Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:26

«Azərbaycan qazı uğrunda mübarizə Avropanın enerji təhlükəsizliyinə xələl gətirə bilər»


«Şahdəniz 2» layihəsi «Şahdəniz» yatağı ilə eyni geoloji strukturdadır
«Şahdəniz 2» layihəsi «Şahdəniz» yatağı ilə eyni geoloji strukturdadır
Alessandro Torello

Mərkəzi Avropanın qaz təminatında Rusiyanın inhisarından azad olması baxımından Azərbaycanın və ona qonşu ölkələrin təbii ehtiyatları mühüm əhəmiyyətə malikdir. İndi bütün diqqət Azərbaycanın nəhəng «Şahdəniz 2» qaz yatağına yönəlib.

2017-ci ildə bu yataqdan qaz çıxarılacaq. «Şahdəniz 2» layihəsi üzrə potensial alıcıların elan olunması üçün konkret vaxt müəyyənləşdirilməsə də, müzakirələrdə iştirak edən şəxslər bildirirlər ki, «Şahdəniz 2» konsorsiumu öz alıcılarını 2011-ci ilin birinci yarısında müəyyən edəcək.

Avropa Birliyinin çoxdan müzakirə olunan 3300 km-lik «Nabucco» layihəsinin müəllifləri Azərbaycan qazına böyük dəyər verirlər. «Nabucco» boru kəməri qazı Türkiyədən Avstriyaya nəql etməlidir.

MÜBARİZƏ AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ XƏLƏL GƏTİRƏ BİLƏR


Lakin Azərbaycan qazını başqa Avropa şirkətlərinin rəhbərlik etdikləri iki digər, daha kiçik boru kəməri layihələri də almaq istəyir.

Bu yaxınlara qədər bu layihələr bir-biri ilə rəqabət aparırdılar. Bu rəqabətdən narahat olan bəzi müşahidəçilər bildirirdilər ki, Azərbaycan qazı uğrunda Avropanın daxilindəki mübarizə Avropanın enerji təhlükəsizliyinə xələl gətirə bilər. Sonda Azərbaycanı öz qazını ruslara satmasına gətirib çıxara bilər.

Guenther Oettinger
Lakin son həftələr ərzində Avropa Birliyi rəsmiləri və bəzi şirkət rəhbərləri «Nabucco» ilə digər Avropa boru kəmərləri arasında əməkdaşlığın perspektivləri haqqında daha ciddi fikirlər səsləndirməyə başlayıblar.

Avropa Komissiyasının enerji məsələləri üzrə rəhbəri Guenther Oettinger deyib ki, «Nabucco»nun digər layihələrlə birləşməsi istisna olunmur. «Biz layihə işlərini birlikdə görmək üçün əlimizdən gələni edəcəyik», - deyə Oettinger rəqabət aparan layihələrin yüksək vəzifəli nümayəndələri ilə görüşündə bildirib.

SPONSORLAR BAŞQA QAZ İXRACATÇISI DA TAPMALIDIRLAR

Avropa Komissiyasının xeyli vaxtdır dəstəklədiyi «Nabucco» layihəsi 7,9 milyard avro (10,35 milyard dollar) məbləğində qiymətləndirilir. Bu layihə Avropanın qaza görə Moskvadan asılı vəziyyətdə olan mərkəzi dövlətlərini Orta Asiya və Yaxın Şərq qazı ilə təmin etməlidir.

«Nabucco» konsorsiumuna Almaniyanın RWE AG və Avstriyanın OMV AG kimi Avropanın bir neçə nəhəng enerji şirkəti daxildir. Lakin «Nabucco» çox böyük həcmə malikdir. Onun iqtisadi cəhətdən faydalı olması üçün və «Şahdəniz» konsorsiumunun öz qazını ona satmasına inandırmaq üçün sponsorlar başqa qaz ixracatçısı da tapmalıdırlar. Çünki Azərbaycan qazı 31 milyard kubmetrlik «Nabucco»nun yalnız üçdə birini doldura bilər. Ona görə Avropa rəsmiləri Türkmənistan və İraq qazını da «Nabucco»ya qoşmağı düşünürlər.

Avropa Birliyinin çoxdan müzakirə olunan 3300 km-lik «Nabucco» layihəsinin müəllifləri Azərbaycan qazına böyük dəyər verirlər
«Şahdəniz 2» layihəsi «Şahdəniz» yatağı ilə eyni geoloji strukturdadır. BP-nin operatoru olduğu «Şahdəniz» yatağından 2010-cu ilin sonuna qədər 7,6 milyard kubmetr qaz hasil olunacağı gözlənilir.

«Şahdəniz 2» «Nabucco» ilə yanaşı ən azı iki başqa boru kəməri şirkəti ilə də danışıqlar aparır. Bunlardan biri Edison SpA və Yunanıstanın inhisarçı qaz şirkəti DEPA-nın boru kəmər layihəsidir. Bu layihənin gücü ildə 10 milyard kubmetrdir. Bu layihəyə əsasən qaz İtaliyanın cənubuna nəql olunmalı, buradan isə Avropaya satılmalıdır. Digər boru kəməri layihəsi isə Trans Adriatic boru kəməridir. Onun gücü 10 milyard kubmetrdir. Lakin bu layihə boru kəmərinin Albaniyadan keçməsini nəzərdə tutur.

«Şahdəniz 2» yatağından ən tez 2017-ci ildə azı 16 milyard kubmetr qaz çıxacaq. Onun da 10 milyardı Avropa Birliyinə satıla bilər. Konsorsiumda BP və Norveçin «Statoil» şirkəti hərəsi 25,5 faiz paya malikdirlər.

ARDNŞ, Rusiyanın «LukOil», Fransanın «Total» və İranın Milli Neft Şirkəti hərəsi 10 faizllik paya malikidir. Qalan 9 faizi isə Türkiyənin TPAO şirkətinə aiddir.

/Sayta hazırladı: Kəbiran Dilavərli/
XS
SM
MD
LG