Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:52

Fransada hicab və halal ət söhbəti


Jean-Marie Le Pen
Jean-Marie Le Pen
Fransanın ifrat sağçı lideri Jean-Marie Le Penin qızı küçədə müsəlmanların ibadətini 2-ci Dünya müharibəsində alman işğalına bənzədib. Marine Le Penin atasının yerinə keçəcəyi, Milli Cəbhə Partiyasına başçılıq edəcəyi gözlənilir.

“Reuters” agentliyi xəbər verir ki, Le Pen Lionda partiyanın 300 nəfərlik toplantısında belə deyib: “Dini qaydaların olduğu məhəllələr işğal olunub”.

Partiyanın Lion bölməsi radikal hesab olunur. Le Pen davam edir:

“On beş il əvvəl hicab yox idi. Getdikcə hicablıların sayı artdı və onlar daha çox ictimai şəkildə ibadət eləməyə başladılar”.

“PİVƏ VƏ SOSİSKA” PARTİSİ NECƏ QADAĞAN OLUNDU

“2-ci Dünya müharibəsindən danışanlar, əslində işğal bax budur”, - Le Pen bununla atasının ünvanına anti-semitizm ittihamlarına cavab verib.

İyunda Parisdə müsəlmanların küçələrdə ibadətinə etiraz olaraq planlaşdırılan “pivə və sosiska” partisi qadağan olunub.

Partiyanın yanvarda qurultayı keçiriləcək, Jean-Marie Le Pen 82 yaşında istefa verir. Gözlənir ki, onun qızı Marine qalib gələcək və 2012-ci ilin prezident seçkisinə gedəcək.

Onun bu günlərdə keçmiş nazir Rachida Dati ilə televiziya debatına 3.8 milyon tamaşaçı baxıb. Le Penin tərəfdarları deyirlər ki, bu verilişdən sonra minlərlə adam onların partiyasına üzv olub.

Sosialist Partiyasının katibi Patrick Menucci isə Le Penin dediklərini “utanc gətirən” adlandırıb. O deyib ki, müsəlmanlar ona görə küçələrdə ibadət edirlər ki, ibadət otaqları çox kiçikdir.

Təhsil naziri Luc Chatel də bu deyilənləri qəbuledilməz adlandırıb.

XƏDİCƏNİN MARİYADAN FƏRQİ

Fransada müsəlmanları xristianlardan az işə götürürlər
Bloomberg agentliyi isə yazır ki, Fransada müsəlmanları xristianlardan daha az işə götürürlər. Vaşinqtonda yerləşən Milli Elmlər Akademiyası belə bir araşdırma aparıb.

Araşdırmaya görə, müsəlmanlar Fransada iqtisadi inteqrasiya baxımından maneələrlə üzləşiblər, təkcə dinlərindən başqa bütün göstəriciləri fərqlənməsə də.

Tədqiqatçılar uydurma xristian və müsəlman adları daşıyan 275 cüt rezumeni Fransa şirkətlərinə göndəriblər. Onlar Seneqaldan xristian Marie Diouf və müsəlman Xədicə Diouf adlarını seçiblər.

Marie 100 müsbət cavab alıbsa, Xədicədə bu rəqəm 2.5 dəfə az, 38 olub.

Sorbonne Universitetində professor köməkçisi Marie-Anne Valfort deyir ki, əgər kişi namizəd seçilsəydi, diskriminasiya daha böyük olacaqdı.

Fransada əhalinin 6.3 faizi, yəni 4 milyonu müsəlmandır. Bu təxmini rəqəmdir, çünki Fransada irq və din üzrə statistika aparılmır.

Ötən tədqiqatlara görə, ərəb mənşəli fransızlar diskriminasiyaya uğrayır. Milli Elmlər Akademiyasının dərc etdiyi son hesabat müsəlmanlara qarşı diskriminasiyanı göstərən ilk araşdırmadır.

“HƏBSXANA”

Nicolas Sarkozy
Bu il prezident Nicolas Sarkozy küçədə və ictimai yerlərdə burqanı – niqabı qadağan eləyən qanun qəbul edib. O, noyabrın 16-da televiziya müsahibəsində burqanı “həbsxana” adlandırıb.

“Fransada 2.000 müsəlman dini məkanı var. Ancaq minarə və müəzzin yoxdur. Hər kəs öz dinini yaşada bilər. Biz Fransaya məxsus İslam dini istəyirik, Fransada İslam dini istəmirik,” - deyə Sarkozy müsahibəsində bildirib.

Milli Cəbhə, immiqrasiya əleyhinə olan partiya kimi tanınır. Keçən ay partiya Fransanın xəritəsini minarələr və bir niqablı qadınla təsvir edib. Xəritənin başında yazılıb:

“İslamçılığa yox!”.

Partiya liderlərindən olan Marine Le Pen də radio müsahibələrində Fransaya halal ət satışının getdikcə çoxalmasını tənqid edib.

/Sayta hazırladı: Arifə Kazımova/
XS
SM
MD
LG