Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:28

Yol polisi Bakıda ətin qiymətini qaldırır?


ƏT ALANDA YOL POLİSİNƏ DƏ PUL VERMİŞ OLURUQ?

Bakı sakini yalnız yol polisinə rüşvət verəndən sonra bazardan ət ala bilər! Bu nəticəyə rayonlardan paytaxta ət gətirən satıcılarla söhbətdən sonra gəlmişik. Yəni, al-verçi kimi tanıdığımız balaca tacir uzaq kəndlərdən birindən ətin kilosunu 5 manata alır. Onun üstünə yol xərclərini, yeməyini, öz qazancını və yolda polislərə verdiyi rüşvəti də gələndən sonra əti gətirib Bakı bazarında 7-8 manata satır. Beliklə biz də bazara gedib ət alanda mütləq yol boyu düzülən polis əməkdaşlarının da haqqını ödəmiş oluruq.

Bu sadəcə nəticəni isbatlayacaq əhvalata keçək:

- Rayondan Bakıya qədər 6-7 DYP postunda dayanmağımız ətin hər kiloqramının qiymətini 70-80 qəpik artırır. Bakıya hansı yolla gəlirsən, gəl, postların sayı 6-dan az deyil.

Bu sözləri altı ildir Tovuzdan diri mal-qara gətirib Bakının mərkəzindəki ticarət mərkəzlərinə topda satan Vüqar Qocayev deyir. Vüqarın sözlərinə görə, ətlik üçün diri mal-qaranın hər kiloqramı üçün 5 manat 30 qəpiyə alır. Bakıda isə qiymətlər sümüklü ətdə 7 manat 50 qəpik, sümüksüz ətdə 9 manatdır:

YOL POLİSİNİN NİSYƏ DƏFTƏRİ?

- Bakıya Bərdə yolu ilə gəlirik. Artıq neçə illərdir bu işlə məşğul olduğumuzdan polis postlarında maşınımızı tanıyırlar. Onlar bizi işarə ilə saxlamırlar. Posta yaxınlaşanda özümüz bilirik ki, maşını saxlayıb beş manatdan az olmayaraq post-patrul xidməti əməkdaşlarına verməliyik.

- Əgər qanundankənar işiniz yoxdursa, o zaman niyə rüşvət verirsiniz?

- Ona görə ki, bu post o biri posta xəbər verəcək, orada problem yaradacaqlar. Ya lisenziya məsələsini qaldıracaqlar, bir şey tapmasalar deyəcəklər sürəti aşmısız, radara düşmüsüz. Necə deyərlər, keçi keçiliyini sübut eləyənə qədər də, dərisi boğazından çıxacaq.

Vüqar onu da deyir ki, bəzən Bakıya mal-qara gətirəndə bir neçə posta borclu da qalırlar:

- Rayonlarda fermerlər nisyə heç nə satmırlar. Nə alsaq, pulunu nağd ödəməliyik. Bəzən kiçik də olsa, qiymət artımları olur. O zaman əlimizdəki pulun hamısı xərclənir, “postların pulu” da. Belə olanda, maşını saxlayıb deyirik ki, pulumuz qurtarıb, qayıdanda verərik.

- Demək, polislərin də nisyə dəftəri var.

- Var. Ancaq bəlkə də günah həm də özümüzdədi. Əslində biz rayonda ət alarkən Baytarlıq İdarəsindən məhsulun yararlı olması ilə bağlı arayış almalıyıq. Ancaq bunu etməkdənsə, elə hər posta 3-5 manat verməyi daha rahat sayırıq. Deyəsən, elə polislərə də belə sərf edir. Yoxsa, sənəd tələb edərdilər də.

POLİSİN ARQUMENTİ: BƏLKƏ ƏT OĞURLUQDUR?

Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə Vüqar Qocayevin qanunsuz yoxlamalar və rüşvətlə bağlı dediklərini rədd edir. Kamran Əliyevin sözlərinə görə, Bakıya diri mal-qara gətirilən maşınların hər postda yoxlanması ona görə vacibdir ki, Bakıya həm oğurluq, həm xəstə ətin gətirilməsinin qarşısı alınsın:

- Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsində göstərilir ki, əgər sürücü kommersiya fəaliyyəti ilə məşğul olursa, daşıdığı malın sənədini yol polisi əməkdaşlarına təqdim etməlidir. Əgər Bakıya daşınan məhsul standarta cavab vermirsə, o zaman belə çıxır ki, polislər yararsız məhsulların Bakıya gətirilməsinə şərait yaradır. Ona görə də, yük maşınları hər postda saxlanılır və yoxlanır.

- Əgər yükün yola çıxdığı məntəqədən gətirildiyi məntəqəyə qədər 6-7 polis postu varsa, yük bütün məntəqələrdə yoxlanılmalıdır?

- Hər polis postu arasında 70-80 km-lik məsafə var. Yükün haradan gəldiyini dəqiq müəyyən etmək gərəkdir. Bəlkə o mal-qara gətirən elə hər polis postunu keçən kimi yol kənarında kiminsə otardığı mal-qaradan da öz sürüsünə qatır? Hər gün polisə mal-qara oğurluğu ilə bağlı şikayətlər gəlir. Ona görə də nəzarət, yoxlama nə qədər çox olsa, bir o qədər yaxşıdır.

DYP təmsilçisi onu da deyir ki, məsələ ilə bağlı hay-küy qaldıranlar həm də daşınma qaydalarını pozanlardır. Onun sözlərinə görə, Bakıdakı topdansatış məntəqələrinə ət gətirənlər kirli, antisanitar vəziyyətdə olan maşınlarla paytaxta daxil olmaq istəyirlər. Kamran Əliyev deyir ki, belə qanunsuz hərəkətlərin qarşısı alınacaq.

EKSPERT: RÜŞVƏT OLMASAYDI ƏRZAQ AZI 30 FAİZ UCUZ OLARDI!

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, ölkədə korrupsiyanı alıcılar maliyyələşdirir:

- Biz məhsulların qiymətinə oturdulmuş kənar xərclərə pul veririk. Hər bir mal əslində bizim aldığımız qiymətə deyil. İnsanlar, biznes qurumları rüşvəti öz ciblərindən vermirlər, bunu məhsulun qiymətinə otuzdurub verirlər. Yalançı baytar sənədləri toplamaq üçün verilən pullar da, yolda polis postuna verilən rüşvət də sonda bizim cibimizdən çıxır. Əgər dövlət doğrudan da inflyasiyanın 20-30 faiz aşağı düşməsini istəyirsə, buyursun, özünün istehlakçı siyasətini formalaşdırsın. O zaman məhsulların qiyməti xeyli aşağı düşəcək.

Eyyub Hüseynov onu da bildirir ki, bütün bu kənar xərclər məhsulun keyfiyyətinə də birbaşa təsir göstərir. Onun sözllərinə görə, məhsulu bazara çıxaran şəxslər kənar xərcləri kompensasiya etmək üçün daha ucuz məhsul axtarır ki, bu da sonda süfrələrimizə keyfiyyətsiz ərzaqların yol açmasına səbəb olur.
XS
SM
MD
LG