Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:05

2 milyondan çox müsəlmanın Həcc ziyarəti başlanıb


Noyabrın 15-i 2 milyondan çox müsəlman Həcc ayinlərini icra etmək üçün Ərafat dağının ətəyinə toplaşıb. Dünəndən yola çıxan on minlərlə ağ kəfən geymiş müsəlman “Burdayıq Allahım, sənin çağırışına gəlmişik” sədalarıyla Mina çölünə yürüyüblər. Zəvvarlar şər qarışandan sonra Muzdalifa yaxınlığında “şeytanı daşlamaq” ayinini icra edəcəklər.

Suriyadan ziyarətə gələn zəvvarlardan Məhəmməd Babəki deyir ki, onlar təmizlənmək, paklaşmaq və bağışlanmaq üçün burdadırlar:

“BU, ÇOX QƏRİBƏ HİSSDİR”

“Bu, çox qəribə hissdir, günahların bağışlandığı bir gündə ümid edirik ki, Allah bizi də bağışlayacaq və ziyarətimizi qəbul edəcək”.

1.7 MİLYON NƏFƏRLİK KVOTA


Səudiyyə Ərəbistanı bu ll Həcc ziyarəti üçün rəsmən 1.7 milyon nəfərlik kvota ayırıb. Ancaq rəsmən ayrılan kvotadan yüz minlərlə çox müsəlmanın Məkkə və Mədinəyə ziyarətə gəldiyi bildirilib. Ziyarətə gələnlərin hərəsinin öz diləyi olsa da, hər kəsi birləşdirən bağışlanmaq istəyidir.

Hindistandan gələn Şeyx Əhməd:

“Mən Allahdan bütün müsəlmanları bağışlamasını istəyirəm”.

ÇƏTİRLƏR VƏ YEMƏK


Zəvvarların toplaşdığı yerlərin yanında xeyriyyə fondları və təşkilatçılar ziyarətçilərə gün vurmasın deyə çətirlər və yemək paylayırlar. Zəvvarların bir çoxu Məkkə və Mədinədən bura avtobuslarla gəlirlər. Amma son illər ərzində baş verən basabaslardan sonra bu ildən Çin şirkətinin tikdiyi yeni dəmiryol nəqliyyatı da işə salınıb. Bu qatarlarla 5 günlük ziyarət zamanı 180 minə yaxın zəvvarın daşınması gözlənilir.

Sonuncu dəfə 2006-cı ildə yaranan böyük basabas vaxtı 360 nəfər vəfat etmişdi. Builki Həcc ziyarəti isə hələ ki sakit keçir. Hətta Səaudiyyə Ərəbistanı rəsmiləri “Əl-Qaidə”nin ziyarət vaxtı terror aktı törətməsinə qarşı tədbir gördüklərini bildirsələr də, terrorçu təşkilat belə bir niyyətinin olmadığını bəyan edib.

AZƏRBAYCANA DAHA AZ YER

Əvvəlki illərə baxanda bu il ziyarət üçün Azərbaycana daha az yer ayrılıb. Qafqaz Müsəlmanları İdarəsi müraciət vaxtını uzadandan sonra kvotanın tam dolduğunu bildirib. Amma ümumilikdə Azərbaycandan 800 nəfər təyyarə, 1200 nəfər isə avtobusla ziyarətə gedib. Ötən həftə Azərbaycandan gedən zəvvarlardan biri vəfat edib.

“HEÇ DƏ HAMI ZƏVVAR OLMAĞA GETDİYİNİ ANLAMIR”


Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev “Trend”ə deyib ki, ziyarətə gedənlərə bütün şərait yaradılıb. Ancaq, zəvvarların son illər artan şikayətlərinə toxunan Musayev əlavə edib ki, zəvvar axını böyük olduğundan hamının tələblərini təmin etmək mümkün olmur. Bir problem də ondadır ki, heç də hamı zəvvar olmağa getdiyini anlamır, əziyyət çəkmək, piyada getməklə barışmaq istəmirlər.
XS
SM
MD
LG