verdim və təəccübümü bildirdim. Təəccüb doğuran hallardan biri də odur ki, diplomatik korpuslar hər il oktyabrın 18-dən əvvəl göstəriş verilir. Onlar hər il xarici ölkələrdə bayram təşkil edirlər, qonaqlar qəbul edirlər. Prezidentə təbrik ünvanlayırlar. Amma Azərbaycanın daxilində Müstəqillik Gününü qeyd etməyi bunlar sanki təhlükəsi hesab edirlər.

TƏKRAR EDİRƏM, MƏN ÇAĞIRMAMIŞAM

- Bu tarixi yaradanlardan biri olan Etibar Məmmədov nədən 1993-cü il iyun qiyamında Əliheydər Qarayevin 27 aprel 1920-ci ildəki istiqlaliyyətimizə balta çalan qara kölgəsi oldu. Qazandığınız «müstəqillikdə» xoşbəxtsinizmi?


- Yenə də köhnə mahnılar. Mən dəfələrlə bu suala cavab vermişəm və keçən dəfə də sizə radiodan cavab verərək bildirdim ki, Heydər Əliyevi Bakıya prezident kimi Əbülfəz Elçibəy, Ali Sovetin sədri kimi İsa Qəmbər və baş nazir kimi Pənah Hüseyn dəvət edib. Heydər Əliyevin özü də dəfələrlə bunu rəsmən bəyan edib və onda da heç kəs etiraz edib deməyib ki, Heydər Əliyev düz demir. Onu biz dəvət etməmişik. Ancaq siz heç bir yerdə nə Heydər Əliyevdən, nə də başqasından eşidə bilməzsiniz ki, desin ki, məni Bakıya Etibar Məmmədov dəvət edib. Ona görə də Əliheydər Qarayevin yolu ilə gedən özləri olduğu halda, qarayevkimilərin metodlarından başqalarına qarşı istifadə edirlər. Yəni başqasına ləkə at, ləkə qalmasa da, izi qalacaq metodundan istifadə edirlər.

- Hər halda biz dinləyicinin siyasi mənsubiyyətini bilmirik...


- Onun mənsubiyyəti artıq məlumdur. Köhnə xəstələrdəndir. Bunu təhqir kimi qəbul etməsinlər. Bu xəstəliyə düçar olanlar suallarına cavab tapmadıqda Bu suala cavab tapmadıqca bu sualları təkrar-təkrar verməklə özlərini sakitləşdirmək istəyirlər. Mən bu suala o zaman da cavab vermişdim. Milli Məclisin tribunasından da cavab vermişdim ki, Heydər Əliyevi Bakıya sizin rəhbərləriniz dəvət edib. Həmin dəvətin nəticəsində Heydər Əliyev Bakıya gəlim Milli Məclisin sədri olub. Bu mənim təqdimatımla olmayıb. Əbülfəz Elçibəy gəlib oturub Milli Məclisdə və xahiş edib ki, Heydər Əliyevi Milli Məclisə sədr seçəsiniz. Onların hərəkətlərinə görə mənim cavab vermək kimi məsuliyyətim də yoxdur, həvəsim də. Hər dəfə həmin sualı verəndə bunu xəstə sual kimi başa düşürəm.

KAPİTAL QORXAQ ÜNSÜRDÜR

- Mən yenə də həmin illərə qayıtmaq istəyirəm. Müstəqilliyin əleyhinə çıxanların belə bir düsturu var idi. Əvvəl iqtisadi azadlıq, sonra siyasi azadlıq. Sizcə bu düsturun məntiqi var idimi?


- Həmin düsturun məntiqi var idi o baxımdan ki, SSRİ-nin qüvvətli olduğu bir dövrdə onların repressiyaya məruz qalmaq təhlükəsi var idi. Hesab edirdilər ki, iqtisadi azadlıq əldə etməklə öz daxili dayaqlarını gücləndirib sonra siyasi müstəqilliyə keçə bilərik. Amma siyasi müstəqillik olmadan iqtisadi müstəqillik əldə etmək absurddur. Komanda iqtisadiyyatı siyasi qərarlar üzərində fəaliyyət göstərir. Bazar iqtisadiyyatı, sərbəstlik yox idi ki, Azərbaycan iqtisadi potensialından özü istədiyi kimi istifadə etsin. Siyasi müstəqillik olmalıydı ki, bunun nəticəsi olaraq Azərbaycan təbii sərvətlərinə özü sahiblik etsin. Ona görə də onların bu arqumenti arqumentsizlik kimi qəbul olunurdu və onlar bunu inandıra, qəbul etdirə bilmədilər. Moskvadakı avqust hadisələri də çox təkan verdi bu proseslərə.

- Yenə də belə bir sual var ki, Azərbaycan müstəqilliyə özü qovuşdu, yoxsa bunu bizə hədiyyə etdilər? Avqust hadisələri olmasaydı Azərbaycan müstəqilliyə qovuşacaqdımı?


- Avqust hadisələri olmasaydı bu proses daha çətin olacaqdı. Amma bu proseslərin qarşısını almaq mümkün deyildi. Daha çox itkilərə gedə bilərdik. Rusiyanın özündəki proses də göstərirdi ki, Rusiyanın özü də bu prosesdə iştirak edir. Avqust hadisələri prosesi sürətləndirdi və təkan verdi. Bizə də xeyri o oldu ki, biz daha az itki verdik. Müstəqilliyimizin qarşısını almaq üçün və bizə cəza olaraq Dağlıq Qarabağ konfliktindən istifadə etməyə başladılar.

- Azərbaycanı bu gün müstəqilliyini tam olaraq təsbit etmiş ölkə saymaq olarmı?


- Hüquqi cəhətdən Azərbaycan tam müstəqil dövlətdir. Amma Azərbaycanın apardığı siyasət bir çox hallarda ölkənin iqtisadiyyatını da siyasətini də başqa böyük dövlətlərdən asılı vəziyyətə salır. Bunun qarşısını almağın yeganə yolu insan azadlıqlarını təmin etməkdən keçir. İqtisadi azadlıqları təmin etmək və insanların varlanmasına nail olmaqdan keçir. Nə qədər ki, bir ölkənin əhalisi kasıblıq həddində yaşayır, iqtisadi azadlıqlardan məhrumdur bir o qədər də həmin ölkənin bütün varidatı, bütün kapitalı ölkədən kənara axmaqda davam edəcək və kapital da qorxaq bir ünsürdür və heç vaxt təhlükəli yerdə qalmır. Azərbaycanın düşmənləri də həmişə bu kimi hallardan yararlanıblar və bundan sonra da yararlanacaqlar.

ONLAR SSRİ-NİN DAĞILMASINI İSTƏMİRDİLƏR

- Hüquqşünaslar hesab edirlər ki, müstəqilliyin vahid düsturu yoxdur – fakt məsələsidir. Əgər müstəqil qərar qəbul edən hökuməti və xalq hökuməti qəbul edirsə, beynəlxalq təşkilatlar, xarici ölkələr tərəfindən qəbul olunursa həmin dövlət müstəqildir. Bəs müstəqil seçki keçirməyi bacarmayan dövləti müstəqil saymaq olarmı?


- Müstəqilliyin başlıca şərti odur ki, sabitliyi, tarixi, dövlətçilik ənənəsi olan dövlətlər onu tanısın. Avqust hadisələrindən sonra Azərbaycana qədər bir sıra başqa dövlətlər müstəqilliklərini bəyan etmişdilər. Amma Baltikyanı ölkələrdən başqa heç bir dövlətin müstəqilliyi tanınmamışdı. İlk olaraq SSRİ içərisində müstəqilliyi başqa dövlətlər tərəfindən tanınan ölkə Azərbaycan olmuşdu. O zaman mən Azərbaycan dövlətinin adından müraciətlə Türkiyəyə getmişdim. Nəticədə noyabrın 9-da Azərbaycanın müstəqilliyi ilk olaraq Türkiyə tərəfindən tanındı. Sonra Rumıniya, Pakistan və digərləri. Artıq bu fakta çevrildi. Əslində o zaman böyük dövlətlər SSRİ-nin dağılmasının tərəfdarı deyildilər. Yalnız Baltikyanı dövlətlərin müstəqilliyini tanıyıb, SSRİ-də islahatların keçirilməsinin tərəfdarı idilər. Siyasi hərəkatlar gətirib ona çıxardı ki, bu ölkələr də müstəqil dövlət kimi tanındılar. Sonrakı mərhələdə həmin dövlətlərin nə cür tanınması ikinci məsələdir. Dövlətin nə cür tanınması daxildə keçirilən seçkilərdən, daxildə xalqa verilən azadlıqlardan, təminatlardan və xalqın təhlükəsizliyinin təmin olunmasından keçir.

CƏNUBİ AZƏRBAYCAN MƏSƏLƏSİ HƏLƏ GÜNDƏMDƏDİR

- 80-ci illərin sonlarında dünyanın siyasi xəritəsində dəyişikliklər oldu. Yeni dövlətlər yarandı. Sizcə, bu proses dayandımı?


- Proses hələ dayanmayıb. Çünki yüzlərlə millət var ki, hələ öz dövlətlərini yarada bilməyiblər. Onların da əksəriyyəti Hindistan, Çin ərazisində yerləşirlər. Onlar vaxtilə müstəqil olublar. İndi isə ya yarımmuxtariyyət vəziyyətindədirlər, ya da dövlətlərdən tam asılıdırlar. Bu regionda isə Cənubi Azərbaycan məsələsi var. Vaxt gələcək Cənubi Azərbaycanın müstəqil dövlət olması daha aktual olacaq. Başqa dövlətlərin də yaranması prosesi gedə bilər. Dünyanın xəritəsi dəyişəcək, sabit qalmayacaq. Amma iqtisadi inkişaf gətirib ona çıxara bilər ki, bu dəyişikliklər ağrısız ola bilər. Dövlətlər arası mübarizədə iqtisadi, təbii resurslar böyük əhəmiyyət daşıyıb. Hansı yerdəki resurslar daha əhəmiyyətlidir onların arxasında başqaları da dayanmaq istəyəcək. Hansı ölkələrdə ki, iqtisadi azadlıqlar olacaq o ölkələrdə sərhədlərin olub-olmamasının elə bir əhəmiyyəti olmayacaq.

- Hesab edirsiniz ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaqla, bundan irəli gələn liberallaşdırma ilə bu proseslərin ağrısız iştirakçısına çevirə bilər?


- Bu gün Dünya Ticarət Təşkilatına üzv olmaq hələlik Azərbaycan üçün təhlükədir. Çünki Azərbaycan hökuməti öz xalqına daxili iqtisadi azadlıqları verməyib. İqtisadiyyatın daxili dayanıqlığı yoxdur. İqtisadiyyat ancaq neft iynəsinin üzərində oturub. Ona görə iqtisadiyyatda liberallığın olması, sərhədlərin, gömrüyün götürülməsi Azərbaycanın xarici dövlətlərdən asılılığını artıracaq. Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmaq istəyirsə daxildə xalqa iqtisadi azadlıq verilməlidir ki, bizim iş adamları güclənib rəqabət apara bilsinlər.

- Məncə, bu məsələdə sizdə millətçi ilə liberalın münaqişəsi gedir içinizdə...


- Yox. Niyə? Biz partiya Azərbaycanda ilk dəfə olaraq iqtisadiyyatın liberallaşması təşəbbüsü ilə çıxış edib. Biz iqtisadiyyatın liberallaşmasının tərəfdarıyıq. O biri liberallar isə başqa liberalizmin tərəfdarı kimi çıxış edirlər. İqtisadiyyatın liberallaşması lazımdır. Bu zaman separatçılıq meylləri də baş qaldırmaz. İqtisadiyyat bir qrupun əlində cəmləşəndə ölkədə böyük əksəriyyəti çətinlik içərisində yaşayır. Bu zaman etnik azlıqlar düşünürlər ki, onlara qarşı ayrı-seçkilik var, onları əzirlər və beləliklə başlayırlar müstəqillik davası döyməyə. Liberal iqtisadiyyat olanda isə hər kəs öz işi ilə məşğul olacaq.

UÇURUM OLA BİLƏR

- Dinləyici sualı: Etibar bəy, biz müstəqil olduq. Bəs bundan sonrakı yolumuz haradır? Qarşıda bizi uçurum gözləyirmi?


- Uçurum ola bilər. Bugünkü hökumətin apardığı yol düzgün yol deyil. Millət də bunu görür. Amma təəssüf ki, bir çoxları evdə, çayxanada bu barədə danışmaqla kifayətlənirlər, uzağa gedə bilmirlər. Hökuməti də özbaşına buraxmaq olmaz. O millətlər yaxşı yaşayırlar ki, hökumətin boğazını həmişə əllərində saxlayırlar. Onu özbaşına buraxmırlar. Məcbur edirlər ki, xalqa xidmət etsinlər və hökumətin korrupsiyalaşmasına imkan vermirlər. Hələlik hökumət neft resurslarını istismar edib, hökumət nümayəndələri də onu çapıb talamaqla məşğul olurlar. Hesab edirlər ki, onların qarşısında heç bir maneə yoxdur. Amma maneə var. Bu da iqtisadi tənəzzüldür.

HEYDƏR ƏLİYEVİN XEYRİ DƏ OLUB, ZİYANI DA

- Dinləyici sualı: Etibar bəy Heydər Əliyevin dövlətə xidməti çox olub, yoxsa xəyanəti?


- Mən çalışıram ki, ifadələrimdə xəyanət, satqınlıq sözlərindən çox az istifadə edim. İstənilən siyasi xadimin xidməti də, səhvləri və zərəri də ola bilər. Heydər Əliyev böyük şəxsiyyətdir və bunu heç kəs dana bilməz. Böyük siyasi fiqurdur. Mən onun sağlığında da öz fikirlərimi bildirmişəm. Onun Azərbaycanda seçdiyi yol Azərbaycana xeyir vermədi. Daha düzgün yol daxili imkanlardan istifadə etmək, daxili azadlıqlar vermək olardı. Amma o, gələndən sonra keçmiş nomenklatura ilə işləməyə üstünlük verdi. Ona görə də, bugünkü dövrü SSRİ dövrü ilə müqayisə edirlər və deyirlər ki, o zaman daha yaxşı yaşayırdılar. SSRİ dövründə həmin nomenklaturada qorxu var idi, hətta Heydər Əliyevin birinci hakimiyyəti dövründə məmurlar qorxa-qorxa rüşvət alırdılarsa, indi açıq şəkildə ölkəni çapıb-talayırlar. Ona görə də sovet dövrünə qarşı nostalji hisslər var. Bu da heç yaxşı deyil.

- Amma dinləyici sualı konkret qoymuşdu. Ziyanı çox olub. Ya xeyiri?


- Dediyim kimi…

- Konkret cavabı var bu sualın?


- Konkret heç kəs ona cavab verə bilməz. Heydər Əliyevin sovet dövründəki hakimiyyəti dövründə xalqa xeyri də olub, ziyanı da. Şəxsən mən onun hakimiyyəti dövründə repressiyaya məruz qalmışam. Müstəqillikdən sonrakı hakimiyyəti dövründə də Heydər Əliyevin fəaliyyətinin xeyirli fəaliyyəti olub. Amma ziyanlı qərarları da olub

-Dinləyici yazır: Birtərəfli danışmaq lazım deyil. Müstəqillik yaxşıdır. Əgər bundan sadə insana bir xeyri varsa. Mən heç bir tərəfi dəstəkləmirəm. Hər bir ölkə ərazisini qorumağa can atır. Guya Azərbaycanda hansısa xalq müstəqillik xəyalına düşsə, Azərbaycan onları rahat buraxacaq? Qalib gələn tərəf həmişə özünü haqlı sayır.

- Mən yenə də öz fikrimi təkrar edirəm ki, daxili iqtisadi müstəqillik, daxili insan hüquqlarının təminatı ona gətirib çıxara bilər ki, heç həmin separatizmə də bir əsas qalmaz. Və separatizmdən böyük dövlətlərin, qonşu dövlətlərin istifadəsi üçün bəhanələr də olmaz. Ancaq əziyyət çəkəndə və insanlar ac olanda, işsiz olanda başqa etnik qrupa mənsub olan insan deyir ki, mən ona görə işsizəm ki, başqa millətdənəm, mənim ona görə maaşım azdır ki, mən də onlardan deyiləm. və o da gətirib çıxarır həmin separatizmə.

- SSRİ-nin tərkibində olan xalq kimi azərbaycanlılar müstəqillik istədilər və buna nail oldular. Bəs Azərbaycandakı xalqlar müstəqillik istəsələr biz onlara da eyni məntiqlə yanaşmalıyıqmı?


- Xeyr. Yəni hüquqi cəhətdən belə idi ki, Azərbaycan SSRİ-nin tərkibində müttəfiq dövlət kimi təmsil olunurdu. SSRİ-nin tərkibində bir çox xalqlar var idi ki, onların dövlət qurumları yox idi. 1922-ci il müqaviləsi əsasında Azərbaycan bir dövlət kimi SSRİ-nin tərkibində idi. Dövlət kimi də ayrılmaq hüququna malik idi. Ayrı-ayrı etnik qrupların, mili azlıqların ayrılması isə başqa məsələdir.

- Yəni 1918-ci ildə Demokratik Cümhuriyyət kimi qurulması və Azərbaycanın müstəqil ölkə kimi SSRİ-yə girməsi bunu şərtləndirdi.


- Bəli, biz də ona görə onların əməyini yüksək qiymətləndiririk.

- Bu gün 18 oktyabr Müstəqillik Günü kimi qeyd olunmadığı kimi Məmmədəmin Rəsulzadənin də heykəlinin siyasi amillərə görə ucaldılmadığı bildirilir...


- O da var. Amma mən sizə deyim ki, 1918-20-ci illərdə təkcə Məmmədəmin Rəsulzadənin fəaliyyəti olmayıb. İlk müstəqilliyimizin yalnız Rəsulzadənin adı ilə bağlanılması da haqsızlıqdır. Müstəqillik ideyasının yaranmasında, formalaşmasında Rəsulzadə kimi digərlərinin də böyük xidmətləri olub. Ona görə də həmin məsələləri bir adla bağlayıb, sonra həmin adı digər adla üz-üzə qoymaq heç vaxt millətə xidmət gətirmir. Bu gün hakimiyyətdə olanlar da bir adı üstün tutub, o birini aşağılamağa çalışırlar, hakimiyyətə əks düşərgədə olanlar da. Bu millətə xeyir gətirən bir yol deyil.

- Dinləyici sualı: Öz millətimin diktatoru xaricinin demokratından üstündür fikrinizə münasibətiniz?


- Bu gün də həmin fikirdəyəm. Niyə görə başqa millətin nümayəndəsi gəlib bizə demokrat adı ilə rəhbərlik etməlidir. Diktator, avtoritar rejim varsa onu dəyişmək bizim vəzifəmizdir, başqa millətin yox.

- Bəlkə, bunlar müstəqilliyimizin tarixi kimi 28 mayı göstərməklə dövlətimizin daha qədim olduğunu göstərmək istəyirlər?


- Dövlətimizin qədim olması məsələsi zəiflərin nəzərində güclü görünmək üçün istifadə olunan yollardan biridir. Millətlərin qədim olması heç də onun güclü olması demək deyil. Cavan millətlər bir çox hallarda qədim millətlərdən daha dinamik, daha fəaliyyət qabiliyyətli olurlar.

İSTİQLAL ƏLEYHDARINA İSTİQLAL ORDENİ

- Dinləyici sualı: Etibar bəy, müstəqillik bizə nə verdi? Şəxsən mən millətin nümayəndəsi olaraq özümü müstəqil saymıram.


- Millət əgər özünü müstəqil hiss etmirsə, müstəqil hiss etmək üçün mübarizə aparıb, onu əldə etməlidir.

- Etibar bəy Müstəqillik Aktının müəllifisiniz. Bu günə qədər İstiqlal ordeni ilə təltif olunmamağınıza necə baxırsınız?


- Mən Müstəqillik Aktının tək müəllifi deyiləm. 1991-ci il oktyabrın 16-da «Millət» qəzetinin ilk sayında Müstəqillik Aktının layihəsi dərc olundu. Ancaq həmin layihə daha öncə mənim tərəfimdən Milli Məclisə təqdim olunmuşdu. Layihənin yaranması isə hüquqşünas Fuad Ağayevin adı ilə bağlıdır.

- Yəni İstiqlal ordeni ona düşür?


- İstiqlal Ordeni ona da düşür, digərlərinə də. Mən təəssüf edirəm ki, istiqlal ordeni son vaxtlar hörmətdən salınıb. Hətta istiqlalın əleyhinə olanlara da bu orden verilib.

- Onların adlarını deyə bilərsinizmi?


- Siyahı sizdə var. Həmin siyahıya baxsanız bilərsiniz ki, kimlərə İstiqlal ordeni verilib. Mən indi konkret adlar çəkmək istəmirəm. Ola bilsin ki, həmin adamlar o zaman qorxularından müstəqilliyin əleyhinə çıxıblar və sonradan fikirlərini dəyişiblər. Amma bir daha qeyd edirəm ki, müstəqilliyimizin əleyhinə çıxanlar arasında İstiqlal ordeninə layiq görünən şəxslər var.

- Maraqlıdır ki, həmin insanlar müstəqilliyin əleyhinə səs verməkdən çəkinməyiblər və başqa birisi onlara İstiqlal ordeni verməkdən çəkinməyib, amma siz çəkinirsiniz...


- Yox mən çəkinmirəm. Sadəcə, kimlərinsə xətirlərinə dəymək istəmirəm.

- Müstəqilliyin əleyhinə səs verənlərdən biri şəxsən mənə bildirdi ki, o, İstiqlal ordeni alarkən prezidentə deyib ki, «axı mən müstəqilliyin əleyhinə səs vermişəm, İstiqlal ordenini almağa utanıram». O da deyib ki, «utanma al».


ƏN ÇOX QAZANAN NOMENKLATURA OLDU

Dinləyici sualı: Müstəqillik gününün Heydər Əliyevlə nə əlaqəsi var? Bu gündə hər kəs onun büstünü ziyarət etməyə gedir.


- Bilirsiniz, hər kəsin fəaliyyətinin haqqını vermək lazımdır. Heydər Əliyevin fəaliyyətinin bir çox hissəsindən mən də narazılığı bildirmişəm, açıq şəkildə bunu ifadə etmişəm. Amma heç kəsin haqqını yemək olmaz. Heydər Əliyev Naxçıvanda müstəqilliyin əleyhinə olan referendumun keçirilməsinə qarşı çıxan şəxs olub və müstəqillik aktına səs verənlərdən olub. Ona görə də onun qiyməti, haqqı tanınmalıdır. Ancaq müstəqilliyin və başqa nailiyyətlərin bir nəfərin adı ilə bağlanılmasının heç zaman tərəfdarı olmamışam.

Dinləyici sualı: Etibar bəy, mən sizi Müstəqillik Günü ilə bağlı təbrik edirəm. Amma nədən az-az görünürsünüz.


- Mən həmişə sualları cavablandırmağa hazıram və jurnalistlərin suallarını heç vaxt cavabsız qoymamışam. Hər gün də efirdə olmaq…

- Bəd nəzərdən qorxursunuz?


- Yox, bəd nəzər deyil, insanları yormaq da düzgün deyil.

- Aminə yazır: Etibar bəy, müstəqillik əldə etdikdən sonra Azərbaycan nə qazandı?


- Nə qədər bəyənməsək də, indi insanların sərbəstliyi artıb. Sovet dövründə xaricə getmək üçün gərək Moskvadan icazə alaydın. İndi isə xaricə gedib-gəlmək sərbəstdir. Daha çox qazanc əldə edə bilərdik. Amma bunu hökumət etmədi. Bu da ondan irəli gəlir ki, nomenklatura bunu istəmədi. İslahatlar aparmaq üçün əziyyət çəkmək lazımdır. Bunlar isə əziyyət çəkmək istəmirlər. Neft var və gələn gəlirlər hesabına büdcə dolu və bu büdcədən istədikləri kimi istifadə edirlər.

- Digər postsovet ölkələri sonradan hansı yolu tutdu?


- Orta Asiya ölkələrində hələ də sovet nomenklaturası qalıb. Qazaxıstan bir qədər fərqlidir. Bu ölkədə daxili islahatlar aparılır, amma çox ehtiyatla. Bu ehtiyatlılıq başadüşüləndir. Ərazisinin böyüklüyü, çətin coğrafi vəziyyəti məcbur edir ki, islahatlar ehtiyatla aparılsın. Baltikyanı ölkələr isə Qərbin dəstəyilə qısa müddət ərzində iqtisadi və siyasi islahatlar həyata keçirib qabağa getdilər. Son illər Gürcüstanda bunu edə bildilər. ABŞ və Avropa dövlətlərinin dəstəyilə Gürcüstanın idarəetmə aparatında ciddi dəyişiklik oldu. Yeni təfəkkür tərzinə malik olan komanda yığdılar. Azərbaycanda isə bu mümkün olmayıb. Həm hökumət həm də Qərb Azərbaycanda dəyişikliklərin olmasını istəmir. Qərbin xoşagəlməyən cəhətlərindən biri də odur ki, onlar ümumi şəkildə düşünürlər ki, müsəlman ölkələrində demokratiya qurmaq olmaz. Yeganə demokratik müsəlman ölkəsi olan Türkiyədir ki, hazırda da bu ölkədə demokratiyanın oturuşmasına böyük əngəllər yaradılır.

Dinləyici sualı: Etibar bəy, problemlər barədə danışdınız. Bəs problemlərin həllini nədə görürsünüz?


- Daxili siyasi fəallığın artmasına ehtiyac var. Gözləyəndə ki, getsin bu məsələni Etibar Məmmədov və ya başqa siyasətçi həll etsin və oturaq tamaşa edək ki, bunlar necə vuruşacaqlar o zaman heç nə əldə olunmayacaq. Çünki siyasi proseslərin arxasında maddi qüvvə, təşkilati və insan resursları dayanmalıdır. Əks təqdirdə hansısa dəyişikliklərə nail olmayacaq.

Dinləyici sualı: Etibar bəy, müstəqilliyimiz neftlə bağlıdır. Neft qurtarandan sonra xarici qüvvələr Azərbaycanın müstəqilliyini istəməyəcək. Siz necə düşünürsünüz?


- Azərbaycanın müstəqilliyini əlindən almaq qeyri-mümkündür. Sadəcə azadlıqların məfhumu çox böyükdür. Həmin azadlıqların olması insanların özündən asılıdır. İnsanların bütləşdirilməsi həm də dinimizə, həm də azadlığımıza ziddir. İnsanları bütləşdirməyin və heç kəsi üz-üzə qoymayın. Azadlıq müstəqilliyin tərkib hissəsidir. Elə müstəqil dövlət ola bilər ki, onun insanları azad olmasın.
XS
SM
MD
LG