Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:22

«Lider» göstərir, MTRŞ susur, DİN qarışmır...


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
QANUNLAR NƏ DEYİR?

«Azadlıq» qəzetinin sabiq texniki direktoru Azər Əhmədovun bir qızla intim görüntülərini yayımlayan «Lider» televiziyasının rəhbərliyi və xəbər redaktoru cinayət məsuliyyətinə cəlb oluna bilər. Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri isə televiziyanın bağlanması üçün məhkəmə iddiası qaldıra bilərlər.

Hüquqşünas Ələsgər Məmmədli belə deyir və əlavə edir ki, Milli Televiziya və Radio Şurası isə telekanalın lisenziyasını geri ala bilər.

Hüquqşünas deyir ki, teleradio yayımı haqda qanuna görə, pornoqrafik görüntülərin yayımlanması yolverilməzdir. Buna görə qanunun 41-ci maddəsində məsuliyyət də nəzərdə tutulub. Eləcə də Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə, bu cür görüntülərin yayılması cinayət əməli sayılır:

«KİV haqda qanunun 10-cu maddəsində sui-istifadənin yolverilməzliyi, pornoqrafik maddələrin yayımlanmasının yolverilməzliyi vurğulanır və 60-cı maddədə buna görə məsuliyyət müəyyən olunub. Məsuliyyəti də həmin proqramın redaktoru, yayımın sahibi daşıyır. Bu iki şəxs cəzalandırılmalıdır. Bu tip materialın yayılması cinayətdir. Buna görə, müvəqqəti azadlığın məhdudlaşdırılmasından tutmuş üç il məcburi işə cəlbetmə cəzası, iki ilə qədər azadlığın məhdudlaşdırılması da nəzərdə tutulur».

«BU, HÖRMƏTSİZLİK, TƏRBİYƏSİZLİK, MƏSULİYYƏTSİZLİKDİR»

MTRŞ ən azından onlara xəbərdarlıq etməliydi”
Ələsgər Məmmədlinin sözlərinə görə, televiziya və radiolara nəzarət tamamən Milli Televiziya və Radio Şurasına aiddir. Buna görə də reportaj efirə gedən kimi şura toplaşıb «Lider» televiziyası ilə bağlı qərarını verməli, qanunları pozan yayımçı qurum cəzalandırılmalıydı. Ən azından onlara xəbərdarlıq edilməliydi:

«Mən hadisədəki tərəfləri yox, axşam saat 7-də xəbərləri izləmək istəyən bir ananın, bir qızın, bir oğulun və atanın düşdüyü vəziyyəti nəzərdə tuturam. Bu, çox böyük hörmətsizlikdir, bu, çox böyük tərbiyəsizlikdir. Bunu izləyib şok keçirənlər varıydı. Bu, çox böyük məsuliyyətsizlikdir və cinayətdir».

«LİDER» İN REDAKTORU SUSUR

«Lider» televiziyasında «Xəbərlər» redaksiyasının redaktoru Tofiq Abbasov isə deyilənlərə şərh vermək istəmədi. Onun sözlərinə görə, onlar teleradio yayımı haqda qanunun qarşısında məsuliyyət daşıyırlar, başqalarının yox. O ki qaldı, televiziyanın şəxsi həyata müdaxiləsi haqda deyilənlərə, Tofiq Abbasov buna da şərh vermək istəmədi.

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə, şəxsin icazəsi olmadan özəl həyata aid məlumatların yayılması cinayətdir. Üstəlik, bir il öncə Konstitusiyanın 32-ci maddəsinə, özəl həyatın qorunması ilə bağlı maddəyə dəyişiklikdən sonra şəxsin razılığı olmadan video, foto görüntünün sərgilənməsi özəl həyata müdaxilədir.

CİNAYƏT İŞİ BAŞLANDIMI?

Hüquqşünas bildirir ki, prokurorluq orqanları reportajda adı keçən şəxsin müraciətini gözləmədən araşdırmaya başlamalıydılar. Cinayət Məcəlləsinin 156 və 242-ci maddələrinin pozulmasını əsas götürərək. Yəni, həm şəxsi həyata müdaxiləyə, həm də pornoqrafik görüntülərin nümayişinə görə.

Ələsgər Məmmədli deyir ki, qətl baş verəndə araşdırma başlandığı kimi hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlamalıydılar. Hətta Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri qanunları pozan televiziyanın bağlanmasını gündəmə gətirə bilər, məhkəmə iddiası qaldıra bilərdilər.

DİN-İN SÖZÇÜSÜ: MƏTBUAT AZADDIR


Ehsan Zahidov
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov ya söhbətin nədən getdiyini başa düşmədi, ya da söhbəti yayındırmağa çalışdı. O bildirdi ki, mətbuat azaddır və demokratik Azərbaycanda mətbuatın işinə nazirlik müdaxilə etmir.

Ehsan Zahidov bir tövsiyə də verdi, reportajda çılpaq göstərilən şəxslər Teleradio Şurasına müraciət etsinlər:

«Daxili İşlər Nazirliyi mətbuatın işinə müdaxilə etmir və etməyəcək».

Amma Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov həmin şəxslərin prokurorluğa müraciətindən sonra araşdırma aparıla biləcəyini bildirdi.

MTRŞ NİYƏ SUSUR?

Güc qurumları telekanalın bağlanması ilə bağlı iddia qaldırmayacaqlar. Bu, aydındır. Bəs Teleradio Şurası «Lider» TV-nin lisenziyasını geri alacaqmı? Şuranın rəhbəri Nuşirəvan Məhərrəmli bir gün əvvəl AzadlıqRadiosuna demişdi ki, həmin reportaja baxandan sonra mövqe bildirəcək.

Nuşirəvan Məhərrəmli
Oktyabrın 26-da gün ərzində israrlı zənglərimizə rəğmən onu yerində tapa və başçılıq etdiyi qurumun bu qalmaqalla bağlı hansı qərar verəcəyini öyrənə bilmədik.

Amma xatırlatmaq yerinə düşər ki, MTRŞ rəhbəri adətən televiziyalarda milli-mənəvi dəyərlərin qorunmasının tərəfdarı, açıq-saçq səhnələrin əleyhdarı kimi çıxışları ilə yadda qalıb. Bir il öncə o mətbuata demişdi:

«Azərbaycan xalqının mənəviyyatına uyğun olmayan reklamlar verilir. Keçmişdə hamilə qadınlar üzə çıxmazdılar. İndi isə günün-günortaçağı hamilə qadınlar, bezlər reklam edilir».

Görəsən, bu dəfə Şura niyə açıq-saçıq görüntülərin milli mənəviyyata, mentalitetə uyğun gəlib-gəlməməsinə, qanunların pozulmasına reaksiya vermir?
XS
SM
MD
LG