Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Naxçıvanda xəstəxanalar müxalifətin üzünə bağlıdır?


Çapay Əliyev hələ də özünə gəlməyib
Dekabrın 10-u Şərur rayon Polis Şöbəsinin əməkdaşlarının döydüyü iddia edilən müsavatçı Çapay Əliyevin vəziyyəti ağırdır.

Bu haqda AzadlıqRadiosuna məlumat verən müsavatçının əmiqızısı Balaxanım Əliyeva deyir ki, aldığı xəsarətlərdən huşunu itirən Çapay Əliyev hələ də özünə gəlməyib.

Balaxanım Əliyeva deyir ki, hadisədən sonra xəsarət alanların vəziyyətinin ağır olduğunu görüb, təcili tibbi yardım çağırıb:

«Polislər gedəndən sonra tibbi yardım çağırdım. Həkim gəldi, Çapayı və onun xəsarət almış üç qohumunu müayinə etdikdən sonra xəstələrin vəziyyətlərinin ağır olduğunu bildirdi».

Balaxanım Əliyeva deyir ki, Şərur rayon Xəstəxanasının feldşeri Tofiq Cabbarov öncə xəsarət alanları təcili xəstəxanaya çatdırmaq lazım olduğunu bildirsə də, sonradan fikrini dəyişib:

«HƏKİMLƏR ÇIXIB GETDİLƏR. XƏSTƏLƏR DƏ ORTADA QALDI»

«Feldşer xəstələri ambulansa daşımaq göstərişi verəndən bir müddət sonra ambulansın sürücüsü gəlib bildirdi ki, xəstəxananın baş həkimi buna icazə vermir. Bundan sonra həkimlər çıxıb getdilər. Xəstələr də ortada qaldı».

Balaxanım Əliyeva bildirir ki, tanıdıqları bir neçə həkimə zəng vurub yardım istəsələr də, bu mümkün olmayıb:

«Dünəndən evimizi polislər mühasirəyə alıb. Qorxudan heç kim bizim evə gəlib, xəstələrlə maraqlana bilmir. Özümüz də qorxu içindəyik. Nə edəcəyimizi bilmirik».

Balaxanım Əliyeva çarəsiz qaldıqlarından qohumları ilə birlikdə Ermənistan ərazisinə keçməyi düşünür:

Çapay Əliyev və feldşer Tofiq Cabbarov
«Üzümüzü xarici səfirliklərə tutub bildiririk ki, bizə yardım etsinlər, bizə ölkələrində sığınacaq versinlər. Yoxsa, Ermənistana üz tutacağıq».

«ONLAR YALAN DEYİRLƏR»

Məsələyə aydınlıq gətirmək üçün Şərur rayon Xəstəxanası ilə əlaqə saxladıq. Feldşer Tofiq Cabbarov dekabrın 10-u şöbəyə Püsyan kəndindən çağırış gəldiyini təsdiqlədi.

Tofiq Cabbarov deyir ki, Çapayı və digər üç xəstəni müayinə etsə də, onları xəstəxanaya göndərməyi məsləhət bilməyib:

«Onlar yalan deyirlər. Çağırışa getdiyim xəstələri xəstəxanaya aparmamaqla bağlı mənə heç kim tapşırıq verməyib. Onların vəziyyəti qənaətbəxş olduğundan mən özüm məsləhət gördüm ki, yaşadıqları kəndin ambulatoriyasına müraciət etsinlər. Yalan danışmaqda məqsədləri nədir, özləri yaxşı bilir».

Baş verən insidentə münasibət bildirən Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin yetkilisi Anar Heydərov da polisin Çapay Əliyevi və onun qohumlarını döyməsi faktını təkzib etmişdi.

Çapay Əliyevin qardaşı, «AXCP-Müsavat» seçki blokunun 2 saylı Şərur Seçki Dairəsindən deputatlığa keçmiş namizədi Səxavət Əliyev isə dekabrın 10-u baş verənləri özünə qarşı siyasi təzyiq adlandırmışdı.
XS
SM
MD
LG