Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Eyvaz Zeynalov "Xəstəlik" (Hekayə)


Səhərin gözü açılmamış arvadımın ağzı açıldı:

- Dur, a kişi, dur get çörək al.

- Axşam çörək təknəsində bir çörəyimiz vardı axı, ay arvad! Özcə gözlərimlə görmüşdüm.

- İndicə qonşumuz Xalidə istədi, verdim ona.

- Niyə demirdin, yoxdu, elə bircə dənədi?

- Eh, a kişi, eşitməmisən, istəyənin bir üzü qara, verməyənin iki üzü də qara, deyiblər. Xalidəyə “yoxdu” demək olar?

- Niyə olmur? Xalidə göydən yenib? Allahın bacısı qızıdı?..

- Göydən-zaddan yenməyib. Nə də Allahın bacısı qızıdı. Amma Xalidə Xalidədi də, a kişi. Özü qapısına diləyə gələnin heç hansını əliboş, naümid geri qaytarmır axı. Görərsən bir gün bizim də ona işimiz düşər.

- Düşməz! - Hirslə dedim. - Mənim hər şeydən yana dəqiqədə bir qonşuya diləyə qaçandan zəhləm gedir. Xüsusən, qadından!

- Az danış, a kişi. Şahın da qaraçıya işi düşür.

Arvadıma dil çatdırmaq əvəzinə öz-özümə keçmiş qonşum Əlini yamanladım, asıb-kəsdim. Bilmirəm yaşının bu çağında hardan ağlına gəldi Bakıya köçmək?

Adam tapdı ev-eşiyini satmağa. Belə də qonşuluq olar? Gəldikləri üç-dörd aydı, canımızı boğazımıza yığmışdı. Hələ bir bunu tərifləyirlər də: “Əltutan, çox xeyirxah arvaddı!”

Halalca çörəyimi əlimdən al, özümü də tülküdurmazdan sal şəhərin canına - budumu xeyirxahlıq?..

Beləcə deyinə-deyinə qalxıb geyindim.

Bayıra çıxanda Xalidəni hasarın başında boynunu burub dayanan gördüm. Çay termosunu istəyirdi. Çörək alıb qayıdanda Xalidə yenə hasarın başındaydı.

İndi də əl tərəzisinə gəlmişdi. Səhər yeməyinin axırıncı tikəsi boğazımdan düz-əməlli ötməmişdi ki, Xalidənin səsini təzədən eşitdim. Ətçəkən maşın lazımdı...

Hə, bu, kinonun əvvəli, jurnalıydı. Bunun qab-qacağı, iynə-sapı, yun çubuğu, balta-dəhrəsi, kartof-soğanı, göy-göyərtisi, süd-qatığı, nə bilim nəyi vardı. Zalımın qızı elə bil oyun oynayırdı.

Hazırlaşıb işə yollananda arvadım ərəbzəngi kimi qarşımda bitdi.

- Kişi, Xalidə əlli manat pul borc istəyir.

Daha dözmədim.

- Belə olmaz, ay arvad, - dedim. - Bu lap ağ elədi. Barı sən də bir şey istə ondan.

- Allaha şükür, evimizdə hər şeyimiz var. Nə istəyim, a kişi?

- Əşi, istə də, bir şey istə!

- Nə istəyim ey axı?

Fikirləşdim, fikirləşdim, axırda dedim:

- Çəkmə qıyı istə.

- Nəə?.. - Arvadım təəccübləndi.

- Çəkmə qıyı, çəkmə!

- A kişi, Xalidədə çəkmə qıyı hardandı? Əri hesabdar, mühasib, özü də evdar qadın.

- Elə mənim də axtardığım odu ki, səni əliboş geri qaytarsın. Bəlkə bundan sonra bizi rahat buraxa.

Arvadım getdi, tez də geri qayıtdı. Özü də əliboş. Mən sevindim.

- Hə, nooldu? Hanı çəkmə qıyı?

- İndicə gətirəcək.

- Nəyi gətirəcək, ay arvad?

- Çəkmə qıyını də. Dedi ki, get, tapıb özüm gətirəcəyəm...

İşə geciksəm də oturub gözlədim. Xalidə bir azdan doğrudan da, çəkmə qıyını tapıb gətirdi.

İşdə nə qədər fikrimi cəmləməyə çalışsam da bacarmırdım. Elə hey düşünürdüm ki, Xalidəni nəyə göndərim ki, tapıb gətirə bilməsin. Birdən yadıma düşdü. Tez telefona cumdum.

- Arvad, - dedim, - Xalidədən maşın domkratı istə.

Arvadım güldü.

- Domkratı neynirsən, kişi? Nə sənin maşının var, nə də Xalidənin ərinin.

- Cəhənnəmə ki! Olmamağı yaxşıdı. Qoy tapsın görüm necə tapacaq!

- A kişi, üzüm gəlmir axı.

- Gəlsin! - Telefonda bağırdım.

İşimi-gücü atıb qulağım səsdə gözlədim. Telefon zınqıldayan kimi dəstəyi qaldırdım.

- Hə, nooldu?.. - Soruşdum.

- Noolacaq, - arvadım dedi, - Xalidə domkratı gətirdi. Maşın nasosunu da üstündə.

- Ondan maşın nasosu istəyən vardı?

- Bərayi-ehtiyat gətirib də, kişi...

Daha sözüm yoxdu. Lap möcüzəydi! Zalımın balası telefonda arvadımın vasitəsi ilə nə buyurdumsa gətirdi. Bircə dəfə üzünü turşudub soruşmadı ki, a başınıza dönüm, axı bunlar sizin nəyinizə gərəkdi?..

Axşam mühasib qonşum (Xalidənin əri) məni nərd oynamağa çağırdı. Həyətdə stol açmışdı. Pürrəngi çaydan içə-içə şirin oynadığımız zaman birdən dilim dinc durmadı.

- Qonşu, - dedim, - yəqin nərdi təzə almısan?

Hərçənd təzəyə oxşamırdı.

- Yox, əşi, - dedi, - beş-altı ildi məndədi. Bir dostum bağışlayıb.

- Bəs axı o günü Xalidə bacı bizdən nərd istəyirdi...

- Yəqin qonşular üçün istəyirmiş.

Məəttəl qaldım.

- Necə yəni qonşular üçün? Özünüzünkü zanitdi?..

Qonşum dərdli adam kimi dərindən köksünü ötürdü.

- Eh, qonşu, - dedi, - mənim dərdim deyiləsi, açıb-ağardılası dərd deyil. Şəhərin mərkəzində o boyda topdağıtmaz, hər cür şəraiti, rahatlığı olan ev-eşiyimi satdım, gül kimi məhəlləmizi, qonşularımızı dəyişdim, amma arvadımın xasiyyətini dəyişə bilmədim ki, bilmədim.

- Anam-bacım olsun, xasiyyətinə nə gəlib, a qonşu?..

- Köhnə məhəlləmizdə də əvvəl arvadımı hamı tərifləyirdi. Niyə də tərifləməyəydilər? Kişinin qızı özünü həddən artıq səxavətli, əliaçıq tanıtmışdı. Qonşulardan kimin nə əyər-əskiyi olsa, onun üstünə qaçardı.

Dəyirmana döndərmişdilər evimizi. Bir gün bezib buna görə dava-dalaş saldım. Kaş heç salmayaydım.

Qaş düzəltdiyimdi, vurub gözünü də çıxartdım. Dava-dalaşdan sonra arvadım evin bircə çöpünü də tərpətmədi. Ancaq üstünə diləyə qaçanın birini də əliboş geri qaytarmadı.

Bir qonşunun istəyini, diləyini yerinə yetirmək üçün poçtalyon kimi o biri qonşunun üstünə qaçdı, ağız açdı. Başladı ondan alıb buna, bundan da alıb ona verməyə.

Qonşuların da heç nədən xəbəri yox. Elə bilirdilər hər şey əvvəlki kimi yenə özünündü...

- Bu ki, hamam suyuynan dost tutmaqdı, qonşu.

- Hər nədisə çox qəliz xəstəlikdi. Axırda məsələnin üstü açıldı. Məlum olanda ki, arvadım qonşulardan aldıqlarını özünə almırmış, dava-mərəkə qopdu. Aralıqda kiminin termosu qırılmışdı, kiminin ət maşını itmişdi, kiminin də pulu batmışdı.

Hamısının haqq-hesabını arvadımla çəkdilər...

O saat Xalidənin arvadımdan aldığı əlli manat yadıma düşdü. Görəsən o pulu kimin üçün, hansı qonşu üçün almışdı? Qaytara biləcəkdimi?..

- Xətrinə dəyməsin, doğrudan da, çox qəliz xəstəlikdi, qonşu, - dedim. - Kaş yolxucu olmayaydı. Birdən bizim arvadı da yoluxdurar...

Aradan bir müddət ötmüşdü. Bir gün işdən evə dönəndə arvadım dedi:

- Xəbərin var, kişi, mühasib qonşumuzu tutublar?

- Niyə?.. - Təəccüblə soruşdum.

- Rüşvət üstündə, -arvadım dedi.

Demə, qonşum arvadından betər xəstəymiş. Arvadı qonşular arasında məişət əşyalarını dəyiş-döyüş eləyirdi. Yazığın elə bir qazancı, umacağı da yoxdu xətir-hörmətdən başqa.

Amma əri rüşvət dəyiş-döyüşüynən məşğul imiş. Birindən alırmış, o birinə verirmiş, o birindən alırmış, bu birinə verirmiş. Xətir-hörməti, qazancı da öz yerində...
XS
SM
MD
LG