Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:52

ABŞ Dövlət Departamentinin hesabatında din...


ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosu dünyada dini vəziyyətlə bağlı növbəti hesabatını yayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ötən illə müqayisədə din azadlığına hörmət bir o qədər dəyişməyib:

«Hökumət bəzi hallarda dini azadlığını məhdudlaşdırmaqda davam edib. Qeydiyyatda olmayan bəzi müsəlman və xristian qruplarının fəaliyyəti məhdudlaşdırıb.

Yerli məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi barədə məlumatlar olub».

ABŞ Dövlət Departamenti bildirir ki, 2009-cu ildə bağlanan məscidlərin qapısı bağlı olmaqda davam edib.

2010-cu ildə isə bir neçə məscid ya sökülüb, ya da bağlanıb.

Hesabata görə, Konstitusiya dəyişikliyi və 2009-cu ildə qəbul edilmiş digər qanunlar dini məhdudiyyətləri artırıb və dini qrupların qeydiyyatı üçün yeni tələblər əlavə edilib.

«Konstitusiya dəyişiklikləri xaricilərin dini təbliğ etməsini məhdudlaşdırıb və sonradan ancaq ölkə daxilində təhsil alan vətəndaşların dini mərasimləri apara biləcəyi müəyyənləşdirilib.

Milli Məclis isə bütün dini komitələrin 2010-cu ilin yanvarından yenidən qeydiyyata keçməsinə dair qəbul edib. Bu isə bir çox dini icmaların qeydiyyatına problem yaradıb».

Hesabatda qeyd edilir ki, qeydiyyat problemi yaşayan icmaların bir çoxu "qeyri-ənənəvi" icmalardır.

Məsələn, Yehova Şahidləri, 7-ci günün adventistləri...

Hesabata görə, bir çox dini qruplar dövlətin müdaxiləsi ilə üzləşməyib.

«Bununla belə yerli məmurların bəzi dini fəaliyyətlərə nəzarət etdiyi, İslam və «qeyri-ənənəvi» dini qrupların üzvlərini incitdiyi və həbs etdiyi barədə məlumatlar olub».

Hesabatda 2009-cu ilin son günləri, 2010-cu ilin ilk günlərində Naxçıvanın Bənənyar kəndində Aşura mərasimində əvvəlcə 10 nəfərin həbs edildiyi, daha sonra isə daha 200 nəfərin tutulduğu, həbsinə etiraz edənlərin döyüldüyü qeyd edilir.

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsinin ölkəyə dini ədəbiyyatın gətirilməsinə də ciddi nəzarət etdiyini, dini icmaların özlərinə ədəbiyyat gətirmələrinin uzun bir proses olmasından şikayətləndiyi deyilir.

Hesabatda müsbət cəhətlər kimi Qafqaz Müsəlmanları idarəsinin yerləşdiyi Təzə pir məscidinin yenidənqurmadan sonra açılması, bir sıra məscidlərin təmir edilməsi, Bakıda erməni katalikosunun da iştirakı ilə beynəlxalq konfransın keçirilməsi göstərilir.
XS
SM
MD
LG