Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:48

Sultan Mərzili "Tolamazı" (Hekayə)


Yazın gülün gülü, bülbülün bülbülü çağıran vaxtıydı.

Quruca adı qalmış Vərəndəli torpağında ot topuqdan yuxarı qalxmışdı.Sürülər göy otlüqda ləzzətlə otlayır, gün vurduqca qışın ağrı-acısı canlarından çıxırdı.

May ayı sanki çobanların bəylik ayıdır. Beş-on günə el arandan yaylağa tərpənəcəkdi.

Hələ ki, yerdə-yurdda şirəli otlar bol olduğundan sürülər rahatca otlayır, çobanlara əziyyət vermirdi.

Bir xırman boyda yerdə bir sürü otunu alıb rahatca duruşurdu. Çobanlar sürünü otluğa buraxıb özləri bir-birinə yaxın gəlib hal-kef edir, söhbətləşirdilər.

Yüz dəfə eşitdikləri söhbətlərini bir də təzələyir, ləzzətlə qulaq asır, yeni xəbərlərdən də gözünə qatıb ötürürdülər.

İnsanda informasiya aclığı deyilən bir şey var ki, bunu da arvadlar kişilərdən daha yaxşı bilir və söhbət-qeybət, əlinin papağını vəlinin, vəlinin də papağını məmmədəlininin başına qoymaq kimi bir şey olur.

Kişilər belə deyil, kişilər elə köhnə söhbətləri təzələyib bir də təkrarlayırlar və o biri həmsöhbət də həm nəzakət xatirinə, həm də özü də elə olduğundan susub qulaq asır.

Orta yaşlı qırmızıyanaq, qarayanız, tökmə bədənli çoban enli zabit qayışının altından yoğunluğu barmaq ölçüsündə alüminum trubadan, yaxud borudan düzəltdiyi yan tütəyini çıxarıb bir çoban bayatısı dəmlədi.

Yan tütəyinin adına biz azərbaycanlılar "düdük" deyirik.

Bu ola bilsin ən bəsit və asan düzəldilən, erməni demişkən "ən qədim" musiqi alətidir, amma məcazi mənada düzünəqulu, dayaz adamlara da söyüş və təhqir kimi "düdük" deyilir.

Bu 30-35 santimetr uzunluğunda, bir birindən təxminən 2 sm. məsafədə 6 - 8 sayda deşikləri olan, yuxarıdaki iki deşiyin orta məsafəsində alt tərəfdə yarımtonlar üçün "dəm deşiyi" də olan sadə bir alətdir.

Qədimlərdə qarğıdan və ağacdan hazırlanırmış, indinin çobanları isə alüminium borulardan düzəldir.

Sürü düdük səsinə ağzını otdan çəkib duruşdu, qaraçılları mələşdi, elə bil heyvanların yadına Dəlidağın yaylaqları düşdü. O biri sürünün yanındakı çoban səsləndi:

- Ay Məhərrəm, əyə nə yanıqlı çalırsan, lap məni köyrəltdin!

Məhərrəm kişi tütəyinə ara vermədən ona tərəf çevrildi və yavaşdan havanı döndərib "heyvagülünə" keçdi.

- Deyəsən, könlünə heyva düşüb haa, payızatan səbrin çatmır? - Bu çobanların öz aralarında bir-birinə zarafatları idi.

Kənar adamın nəyə işarə vuruluğunu başa düşməyi çətin məsələ idi və əslində bu çöldə-biyabanda qoyun sürüsündən, alabaşlardan və səs-səsə vermiş quşladan başqa heç kim yox idi.

Astadan meh əsdikcə qırpılan otların xoş qoxuları bir-birinə qarışır, adamı məst edirdi.

Məhərrəm kişi üç qız atası idi. Mollanın deməyinə görə bu səbəbdən cənnətdə yeri hazır idi. Amma bu dünyada qoyub cənnətə gedəcəyi yurdunda heç olmasa bir çıraq yandıracaq oğul istəyi də var idi.

Hərdən şeytan qəlbinə vəsvəsə salırdı ki, arvadı boşa, ya get birini də al! Amma şəninə sığışdırmırdı, arvadı çox mehriban qadın idi, həm də eldən ayıbı gəlirdi.

Amma çox istəyirdi ki, evə gələnədə qarşısına balaca bir başıpapaqlı çıxsın, yanında bir erkək quzu kimi hoppanıb-düşəni olsun. Arvadı yenə hamilə idi.

Məhərrəm kişi bu dəfə çox ümidli idi ki, oğlu olacaq və ürəyində tutmuşdu ki, bax elə kirvəsi də bir az aralıda qoyun otaran uşaqlıq dostu Mötəbər olsun.

Səhər evdən çıxanda arvadın hıqqıltısından başa düşmüşdü kü, bu gün azad olacaq.

Ona görə nigaran idi. Baş qarışdığından nahara yemək də götürməmişdi, amma düşünürdü ki, yəqin uşaqlardan kimsə gətirəcək.

Günortaya az qalırdı. Bir azdan heyvanları Bəylik bağına, tutluğa suvarmağa və kölgələnməyə aparmaq lazım gələcəkdi.

Ona tərəf gələn Mötəbər Məhərrəmin tütəyinə ara verməyini görüb dedi:

- Ay Məhərrəm, əyə gəl bəri bir tikə çörəkdən-sudan yeyək! Musiqiynən qarın doymaz!

- Nuş olsun! Vallah, hələ iştahım yoxdur, özü də indi uşaqlar birşey gətirəcək. Sən işində ol.

Bu hində yaldan qrmızı yaylıqlı, 8-9 yaşlarında, əlində bağlama tutmuş bir qız uşağı gəldiyi göründü. Uşaq yorulduğundan bağlamanı bir əlindən o biri əlinə ötürür və yana əyilə-əyilə gəlirdi. Məhərrəm kişinin ürəyi həyəcanla çırpındı. Qızına tərəf:

- A bala gəlmə, orda dur, özüm gəlirəm,- deyə qabağa yeridi. Bayaqdan qoyunların kölgəsində gizlənən Alabaş da durub sevinclə qızın qarşısına tərəf yüyürdü. Qoyunlar hürküşüb mələşdilər. Yaşıl otluqda əyləşmiş Mötəbər papağını çıxarıb yanına qoydu. Çibindən iri bir dəsmal çıxarıb tərini sildi və diqqətlə ata-bala söhbətini dinşədi.

Məhərrəm kişi qıza çatıb bağlamanı əlindən aldı:

- A bala, bu nədi belə, daş-qaya yüklənib gətiribsən?

- Nağayrım, sənin böyük qızın qoyuf dayna, sudu, çaydı, yeməkdi.

- Anan nətərdi?

- Muştuluğumu ver deyim!

- Verəjəm, niyə vermirəm! De görüm nooldu?!

- Bir bajımız da oldu! Qağa, bax onun adını mən qoyajam!

Məhərrəm kişinin dünya başına fırlandı, çomağına söykənib susdu. Uşağın muştuluq payı da yadından çıxdı.

Dünya söykəndiyi çomağının ətrafında sürətlə fırlanıb yavaşıdı. Uşaqlıqada "hərrənbaba" oynayanda belə olurdu.

Alça ağacından düzəldilmiş toppuzlu çomaq yaz günəşinin şüaları altında qıpqırmızı qızarıb qızıl ilan kimi par-par parlayırdı.

Kimin təpəsinə endirsən beyni qatıq kimi dağılardı. Amma kimin təpəsinə endirəsən ki?!

Məhərrəm kişi özünü toxdadıb uşaqdan bir-iki adddım yana çəkildi.

Başını qaldırıb göylərə baxdı. Ala yaz buludları arasından map-mavi səma görünürdü. Bulutlarla səmanın arasında, lap yüksəklikdə sanki hərəkətsiz dayanmış qartal süzürdü.

Məhərrəm kişi elə bil onu qaralayıbmış kimi üzünü göyə tutub dedi:

- Munun da qabağından dinmədikcə lap özündən çıxır!

Neynirəm ə, mən bir heylə qızı?! - deyərək toppuzlu qırmızı alça ağacıını var gücü ilə göylərə tolamazladı. Bu sözlərdən elə bil göy guruldadı, ildırım çaxdı.

Məhərrəm kişinin alça ağacı qızıl ilan kimi atılıb buludları çaldı, şimşək kimi çırpılıb şaqqıltı saldı. Tolamazının arxasınca iri ala gözlərindən çıxan qığılcımlar buludları silkələdi.

Yerə düşən ağacın arxasınca şümşür oynadı, selləmə yağış tökdü. Sürü duruşdu. İstidən təntimiş heyvanlar yaz yağışında ləzzətlə yuyunmaqda idilər.

Bu əhvalatdan sonra qaradağlı Məhərrəm kişinin dalbadal üç oğlu oldu. Kənddə söz yayılımışdı ki, Məhərrəm kişi Allaha tolamazı atıb,

O da ona oğul verib. "Ağlamayana əmcək yoxdu"- deyiblər. Yəqin ki, Allah da fağır, yehmə bəndələrini deyil, diribaş, haqqını tələb edənləri daha çox sevir.

Onun hikmətlərindən danış¬maqla doyulmaz, amma heç olmasa dünyada iki kişi var idi, bilirdilər ki, Allah həm də zarafatı sevən imiş.

Ona ərk edən bəndəsinin tolamazısı da xoşdur.

2010, Moskva
XS
SM
MD
LG