Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:23

«Qaçaqmalçılar indi vəzifədədirlər...»


Ərəstun Oruclu
Ərəstun Oruclu
«Azərbaycanla İran arasında qaçaqmalçılıq rəsmi ticarət dövriyyəsindən çoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. O deyib ki, İranla aparılan siyasi və iqtisadi əlaqələrin arxasında əslində gizli məqamlar var.

İRANA UÇOTDANKƏNAR NEFT ÖTÜRÜLÜR


«İlk növbədə burda ABŞ-ı narahat edən məqam Azərbaycan hakimiyyətinin İran rejiminə münasibətdə beynəlxalq sanksiyalardan yayınmaq cəhdidir. Azərbaycan uzun müddət, rəsmilərin təbirincə desək, razılaşdırılmış xarici siyasət kursu yeridib guya. Əslində isə bunun arxasında bugünkü hakimiyyət elitasının maraqları dayanıb. İranla Azərbaycan arasında əgər biz rəsmi rəqəmlərə baxsaq, ticarət dövriyyəsi son dərəcə aşağıdır. Yəni heç orda yüz milyon dollardan belə söhbət getmir. Və bu, tutalım ki, Azərbaycan-Rusiya ticari dövriyyəsinin hardasa iyirmidə biridir. Türkiyədə ticarət dövriyyəsinin onda biridir. Amma burda qeyri – leqal iqtisadi əlaqələr məsələsi var ki, məsələn müxtəlif maliyyə əməliyyatlarının keçirilməsidir, uçotdan gizlədilmiş neft və neft məhsullarının ötürülməsidir. Faktiki olaraq söhbət qaçaqmalçılıqdan gedir».

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyib ki, bu iqtisadi əlaqə inhisarçılıq maraqlarına söykənir.

QEYRİ-RƏSMİ ƏLAQƏLƏR RƏSMİ ƏLAQƏLƏRDƏN ÇOXDUR?
Natiq Cəfərli


«Burda dövlət maraqlarının deyil, şəxsi maraqlarının, biznes maraqlarının təmin olunması daha irəli çıxır. Azərbaycan məmurları da bundan istifadə edərək İranla öz maraqları çərçivəsində biznes fəaliyyəti həyata keçirirlər və bu maraqları təmin etmək üçün İranla biznes əlaqələri qururlar. Amma çox təəssüf ki, Azərbaycanda korrupsiya və kölgə iqtisadiyyatının olmasını nəzərə alaraq Azərbaycanla İran arasında olan qeyri-rəsmi ticarət dövriyyəsi rəsmi ticarət dövriyyəsini üstələyir və bu haqda normal məlumat aparmaq və normal analiz aparıb araşdırma aparmaq demək olar ki, mümkün deyil».

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan İranla münasibətlərinə yenidən göz gəzdirməlidir.

«Əgər Azərbaycan hökuməti milli maraqları nəzərə alsaydı belə, heç bu sanksiyalar olmadan da İranla olan qaz və enerji anlaşmalarına yenidən baxmağa və daha köklü dəyişikliklərə getməliydi, çünki İranın Ermənistanın qaz və enerji təchizatında çox böyük rolu var. Və İran dövləti Ermənistanın həm qazla həm enerji ilə təmin olunmasında Rusiyadan sonra ikinci rol oynayır. Amma Azərbaycan buna baxmayaraq İranla həm qaz sahəsində həm enerji sahəsində əməkdaşlıq etməkdə israrlıdır. Bu da İran tərəfdən olan müəyyən təzyiqlərin yumşaldılması nöqteyi-nəzərindən edilir».

BMT NƏ ETMƏLİDİR?


Siyasi-şərhçi Sədrəddin Soltan isə deyir ki, Azərbaycanın BMT sanksiyalarını qəbul etmədiyi üçün ona təhlükəsizlik təminatı verilməlidir.

«Azərbaycanla İran arasında iqtisadi əlaqələrin kəsilməsi üçün, başqa sözlə, BMT-nin qəbul etdiyi 4-cü sanksiyaya Azərbaycan Respublikasının qoşulması
Sədrəddin Soltan
üçün Azərbaycan təhlükəsizlik sistemində təminat verilməlidir. Başqa sözlə, Azərbaycan təhlükəsizlik sisteminə yardım olunmalıdır. Bu həm iqtisadi, həm siyasi, həm də terror məsələsi ilə bağlıdır. Həm də sərhədlərin qorunması məsələsi ilə bağlıdır. Çünki Ermənistana təzyiqlər və sanksiyalara qoşulmaq haqqında tələblər irəli sürülmədiyi təqdirdə İranla Ermənistan arasında əlaqələr genişlənər və ordan Azərbaycana İranın yardımı ilə təzyiqlər ola bilər».

QAÇAQMALÇILAR İNDİ VƏZİFƏDƏDİRLƏR


Ərəstun Oruclu isə deyib ki, biznes maraqlarının qarşısında heç bir sanksiya dayana bilməz. Politoloq öz təcrübəsindən bir misal da çəkib:

«92-93-cü illərdə mən Milli Təhlükəsizlik Nazirliyində işləyəndə metal qaçaqmalçılığı məsələsini araşdırırdıq. O zaman İraq-Küveyt əməliyyatından sonra İraqa müəyyən məhsulların ixracına embarqo qoyulmuşdu. Və bu, o cümlədən strateji əhəmiyyətli metallara aid idi. Amma bu metallar gedirdi. Amma necə gedirdi. Məsələn, bu metallar Rusiyadan gedirdi. Amma Rusiya təcrübəli dövlət olduğu üçün bunu əvvəlcə Ukraynaya ötürürdü. Ukrayna məmurları az acgöz olduqları üçün onu ötürürdülər Azərbaycana. Azərbaycandan bu ya İran vasitəsilə, ya da bilavasitə ötürülürdü. Biz bir neçə belə təhqiqatlar aparmışdıq. O insanlar əslində beynəlxalq qaçaqmalçılığa və BMT sanksiyalarını pozduqlarına görə həbsxananın astanasında dayanmışdılar. Amma çox təəssüf ki, 93-cü ilin iyun qiyamı baş verdi və mənim böyük təəccübüm ondan ibarət oldu ki, bir müddətdən sonra mən bütün bu adamların hamısını müxtəlif hakimiyyət pillələrində gördüm. İndi də var həmin adamlar. Yəni Azərbaycanda bu qaçaqmalçılığın ənənəsi bu gündən gəlmir».
XS
SM
MD
LG