Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:33

Yerevanda Bakının 3.1 milyardlıq hərbi büdcəsi müzakirə olunur


GƏLƏN İL AZƏRBAYCAN ORDUSUNA 3.1 MİLYARD, ERMƏNİSTAN 385 MİLYON XƏRCLƏYİR

Bu ayın əvvəlində Azərbaycan elan edib ki, 2011-ci ilin dövlət büdcəsindən silahlı qüvvələrə ayrılan pulun miqdarını 3.1 milyard dollara çatdıracaq. Bu da Ermənistanın gələn il öz silahlı qüvvələrinə ayırdığı 385.5 milyon dollarlıq büdcədən səkkiz dəfədən çox artıqdır.

Ermənistan Müdafiə nazirinin müavini David Tonoyan oktyabrın 25-də AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində bildirib ki, Azərbaycanı hazırkı sülh şəraitini pozmaqdan çəkindirmək üçün Ermənistan da “strateji nəzarət sistemləri” yerləşdirir: “Məncə, regionda təhlükəsizlik şəraitinin saxlanmasında maraqlı olan qüvvələr bizim silahlı qüvvələrin sülhü qoruma qabiliyyətinin möhkəmləndirilməsində iştirak etməlidir.”

Tonoyan xüsusi vurğu ilə qeyd edib ki, Azərbaycanın silahlı qüvvələri büdcəni artırması hələ ordunun döyüş qabiliyyətinin də yüksəlməsi demək deyil: “Təkcə orduya çox pul vermək və silahlar almaqla qalib gəlməyin mümkün olduğunu düşünmək sadəlövhlükdür.”

ORDUNUN İKİNCİ ADAMI “TƏK BİZ YOX, DÜNYA NARAHAT OLSUN” DEYİR

Tonoyan hesab edir ki, Azərbaycanın son illər Qarabağ münaqişəsini hərbi yolla həll etmək hazırlıqlarından təkcə Ermənistan yox, dünya ictimaiyyəti də narahat olmalıdır. O deyir ki, mümkün müharibənin nəticələri bütün regionda fəlakətli nəticələrə gətirib çıxarardı.

Nazir müavini daha sonra deyib: “Ermənistanın özünün və regionun təhlükəsizliyi ilə bağlı aydın fikirləri var. Yerevan həmçinin hazırkı təhlükələri real qiymətləndirir və onları necə neytrallaşdıracağını bilir”. Amma nazir müavini bu cür ümumi fikirlər arxasında konkret hansı addımlar dayandığı haqqında bir söz deməyib.

ERMƏNİSTAN DA RUSİYADAN PULSUZ SİLAH ALIR


Ermənistan Rusiyanın liderlik etdiyi və yeddi keçmiş sovet respublikasının daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür. Müqaviləyə görə təşkilatın üzvlərindən hər hansı birinin hücuma məruz qaldığı halda, digər üzvlər ona yardım edirlər. Amma Qarabağ rəsmən Ermənistan ərazisi olmadığı üçün Azərbaycanın bu ərazilərdə hər hansı hərbi əməliyyatına həmin yeddi dövlətin müdaxiləsi nəzəri olaraq mümkün deyil.

Ermənistan 1994-cü ildə atəşkəs imzalanana sazişi qədər bir neçə il davam etmiş və 30 min insanın ölümünə səbəb olmuş müharibə ilə Qarabağ da daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Hazırda bu ərazilərə erməni qüvvələri nəzarət etsə də BMT bu torpaqları Azərbaycanın sərhdələri daxilində tanıyıb.

Ermənistan Moskvanın Cənubi Qafqazdakı ən yaxın tərəfdaşı kimi də öz ərazisində Rusiyanın hərbi bazasını saxlayır, Rusiya istehsalı olan silahları ya çox ucuz qiymətə, ya da ümumiyyətlə puslzu alır.

Ermənistandakı Rusiya hərbi bazasının müddətinin 2044-cü ilə qədər uzadılmasını nəzərdə tutan yeni müqavilədə isə Moskva Yerevana müasir silahlar, xüsusi hərbi avadanlıqlar vermək öhdəliyi götürüb.
XS
SM
MD
LG