Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Ayxan Eyvaz "Evimizin diktatoru" (Hekayə)


Yəqin ki, hamınız faşistlərin kim olduğunu tarix kitablarından, baxdığınız saysız-hesabsız kinolardan çox gözəl bilirsiniz.

Dəqiq bilirəm ki, faşizm İtaliyada yaranıb, sonra Almaniyada və İspaniyada yayılıb. Onu da deyim ki, faşizimdən indi əsər-əlamət də qalmayıb.

Tarix müəlliminin hər dəfə Hitleri pisləməsindən belə qanırdıq ki, yer üzündə ondan qəddar adam olmayıb, Çingiz xan, Makedoni-yalı İskəndər, Stalin-zad heç onun əlinə su tökməyə də yaramayıb.

Amma əslində bunların hamısı bir zibil olub, qan tökməkdən, qəddərlıqdan ləzzət alıblar.

Amma sən demə faşistlik təkcə bu cür adlı-sanlı tarixi şəxslərə aid deyilmiş.

Hitlerin, Mussolinin və adını bilmədiyim neçə-neçə faşistin bu gün də davamçıları varmış. Həm də bu faşist harda olsa yaxşıdı?

Düz evimizin içində. Üzdən baxanda bəlkə də heç faşistə bənzəməz. Amma hirislənib təbdən çıxanda üzünü görməsən yaxşıdı.

Gözü həlqəsindən çıxır, qabağına keçəni “uf” demədən basıb döyür. Bu faşist cəlladı kim olsa yaxşıdı? Yəqin elə bildiniz qardaşımdan danışıram?

Düzdü, bir az başdanxarab uşaqdı, hərdən yumruq-zad atmağı var, amma günaha girib uşağı faşist adlandırmağa ürəyim gəlmir. İndi təsəvvür edin, bizim ev və faşist. Bir vaxt bu barədə heç düşünmüsünüzmü?

Yəqin ki, yox. Elə mən də heç düşünməmişdim. Kim düşünsə də mən onu başıxarab adlandırardım.

Belə bir şey kimin ağlına gələ bilər ki? Amma mən şəxsən bunun, yəni düşünməyinin belə mənasız, gülməli bir şey olduğunu bildiyim bir şeyin — faşizimin üzərimdə sınaqdan keçirilməsinin şahidi oldum.

Faşizmin icraçısı da kim olsa yaxşıdı? Əlbəttə, atam. Hələ ona bu işdə cani dillə kömək edən anam, bacım və qardaşımı demirəm.

Onlar neçə günsə fikirləşib “Barbarossa” planına bənzər bir hücum planı hazırlamışdılar. Polşaya — yəni mənə qarşı hücum isə axşam, saat səkizdən sonra başladı.

O saat işimi bilib televizorda gördüyüm meymun kimi cəld iki mərtəbəli çarpayının yuxarısına dırmaşdım.

Düşünürdüm ki, bir az çığırıb-bağırıb səslərini kəsərlər. Amma elə olmadı. Onda qoy başdan başlayım ki, hər şey hamıya aydın olsun.

Atamdan başlayım. Əvvəllər o demokratik bir adam¬dı.

Biz hətta televizorun hansı kanalında, hansı proqrama baxmağı da səs çoxluğu ilə həll edərdik. Anamla-bacım seriyallara, sarsaq şou əhlinə, qardaşımsa idman proqram¬la¬rına, dədəmsə siyasətdən qırıldadanlara baxmağa üstünlük verirdi.

Mən isə, nə gəldi. Elə ki, səs vermə qurtarırdı, təbii ki, anamla-bacım səs çoxluğu ilə qalib gəlib pultu ələ keçirirdilər. Bir müddət belə keçdi.

Sonra atamın donqultusu başlandı. Amma anamla bacım bu donqultunu vaxtında qiymətləndirmədilər və hər şey də elə bundan başladı.

Günlərin bir günü atam üsyan eləyib hakimiyyəti, yəni pultu ələ aldı və yumruğunu havada oynadıb bundan sonra yalnız özünün bəyəndiyi verlişlərə baxacağımızı elan elədi və elə o gündən evdə demokratiya bitdi.

Diktatura, dalınca da faşizm başlandı. Anam bacımın təhriki ilə bir-iki dəfə mitinq, etiraz nümayişi-zad eləsə də atamdan üç-dörd yumruq alıb geri çəkildi.

Bundan sonra qara günlərimiz başladı. Atam işdən dönəndən sonra qaş-qabağından heç birimiz ona söz demək bir yana, heç həndəvərində də hərlənə bilmirdik.

Anam bir neçə gün ağız büzsə də kəndçi qızı olması o saat özünü göstərdi, ağ bayraq qaldıraraq atama sarı keçdi. Düzü, arada iqtisadi məsələlər də vardı.

Atam evdə faşizmi bərqərar eliyəndən sonra arvada pul-zad vermirdi.

Gündə dükana, həyətə mer-meyvə gətirənlərinə pul xərcləməmək, qonşu rəqib arvadların yanında gözü kölgəli olmaq da anamı bir tərəfdən sıxırdı.

Həm də özünün deməyinə görə kənddə anası atasının bir sözünü iki edə bilməzmiş.

O bizə rəhmətlik nənəm və babam haqqında çox danışmışdı, ona görə də atasının qızı kimi təzə şəraitə tez alışdı. Bizim işimiz isə xeyli çətindi.

Heç cür yeni şəraitə alışa bilmirdik. Düzdü, arada bacım bir az hoppanıb-düşdü, ağladı, amma nə xeyri?

O da eynən anam qaydası bir-iki gün küsülülükdən sonra atamla barışdı, barışdı yox e, onun qızğın tərəfdarı oldu.

Çünki hər gün məktəbdə bir parça kökə yeməkdən məhrum ola bilərdi. Qardaşımın işi isə lap zülüm idi.

Futbolsuz həyat onun üçün puç və əfsanə kimi bir şey idi.

O da dədəmə quyruq bulamağın yolunu tapdı. Kitabdan zindeyi-zəhləsi gedən uşaq dədəm işdən dönməmişə bir az qalanda əlinə kitab götürürdü. Guya oxuyur.

Sonra isə atamın gətirdiyi qəzetlərə baxır, arada da siyasətlə bağlı yalan-yarğan sualla kişinin ürəyini ələ alır, axırda da yaltaq və yarınan səslə saat filanda futbol olacağını deyir, bəri başdan ona baxmaq üçün icazə istəyirdi.

Bircə mən faşist cəlladı ilə münasibətimi heç cür yoluna qoya bilmirdim.

Bir gün işdəklərimin cəzası olaraq bütün ailə üzvləri bir yerə yığışıb qərar verdilər ki, tezliklə məni aradan götürsünlər.

Düzü, mən tez-tez “uşaq hüquqları”-zad deyə dad çəkib onları boğaza yığırdım. Amma işin bu yerə çatacağını heç düşünməzdim.

Üstümə düşdülər. Hamısının gözündən kin yağırdı.

Nə isə, bunlar, yəni faşistlər bir anda üstümə hücum çəkdilər. Özümü müdafiə etmək üçün çox qışqırdım, çox çabaladım, ancaq heç nə edə bilmədim.

Qardaşım eynən Mussolinin cəza dəstəsinin üzvünə oxşayırdı. Qolumdan bərk-bərk tutmuşdu ki, heç yana tərpənə bilməyim.

Atam isə burnunun üstünə aşırdığı eynəyin altından mənə baxıb gülümsüyür, arada bir qardaşıma məni necə saxlamaq haqqında əmrlər verirdi.

Bir anlığa özümü faşist gestapoçu¬ların əlində zənn etdim. Atam əsil bir faşist kimi mənim döyülməyimə baxıb gülümsünür, öz qələbəsindən razı qalmış adamlar kimi var-gəl edirdi. Anam da elə bil faşist arvadı idi.

Onun yaltaqlığı yerə-göyə sığmırdı. Dəqiqə də bir atamın üzündən öpərək mənim döyülməyimə görə ona təşəkkür edirdi.

Hayıf atamdan. Qabaqlar düzgün adamdı. Bizi gəz¬məyə-zad aparardı. Qəfil o işini itirdi. Vəziyyətimiz get-gedə pisləşdi.

Sonra başqa bir iş tapdı. Anamın deməyinə görə burda əvvəlkinə nisbətən xeyli aşağı qazanırmış.

O, tez-tez vəziyyətimizin düzələcəyini desə də bu baş vermir, daha da geri gedirdik. Atam dar qəfəsə salınmış şir kimi küçəyə baxan, eni-uzunu bir-iki metr olan eyvanda gəzişə-gəzişə püffə-püflə siqareti-siqaretə calayırdı.

Onun qələbəyə olan inamı get-gedə gözümüzün qabağındaca sönüb gedirdi. Əvvəllər siyasətə maraq edər, dəyişikliklərə ümid edirdi.

Sonra heç nəyin yerindən tərpənib yaxşılığa sarı getmədiyini görüb elə bil həyatdan küsdü. Meylini içkiyə saldı, içdi və gəlib kəlləni çaxıb yatdı.

Qəzet-zad da almağı tərgitdi.

Elə hərdən oturub-durub burada yaşamağın səhv olduğunu deyirdi.

Bir də yadımda qalan bir cümələsi qalıb: ”Burda yalnız pisliklər doğub törəyir, yaxşılıqlarsa buxarlanıb ilğım kimi yox olur”.

Hər halda faşistlərin də öz fəlsəfəsi, öz məntiqi olur. Biri, elə məni tapaşdamaq. Bunun üçün xeyli səbəb tapmışdılar.

Sənədləri gestapo zabiti olan anam hazırlayıb atamın stolunun üstünə qoymuşdu. İndi məni sürüyüb edam kürsüsünə sarı aparırdılar. ”Yaşasın vətən!”-zad ha qışqır, səsinə kim səs verəsidir ki?

Yəqin ki, mənim bu faşistlərə ağ bayraq qaldıracağımı zənn edirsiniz, amma yanılırsınız. O gündən antifaşist, antihitler koalisiyası yaratmağa başladım.

Bu antihitleri-zadı tarix kitablarından öyrənmişdim. Doğrusu, bunların heç bir şeyə yaramayacağını dəqiq bilirdim, amma çarə nə idi, gələcək hücumlara qarşı özümü müdafiə etməliydim.

Bəli, öz məhəllə uşaqlarımızdan bir neçəsi ilə razı¬laş¬dım. Doğrusu onlar kiminlə dalaşacaqlarını bilmirdilər.

Elə bilirdilər ki, mənim aşağıdakı məhəllə ilə söhbətim düşüb. Bir-iki dəfə bunun üstündə başqa məhəllənin uşaqları arasında “razborka”mız düşmüşdü.

Ancaq bu dəfə məhəllə uşaqları mənim ailəmə qarşı hücum hazırladığımı eşidəndə qulaqlarına inanmadılar, bunun yalan olduğunu zənn etdilər.

Nə qədər elədim bunları inandıra bilmədim.

Ona görə də antifaşist koalisyamın üzvlərinin heç birini bu dəfəki hücum planıma daxil edə bilmədim. Kor-peşman evə qayıtdım.

Həmin günü qərara aldım ki, Hitleri də, faşist dəstəsini də qanına-qəltan eləyib o biri dünyaya vasil edə¬cəm. Düzdü, tək idim, ancaq çarə yox idi. Antifaşist kampaniyamı tək həyata keçirməli idim.

Atam, yəni evin baş faşisti işdən evə gələnə qədər özümə cürbəcür silahlar seçdim. Şarikli tapançanı ağzına qədər güllə ilə doldurdum.

Bədənimə kardonlar sardım.

Taxtalar, cürbəcür balaca toplar hazırladım ki, faşistlərin hücumuna qarşı əks hücum təşkil edim və onları Moskva ətrafındakı döyüşdə olduğu kimi geri otuzdurum. Hitlerin evə gəlişi isə yaxınlaşırdı.

Qapı döyüləndə bildim ki, bu mütləq odur. Anam sevinə-sevinə qapıya tərəf getdi. Bir azdan içəri atam girdi. Çox qəribə idi ki, o yorğun görünürdü. Əlindəki qəzetləri bir kənara atıb divana uzandı və başladı möhkəmdən əsnəməyə. Anam tələsik çay gətirdi.

Mən atamın qabağına keçib:

—Dədə, dünən məni yaman döydüz. Bunun acığını çıxmalıyam. — dedim.

Atam elə bil heç nə eşitmədi.

—Ulan,—dedi. —Biz səni nə vaxt döydük? Sən yuxu görürsən.

—Nə yuxu?—təəccüblə soruşdum.

Anam da çayı gətirə-gətirə:

—Ə, nə vaxt səni döymüşük?—dedi.

—Axı, dədə, sən, o birisilər cummuşduz üstümə, məni döyürdüz.

—Özüvə gəl a bala. — Anam dilləndi. O elə bildi ki, mən sayıqlayıram. Uşaq vaxtı arada bir gecə yuxudan durub sayıqlayardım. Yəqin ki, anam indi də eyni şeyin baş verdiyini və ağlımı başıma yığmağımı istəyirdi. Amma mən hələ də bunların zarafat elədiyini düşünürdüm, təəccübdən dilim qurumuşdu. Ağzımı açıb bir söz deyə bilmirdim.

Bir azdan içəri qardaşımla, bacım gəldi. Onlar da mənə qarşı həyata keçirilən aksiyadan xəbərsiz olduqlarını dedilər.

Mənim tapançamı, silahlarımı görüb güldülər. Yenə “uşaqlıq eləyirsən?” dedilər. Bacım pıqqıltısını heç cür kəsə bilmirdi.

Qardaşımsa yenə kişilikdən dəm vurmağa başladı. Atam isə yorğun gözlərlə ona baxır, sanki qardaşımın susmasını tələb edirdi.

Qardaşım isə ordan-burdan qırıldatdı. Yaman çənəsi var imiş. Aman vermir bir-iki söz də biz deyək.

Anam, atam əvvəlki qaydada divanda oturub televizora baxırdılar. Atam çay hortuldadırdı. Qardaşım futbol dəftərinə nə isə qeyd edirdi.

Bacım isə öz əşyalarını qurdalayırdı. Mən də təəccüblə bunlara baxırdım.

Atam faşist başçısı, qardaşım Mussolininin əsgəri, bacımla anam isə gestapo deyilmişlər.

Elə atam həmişəki kimi çay hortdadan balaca bir kişi, qardaşım futbol dəftərinə qeydlər yazan sarsaq bir uşaq, anam daim deyinən bir arvad, bacım isə onun tutuquşusu kimi biri imiş.
Görəsən, onlarda faşistlərə bənzər nə var?

Ailəm bu görkəmdə daha çox əzilmiş, kasıb, Allahın umuduna sığınmış dustaqlara bənzəyirdi.

Mənim isə ağlımda hələ də bir günlük faşizm ilişib qalmışdı.

2009
XS
SM
MD
LG