Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Azərbaycan məktəblərin cəmi 3 faizinin internetə çıxışı var


ölkə məktəblərinin cəmi 3 faizinin internetə çıxışı var
ölkə məktəblərinin cəmi 3 faizinin internetə çıxışı var
Bərdənin Soğanverdi kənd məktəbinin yuxarı sinif şagirdi, adını öz xahişi ilə dəyişdiyimiz Aqşin Ağayev kompyuter biliklərinə bir neçə il fərdi müəllimlə yiyələnib. Əslində, onun kompyuter bilikləri sadəcə kompyuteri açıb-bağlamaq, fayl açıb yaddaşa verməkdən ibarətdir. O deyir ki, məktəblərində bir sinif otağında 4 kompyuter var, amma uşaqlar onu elə kənardanca seyr edə bilirlər. Şagirdin sözlərinə görə, sinif yoldaşlarının əksəriyyətinin isə ümumiyyətlə kompyuter barədə anlayışları yoxdur:

- İnformatika dərsləri keçilmir.

- Bəs kompyuterlə hansı dərsdə məşğul olursuz?

- Heç bir dərsdə. Otağın qapısı elə bağlı durur.

Aqşin internetə yolu mobil telefonunda tapıb. Onun kompyuterdən internetə girmək haqqında təsəvvürü belə yoxdur:

- Mobil telefonla girirəm internetə.

TƏNƏFFÜSDƏ TOYUQ KİŞLƏYİRƏM


Soğanverdi kənd məktəbinin direktoru Suğra Məmmədova isə AzadlıqRadiosuna bildirir ki, məktəbdə kompyuter də var, informatika dərsi də keçirilir. Hətta müəllimlərin kompyuter bilikləri üzrə sertifikatları da var. İnternet isə yoxdur. Suğra Məmmədova məktəbin bir hissəsində məcburi köçkünlərin də yerləşdiyini və ən əsas problemin təhsilə şərait yaradılması olduğunu söyləyir:

- Mənim şəraitim var ki? Tənəffüsdə toyuqları kişləyirəm ki, müəllimlər dərs keçsin.

Aqşin paytaxtdakı məktəb şagirdlərinə həsəd apara bilər, çünki Bakı məktəblərində həm kompyuter sarıdan bolluq var, həm də məktəblərin əksəriyyəti internetə qoşulub. Amma şəhərin Səbail rayonunda yerləşən orta məktəblərindən birinin yuxarı sinif şagirdi Nailə Əhmədova deyir ki, məktəbdə kompyuter olmasının onlara heç bir isti-soyuğu yoxdur, çünki informatika dərslərində yalnız «oyun» oynayırlar. İnternetdən isə istifadə eləmirlər.

Rövşən Ağayev
Apardığımız ötəri bir araşdırma nəticəsində məlum oldu ki, elə paytaxt məktəblərində də ürəkaçan vəziyyət yoxdur. Yəni, bəzi məktəblərdə həm sayca çox kompyuter, sürətli internet var, bəzilərində isə nəinki internet, heç fərli-başlı kompyuterlər də yoxdur.

GÜRCÜSTANDA 3 NƏFƏRƏ BİR KOMPYUTER

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, Təhsil Nazirliyinin son məlumatına görə, ölkə məktəblərinin cəmi 3 faizinin internetə çıxışı var:

- Bu göstərici Latviyada 70 faiz civarındadır. Bizdən 20-25 dəfə yaxşı vəziyyətdədir. Əsasən Təhsil Nazirliyinin dediyinə görə, Bakı məktəbləridir, az bir qisim regionlardadır. Kənd məktəblərindən isə danışmağa dəyməz. Biz seçmə yolu ilə 10 region məktəbin şagirdləri arasında sorğu apardıq. Sorğu indi də davam edir. Hər məktəbdən iki sinif cəlb olunub sorğuya, təxminən 20-25 faiz şagirdin kompyuter haqda primitiv bilikləri var.

Rövşən Ağayevin sözlərinə görə, demək olar ki, bütün məktəblər kompyuterləşib, amma inkişaf etmiş ölkələrdə məktəblərin yox, artıq siniflərin kompyuterləşməsindən danışılır:

- Hətta bizim tədqiqatını apardığımız Gürcüstanda yeni bir sistemin tətbiqinə başlanıb. Hər şagirdə bir kompyuter. Hökumət hər şagirdə pulsuz noutbuk verir.

BAKI MƏKTƏBLƏRİNİN ƏKSƏRİYYƏTİ İNTERNETƏ QOŞULUB

Təhsil Nazirliyinin rəsmisi: Nazirlik kompyuterləşmə mərhələsindən məktəblərin internetləşməsi mərhələsinə keçib
Təhsil Nazirliyinin texniki ekspertiza şöbəsinin əməkdaşı Seymur Mirişov isə deyir ki, nazirlik kompyuterləşmə mərhələsindən məktəblərin internetləşməsi mərhələsinə keçib və artıq Bakı məktəblərinin əksəriyyəti internetə qoşulub, regionlarda isə internetə qoşulacaq məktəblərin sayı ilin axırına kimi minə çatdırılacaq.

Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramında 2007-ci ilə qədər 4500-dən çox məktəbin internetə qoşulacağı, hətta internet-məktəb, distant təhsilin tətbiqi nəzərdə tutulsa da, bu müddət ərzində məktəblərin yalnız 3 faizinə internetə çıxış imkanları yaradılıb. Bu müddətdə həyata keçirilə bilməyən tədbirlər isə 2008-2012-ci illəri əhatə edən dövlət proqramına salınıb.
XS
SM
MD
LG