Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Saakaşvili Sarkisyanın zənginə niyə cavab vermirdi?


Saakaşvili Sarkisyanı Tbilisidə qəbul edir, 30 sentyabr 2008
Saakaşvili Sarkisyanı Tbilisidə qəbul edir, 30 sentyabr 2008
“Gürcüstan Ermənistanın ünsiyyət yaratmaq cəhdlərinə məhəl qoymadıqca, Ermənistan rəsmiləri özlərini təhqir olunmuş sayırlar.

Bunlar arasında ən əlamətdar hadisə Gürcüstanın xarici işlər nazirinin Ermənistanın xarici işlər naziri Nalbandyanla hava limanında hətta bir neçə dəqiqəlik görüşdən imtina etməsidir.

Bu, 15 avqustda olub. Prezident Sarkisyan Gürcüstan prezidenti Saakaşvili ilə əlaqə yaratmaqda uğursuzluğa görə daxildə tənqid olunmağa başlayıb”.

Bu, Wikilieaks təşkilatının açıqlamağa başladığı 250 min diplomatik məktublar silsiləsinin davamıdır.

Dünyadakı 270 Amerika səfirliklərinin və diplomatik mənbələrinin yazdığı 226 məktubu ilk gündə açıqlayan “Wikilieaks”in Ermənistan haqda açıqladığı yeni məktubda 2008-ci ilin avqustundakı Rusiya-Gürcüstan müharibəsi dövrünə toxunulur. O vaxt Sarkisyan nə qədər çalışsa da Saakaşviliyə zəng edə bilməyib və bundan Amerika səfirliyinə şikayət olunub:

“Gürcüstanın prezident, baş nazir, xarici işlər naziri səviyyəsində Ermənistandan gələn zənglərə cavab verməməsi Ermənistanı narahat edir.

Sarkisyanın köməkçisi etiraf edib ki, Sarkisyan eyni gündə həm Medvedevə, həm Saakaşviliyə zəng etmək istəyib. Sarkisyan bununla göstərmək istəyirdi ki, Ermənistan Rusiya və Gürcüstan arasında bitərəfdir. Ancaq Medvedevlə danışandan sonra Saakaşvili ilə danışa bilməmək elə vəziyyət yaradıb ki, Ermənistan Rusiyapərəst görünüb.

Sarkisyan dəfələrlə zəng etməyə çalışandan sonra nəhayət Saakaşviliyə məktub yazıb”.

“Artıq Ermənistanın bir müxalifət qəzeti Sarkisyanı Rusiya prezidenti Medvedevə zəng edib, Gürcüstan prezidenti Saakaşviliyə zəng etməməsinə görə tənqid edib. Qəzet Sarkisyanı tənqid edir ki, Rusiyaya xoş gəlmək üçün Sarkisyan milli maraqları qurban verir.”

Erməni tərəfinin Amerika səfirliyinə şikayətində təkcə inciklik yox, həm də xəbərdarlıq var:

“Ermənistan rəsmiləri deyirlər ki, onlar Gürcüstan barədə müsbət tonda danışırlar, ancaq Gürcüstanın “düşmənçilik münasibəti” davam etsə, Ermənistan rəsmilərinin də tonu dəyişəcək. Ermənistan rəsmiləri şikayətlənirlər ki, telefonu götürməyən Saakaşvili heç olmasa sonradan Sarkisyana zəng etmir.

Nalbandyan hava limanında Gürcüstanın xarici işlər naziri Tkeşelaşvili ilə görüşmək istəyəndə o deyib ki, Tbilisidən aldığı təlimata görə, dərhal Gürcüstana qayıtmalıdır.
Nalbandyan əsəbiləşib ki, “onlar bizdən daha nə istəyirlər?”

O bildirib ki, Gürcüstan haqda neqativ bəyanat verilmir, əgər verilsə, bunun Gürcüstanda ermənilərin yaşadığı Cavaxetiyda mənfi əks-sədası olacaq.

Ancaq Ermənistanın xarici işlər naziri əlavə edir ki, bu kartı Gürcüstanla oynamaq fikirləri yoxdur, ancaq bu reallıqdır.”

Məktubda erməni tərəfinin bir şikayəti də var. Deyilir ki, “Potidə və Sadaxlıda Ermənistan üçün mallar müvəqqəti saxlanır, Azərbaycan yükləri isə sərbəst keçir”.
XS
SM
MD
LG