Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:24

Əjdər Ol "Tütün limanı" (Hekayə)


Samsun hava limanının çıxış qapısından yeddi-səkkiz addım aralanmışdım ki, arxadan kimsə adımı çağırdı.

Zərif qadın səsi idi. Dayanıb geri döndüm.

– Yaşar müəllim deyilsiniz? – Səsin yiyəsi dilləndi və qarşı-qarşıya dayandıq. Başımla “hə” deyib onu tanımağa çalışdım.

– Deyəsən, məni tanımadınız? Mən sizi üç saat qabaq İstanbul hava alanında gendən gördüm. Ancaq yaxınlaşmağa ürək eləmədim.

Bilməzdim ki, yol yoldaşıyıq, eyni yerə gəlirmişik.

Qadının üz cizgiləri ala-tala yadıma düşürdü. Ancaq yaddaşımın hansısa künc-bucağında qalaqlanmış tanış cizgilər arasından bu qadına aid olanları hələ tam yığıb yığışdıra bilmirdim.

Onu xəyalımda tam bərpa etməyə sanki xırdaca bir təkan lazımdı. Cavab vermək əvəzinə gülümsəyirdim.

– Yadınızda qalmaram. Həyatda cəmi bircə dəfə üz-üzə gəlmişik. İki-üç kəlmə danışmışıq. O da... – Ani fikrə getdi – on dörd il əvvəl. Heç sizi unutmuram.

Deyəsən, qadın məni ovsuna salmaq istəyirdi.

Gümanım o qədər uzağa getməmişdi. İndi gəl tap görüm on dörd il əvvəl kiminlə və harada iki-üç kəlmə kəsmisən.

Amma qadın üzdən mənə çox yapışıqlı görünürdü. Belə məsum və hər ilməsi titrəyən hissiyatlı üz addımbaşı adama rast gəlmir.

O, nazlandı, gözləri süzüldü:

– Cox başınızı sındırmayın. Deyim kiməm?

Tapança kimi açıldım:

– Nəzrin xanımsınız! “Teleteatr”da, televiziya verilişinin çəkilişində görüşmüşdük.

O, güldü, düz tapmışdım.

Ürəkləndim.

– On dörd il yox, dəqiq deyim, bu gün oktyabrın iyirmi ikisidirsə, onda düz on beş il altı ay bundan qabaq üz-üzə gəlmişik.

– Nə dəqiq danışırsınız?

– O gün səhər mənim qızım anadan olmuşdu. Xəstəxanadan birbaşa “Teleteatr”a çəkilişə gəlmişdim. Ona görə də tarixçə dəqiq yadımdadır.

– Onda mən ilk elmi məqalələrimi yazırdım.

– Mən də.

– İllər nə tez ötüb keçdi?!

– Deməyin...

– Çəkilişdən qabaq səhnədə gözlənilmədən mənə yaxınlaşdınız. Gülümsəyə-gülümsəyə “Gəlin tanış olaq, mənim adım....” Adınızı çəkdiniz. Mən də adımı dedim. Qısa çıxışım yazılmış vərəqi cəsarətlə əlimdən alıb birnəfəsə oxudunuz və əda ilə geri qaytardınız. Üzünüzün turşumağından, lovğa gedişinizdən hiss etdim ki, yazım xoşunuza gəlmədi. Sizdən incidim. Onsuz da həyəcanlı idim. Qəhər məni boğurdu. Xoş sözə elə ehtiyacım vardı ki... Siz mənə yaxınlaşanda elə bilmişdim, istəyim yerinə yetdi, mənə ürək-dirək verən tapıldı.

– Hələ də incikliyiniz davam edir?

– Hə, – qadın kövrək səslə dedi – onda gözləyirdim ki, çəkilişdən sonra könlümü alacaqsınız. Amma bunu etmədiniz. Axı, mənə söz tez dəyir.

Çiyinlərimi çəkdim:

– Vallah, mən heç bunun fərqində olmamışam. – Yarızarafat əlavə etdim. – On beş il altı ay sonra üzr istəsəm, yerinə düşərmi?

Qadın gülümsündü:

– Üzr istəməyə tələsməyin.

Ani pauza verib soruşdum:

– Sizi qarşılayan olacaq?

– Yox, qarşılanmağı sevmirəm. Özüm taksiyə minib gedəcəyəm.

– Hansı otelə düşəcəksiniz?

– “Böyük otel”ə.

– Mən də “Böyük otel”də qalacağam.

– Yolumuz birdir ki...

Biz taksiyə minib arxa oturacaqda əyləşdik. Gözüm yan-yörədə qalmışdı.

Qadın soruşdu:

– Burada birinci dəfənizdir?

– Hə – dedim, – Sabahdan başlanacaq iqtisadi forumda iştirak edəcəyəm, hələ üç gün buradayam. – Və ona baxdım. – Bilmirəm soruşmaq lazımdırmı, Siz...

– Mən – qadın dilləndi – 19 Mayıs Universitetində üç gün tələbələrə mühazirə oxuyacağam.
Biz otelə çatanda gün günortadan əyilmişdi. Axşam saat altıya otelin foyesində görüş təyin edib, buralarda deyildiyi kimi, odalarımıza çəkildik.

Yuyunub dincəlmək istədim. Səhərdən yolda idim. İki reys dəyişməklə Bakıdan buraya gəlib çatınca amanım kəsilmişdi.

Suyun altına girdim. Qadın fikrimdən çıxmırdı. İllər uzunu kiminsə düşüncələrində yaşayasan, amma özünün xəbərin olmaya, qəribədir.

Görəsən, niyə onun yadında belə qalmışam? Xırda bir inciklikdən ötrümü? Bu, ola bilməz. Bəlkə mənə vurulubmuş?

Bəlkə “Teleteatr”da ona yaxınlaşanda baxışımda, duruşumda, danışığımda nəsə sezilibmiş?

Sudan çıxdım və qurulanıb yerimə uzandım. Yaddaşımla əlləşirdim. Bu nəhəng arxivi ələk-vələk eləməkdəydim.

Aha, yavaş-yavaş yadıma düşürdü, mən onu gendən görəndə istilənmişdim.

Onun nəcib hərəkətləri, məlahətli görünüşü hisslərimi oynatmışdı.

Bəlkə də elə ona görə tanış olmaq, ünsiyyət yaratmaq üçün yaxınlaşıb verilişdə edəcəyi çıxışın mətnini ondan istəmişdim.

Mətni diqqətlə oxusam da, məni tutmamışdı. Bir kəlmə də demədən vərəqi yiyəsinə qaytarıb aralanmışdım.

Ancaq onda özümə yer tapa bilmirdim. İki daşın arasında başı çəkilişin hazırlıq işlərinə qarışmış aparıcı dostum Ağamirdən pıçıltı ilə soruşmuşdum ki, bu qız kimdir, nəçidir? “Gənc alimdir” – demişdi.

“Teleteatr”da çəkiliş necə keçdi, bilmədim.

Çəkilişdən sonra xanım tez-tələsik çıxıb getdi. Özümdən asılı olmayaraq onun ardınca qapıdan çıxdım.

Çöldə o, gözümə dəymədi. Qapıda dayanıb Ağamiri gözlədim.

Deyəsən, məqsədim onunla gəzib-dolanmaq, çayxanaların birində oturub çay içmək yox, Nəzrin haqqında nəsə öyrənib bilməkdi.

Ağamir içimi qırdı:

– Gözəl qadındır. – dedi – İyirmi beş yaşı var. Ala-babat yazır. Ərdədir. Əri ilə redaksiyaya gəlmişdi, efirə çıxmaq istəyini bildirdi.

Sözünü yerə salmadım, qoy ruhlansın. Hiss edirəm ki, əri çox qısqancdır, bir an onu gözdən qoymur. İmkan versəydim, səhnədə də arvadının yanında oturardı.

Yəqin ki, sənin ona yaxınlaşıb kəlmə kəsməyinin də hesabını əri Nəzrindən soruşacaq.

Əri salonda tamaşaçıların arasında idi. Onun arvadının sağına-soluna baxmağını görəydin.
Soruşdum:

– Bəs nə əcəb xanımının efirə çıxmasına razı olur?

Ağamir dedi:

– Qısqanc kişi güclü ər demək deyil, əksinə, bu əfəllik, yaramazlıq əlamətidir.

Bir müddət Nəzrini adda-budda efirdə gördüm. Sonralar o, yoxa çıxdı. Ağamirdən də onun haqqında bir şey soruşmadım.

Nəzrin haqqında bildiyim bundan artıq deyildi.

Axşam saat altıda otelin foyesində görüşüb şəhəri gəzməyə çıxdıq.

– Mən bu şəhərdə bir neçə dəfə olmuşam. Üç-dörd baxılmalı yeri var. Mənim ən çox xoşuma gələni Atatürkün başının dəstəsilə Tütün iskələsindən, – iskələ – limana deyirlər, qadın izah etdi – çıxmasını təsvir edən görüntüdür. İstiqlal savaşçılarının mumdan düzəldilmiş heykəlləri o qədər canlıdır ki, kənardan baxanda elə bilirsən, doğrudan da bu dəqiqə onlar “Bandırma” gəmisindən sahilə ayaq basıblar. Yəqin ki, bilirsiniz – deyə o, əlavə etdi – Mustafa Kamal Atatürk İstiqlal savaşını Samsundan başlayıb.

Mızıldandım:

– Əlbəttə, bilirəm.

Gülümsəyib dedi:

– Bu şəhərdə bir deyim var. Həmən abidəyə ilk dəfə baxanlardan birinin sözüdür, adamların dilinə düşüb.

Maraqla soruşdum:

– O nə deyimdir elə?

– Kim vəziyyətdən narazı olursa, deyir: “Atatürkün Qara dənizdən Samsuna bir də çıxması lazım.”
Qımışdım.

– Amma doğrudan da həyatda hər kəsin bir Tütün limanına ehtiyacı var – bunu deyəndə Nəzrin xanımın səsinə nisgil qonmuşdu.

Biz gəzə-gəzə onun dediyi yerə gəldik.

– Lap xanım Tüssonun fiqurlarına oxşayırlar – dedim.

Qadın dilləndi:

– Bu fiqurlar gendən daha qüsursuz görünürlər.

– Deyirsiniz yaxına getməyək?

– Onsuz da Samsunda bütün mədəni tədbirlərin proqramına buranın, bir qədər aralıda, külək tutmayan yerdə sahilə bərkidilmiş “Bandırma” gəmi-muzeyinin gəzintisini salırlar. Sizə də sabah-birigün şəhəri göstərəcəklər.

Hava xoş olduğuna görə biz abidənin yaxınlığındakı yay kafesində əyləşdik. O, meyvə şirəsi içəsi oldu, mən çay.

Günorta olmuş söhbətimizi davam etdirmək istədim:

– Sizdən üzr istəməyin vaxtı yetişibmi?

Qadın ah çəkdi:

– O bir xatirədir. Xatirəyə heç nə əlavə etmək olmaz. Etsək də, yamaq kimi görünər. Ancaq bizim həmən ani görüşümüzün davamı uzun çəkdi. Sizə rast gəldiyim günə minnətdarlıq hissilə yanaşdığım vaxtlar olub. Siz mənim taleyimdə dönüş yaratdınız. Mən özüm sizi istinadgah seçdim.

Quruyub qalmışdım. Bu qadın nə sayıqlayırdı?

– Mən sizi köməyə çağıra bilərdim. Bəlkə də məni hansısa çətinlikdən qurtara bilərdiniz.
– Bəs niyə çağırmadınız?

– Məsələni uzatmaq istəmədim.

– Çox üstüörtülü danışırsınız.

O, nəfəsini dərdi və yumşaqca dedi:

– Hövsələniz olsun. Efirdə “Xəbərlər” proqramına baxmırsınız. Mən öz taleyimdən danışıram.
Onu haqlı çıxartmağa çalışdım:

– Hə, düz deyirsiniz. Ah-ufsuz, pauzasız, göz yaşısız nə xatirə? Bağışlayın!

– Sizdən incikliyim bitib. Özü də çoxdan. Danışacaqlarımı hara istəsəniz, yoza bilərsiniz
Mən susdum, deyəsən yerinə düşəcək sözlər məndən qaçaq düşmüşdü.

Qadın gözlərini bir nöqtəyə zillədi. Elə bil həmən nöqtədə o, baş vermiş hadisələri təzədən görürdü.

– O gündən sonra – qadının səsi eşidildi – günüm göy əskiyə büküldü. “Teleteatr”dan evə kor-peşman qayıtdım. Ərimin qısqanclığı fontan vurmuşdu. Onsuz da o, mənə göz verib işıq vermirdi. Ancaq həmən gün sizin mənə yaxınlaşıb kəlmə kəsməyiniz, əlimdən vərəqi alıb oxumağınız, mənim gülümsəməyim ərimi cin atına mindirmişdi. Yol boyu deyindi, evdə də yatana qədər sakitləşmədi. Ertəsi gün axşam efirdə görünəndən sonra – onu deyim ki, operator məni tez-tez göstərirdi – bir neçə telefon zəngi gəldi. Hər dəfə dəstəyi ərim götürürdü. Hamısı özümüzünkülər idi, məni təbrik edirdilər. Ancaq sonuncu zəng edən səsini çıxartmırdı. Ərim nə qədər “Alo! Alo!” desə də, qarşı tərəf susurdu. Gözləri hədəqəsindən çıxan ərim dəstəyi telefonun üstünə atdı. Anonim zəng bir neçə dəfə təkrar olundu. Belə vəziyyətdə manyakcasına qısqanc olan birisi özünü necə aparar? Mənə dişinin dibindən çıxanı dedi və axırda ilan kimi sancdı:

– Hə, “Teleteatr”ın səhnəsində səninlə xısınlaşan oğlandan elə dünəndən şübhələnmişdim. Zəng edən odur, alçaq səsini çıxartmır. Yəqin elə bilib bu gün evdə yoxam. Daha bilmir ki, səfərimi sənin televiziyadakı sarsaq çıxışına görə təxirə salmışam.

O, doğrudan da iki günlük Tiflisə getməli idi, ancaq mənim ucbatımdan səfərini gələn həftəyə saxlamışdı.

Mən özümü təmizə çıxarmaq istədim:

– O zəng eləyən mən deyildim.

Qadın təmkinlə cavab verdi:

– Mən bilirdim zəng oğrusu kimdir. Bu, qonşu binada yaşayan ağıldanseyrək bir yeniyetmə oğlandı. Mənə vurulmuşdu. Bir-iki dəfə həyətdə qabağımı kəsmişdi. İnadından dönmədiyini görüb onu acılayandan sonra anonim zəngə keçmişdi. Baş qoşmurdum. Fikirləşirdim ki, tezliklə həvəsdən düşəcək. Ərim özündən uydururdu, yelbeyin onun hara gedəcəyindən xəbər tuta bilməzdi.

– Bəs niyə bu sirri açmırdınız?

– Ərimin maymaqlığını bilirdim. Səs-küy salıb məni məhlədə biabır edərdi.

– Birdən ərin gəlib mənim yaxamdan yapışaydı?

Sualım lap şit çıxdı. Özümdən zəhləm getdi.

Qadın dik üzümə baxıb soruşdu:

– Qorxardın?

Qadın, bilmədim, ya qəsdənmi, ya o illərə qayıtdığındanmı birdən-birə “Sən”ə keçmişdi. Bu anda o, necə də məsum görünürdü.

Mən çiynimi çəkdim:

– İndi “Qorxmazdım” deməyə nə var ki? Hər şey olub-bitib. Amma o zaman özümü necə aparırdım, deyə bilmərəm.

Deyəsən, cavabım onun xoşuna gəldi.

Qadın dilləndi:

– Təsdiq və inkar etməsəm də, sevinirdim ki, o, sənin adını çəkir. Mən həmən vaxta qədər dayaq nöqtəmi tapa bilmirdim. Ərim özü mənim üçün əlyeri uydurmuşdu. Susmağım onu öz qondardığına inandırmışdı. Evdə dığ-dığ üç ay çəkdi.

– Telefon zəngləri yenə davam edirdi?

– Hə...

– Həmən yelbeyin oğlanın valideynləri ilə danışıb bunun qabağını ala bilərdin.

– Özüm istəmirdim. Hətta, axır-axırda o zənglər üçün darıxırdım da.

– Niyə?

– Ərim elə bilirdi ki, mənim ləyaqətimi təkcə o qoruyur. Bu, məni əzirdi. İstəyirdim qısqanc kişi daha çox şübhələnsin, məni gözdən qoymasın, gecə-gündüz izləsin və öz axmaqlığını daha tez anlasın. Ancaq mən deyən olmadı. Qısqanclıq ağır xəstəlik imiş. Bu xəstəliyi yalnız ayrılıq sağalda bilərmiş. Axırda duruş gətirə bilmədim. Boşandıq.

– Üşümürsən?

O, üşəndi:

– Hava döndü. Əynim elə də qalın deyil. Bəlkə bir az gəzişək.

Ayağa durduq. Otelə sarı xırda addımlar atmağa başladıq.

– Hə, yeri gəlmişkən soruşum – qadın dilləndi. – Ağamir müəllimdən nə xəbər? Bir vaxtlar o, mənim əlimdən tutub efirə çıxardıb, ürək-dirək verib.

Mən astaca dedim:

– Üç ildir ölüb.

Qadın ah çəkdi:

– Üzünə üz tutduqlarımdan biri də getdi... Keçmişimiz qəbristanlığa dönür... Çətindir!
Yavaş-yavaş qadının üzü sakit ifadə alırdı. Sanki o, keçmişə aid düşüncələrinin sonuncularını xatirə rəfinə qoyub bugünün səthinə çıxırdı.

– Hə – Nəzrin xanım dilləndi – qayıdaq bu günə. Həyat sonsuz bir təfərrüatdır. Adam həmişə hadisələrin içində olmaq istəyir. Həyatın ən qızğın və ən maraqlı yeri indidir.

Ani pauzadan sonra o, əlləri ilə nazik pencəyini əyninə daha da kip oturdub pıçıldadı:
– Deyəsən, üşüyürəm. Xəstələnməsəm yaxşıdır. Sinoptiklər bu günlərdə havanın isti keçəcəyini bildirmişdi. Səfərə özümlə plaş götürməmişəm.

– Gedək mağazada sənə plaş axtaraq!

Bilmirəm heç niyə qəfildən belə dedim.

O, uşaq kimi sevindi:

– Gedək görək yüngülvari bir şey tapırıqmı?

Yola çıxıb taksi saxlatdırdıq. Sürücü istəyimizi öyrənib, bizi çarşıya apardı.

Çarşıda qadın geyimləri bölməsindən Nəzrin xanım açıqrəngli, nisbətən ucuz bir gödəkçə seçdi. Bu paltar ona çox yaraşdı.

Onu çox çətinliklə razı salsam da, gödəkçənin pulunu mən verdim.

O:

– Kiminsə mənim yerimə pul ödəməsini çoxdan yadırğamışam – dedi və zarafatla əlavə etdi: – Amma səndən bir nişanə qalsa yaxşıdır. Axı, sən mənim on beş il, altı aylıq tanışımsan. Həm də – güldü – dayaq nöqtəm...

Axşam yeməyinin vaxtı idi. Çarşıdan çıxıb azacıq aralıdakı balıq restoranında üz-üzə əyləşdik. Adama bir ləvrək qızartması və “Koka-kola” sifariş verdik.

İçəridə alaqaranlıq idi. Şam işığında oturmuşduq. İndi qadının üzünü bütöv görürdüm. Şamın titrəyən şölələri onun alnında, yanaqlarında, çənəsinin ucunda tül kimi yellənirdi. Bu yaşda qadınlar şam işığında daha gözəl görünürlər.

Gözlərimin azacıq zəifliyi onun füsunkarlığını bir az da artırırdı.

Qadının dodaqlarının tərpənməyi məni xəyaldan ayırdı. Duruxdum. Elə bil fikirlərimi oxumuşdu, ona heyran olmağıma imkan vermək istəmirdi. Dediyi sözlər bir an sonra mənə çatdı:

– On birinci ildir Türkiyədə yaşayıram. İki universitetdə çalışmışam. İndi Çanaqqaladayam. Buralara öyrəşmişəm.

Xidmətçi sifariş etdiklərimizi gətirdi. Sanki o, bugündə olduğumuzu xatırlatmağa gəlmişdi. Deyəsən, keçmişə qayıtmaq heç cür mümkün olmayacaqdı. Musiqi səsi, şam, çəngəl-bıçaq, pərdələr keçmişin yolunu bağlamışdı.

– Qara dənizin balıqları dadlı olur – qadın qolaysız bir cümlə fırlatdı.

Lap söndüm. Fikrimdən keçdi ki, söhbət balıqlardan başlandısa, yönlü bir yerə gedib çıxmayacaq. Ancaq özümü sındıra bilməzdim.

O axşam ordan-burdan xeyli danışdıq. Samsunda dənizə tilov atmış balıqçı heykəlindən tutmuş Uqo Çavesə qədər.

Gecə saat on birə işləmiş otelə döndük. Səhər onu dərs, məni iclas gözləyirdi.
Sonrakı iki gündə başım elə qarışdı ki, Nəzrin xanımla cəmisi bircə dəfə telefonda hal-əhval tuta bildim. Onun da burada işi az deyilmiş.

Üçüncü gün günorta iqtisadi forumun bağlanışı oldu. Otelə qayıtdım. Qadının otaq telefonuna zəng açdım, cavab gəlmədi. Çarpayıya uzandım. Deyəsən, forum boyu iclaslar, görüşlər, qəbullar, gəzintilər, restoranlar məni üzmüşdü. Dincəlmək ləzzət verirdi.

Bir də qadına zəng etdim. Telefon susurdu.

Üç saat ərzində mürgü vura-vura hər yarım saatdan bir onu telefonla aramağım bir fayda vermədi.

Haçan yuxuya getmişəm, xəbərim olmayıb. Telefonun səsinə yerimdən dik atıldım. Nəzrin xanımın səsi eşidildi:

– Salam!

Yuxulu olduğumu gizlətməyə çalışaraq dilləndim:

– Salam!

– Telefonuma nə çox zəng etmisən?

– Nədən bildin?

– Zəng çalıb qışqırmaqdan telefonumun səsi batıb, xır-xır xırıldayır.

– Sən zarafat edirsən, doğrudan səni çox aramışam.

– Bu gecə saat birdə İstanbula uçuram.

– Mən isə sabah səhər. Hələ vaxtımız var.

– Hə, saatyarımdan sonra məni aşağıda gözlə.

– Danışdıq.

Geyinib deyilən vaxtda otelin girişində olmaq üçün qapıdan çıxmaq istəyirdim ki, telefon zəng çaldı. Dəstəyi götürdüm, yenə Nəzrin xanım idi. O, zarıncı səslə dedi:

– Xahiş edirəm, mənim odama gəlin.

Onun öləzimiş səsindən narahat oldum və tez otaqdan çıxdım.

Döyməyimlə qapının açılmağı bir oldu. İçəri keçdim.

– Birdən-birə özümü pis hiss etdim – dedi, – ağrıyıram.

Ağrımağı onsuz da aydın görünürdü.

– Nədən ola bilər? – soruşdum.

– Dəqiq bilmirəm, amma son aylarda bir-iki dəfə buna oxşar küt ağrılarım olub. Fikir verməmişəm. Ağrıkəsici dərman içməklə sovuşdurmuşam.

Ayağa durdum:

– Onda mən qaçım dərman dalınca!

– Hələ otur, – o, əlilə mənə oturmaq işarəsi verdi, – bəlkə ağrı özü keçdi. Ağrıyanda tək qala bilmirəm. Hənir istəyirəm.

Könülsüz əyləşdim. Bilmirdim vəziyyəti necə dəyişim. O da oturub kresloya qısıldı.

Dörd-beş dəqiqə belə keçdi. Onun halının ağırlaşdığı gün kimi aydın idi. Dişini dişinə sıxıb ağrıya dözürdü.

Daxilən hövsələdən çıxdım:

– Məncə, təcili yardım çağırmaq lazımdır.

– Yox! İstəmirəm! Zəhmət olmasa, mənə bir ağrıkəsici dərman tapıb gətir.

Yerimdən sıçrayıb qapının dəstəyinə əl atdım. Aşağı düşməyim, taksiyə minməyim, aptekdən dərman almağım, geri qayıtmağım iyirmi dəqiqədən çox çəkməzdi.

Nəzrin xanımın rəngi boğulmuşdu. Hiss olunurdu ki, ağrıları daha da şiddətlənib. Su gətirib tez ona bir dərman içirdim.

İndi biz dərmanın təsirini gözləməliydik.

– Nə yaxşı sənə rast gəldim – o, zarıdı.

– Narahat olma, keçib gedər. Bəlkə çay gətirdim?

– Yox, heç nə istəmirəm.

– Ağrıkəsici neçə dəqiqəyə təsir edə bilər?

– On beş – iyirmi dəqiqəyə.

– Çalışaq, dözək! – Mən onun ağrılarına şərik çıxmaq istədim.

Sözümdən qadının dodaqları azacıq qaçdı. Bu mənə təskinlik verdi, deməli, hələ onun canında gülümsəməyə hey qalmışdı.

On beş-iyirmi dəqiqəmiz hədər getdi. Qadının ağrısı kəsmədi. Daha da narahat olmağa başladım:

– Xahiş edirəm, razı ol, həkim çağırım. Yersiz risk etməyək.

– Hə, sən deyən olsun, çağır.

Resepşinə zəng açıb, təcili yardım çağırmasını xahiş etdim.

– Heç istəməzdim ki, sən məni bu halda görəsən. Qəribədir, xəyallarımızda həmişə həyatın yaxşı tərəfini düşünürük – o, kövrək-kövrək dedi. – Amma qəzavü-qədər bizi tez-tez peşiman eləyir.

Ona təsəlli vermək istədim:

– Hesab eləyək ki, indi mən xəstələnmişəm, sən mənim yanımdasan.

Bu vaxt qapı döyüldü. Qapını açdım. Gələn təcili yardım həkimləri idi.

Qısa müayinədən sonra onlar Nəzrin xanımı xəstəxanaya aparmaq qərarına gəldilər.

Nəzrin xanım mənə baxdı:

– Mən bu gün mütləq uçub getməliyəm.

Zorla gülümsədim:

– Əlbəttə! Əlbəttə!

O, tibb bacısının təklif etdiyi diyircəkli xəstə kreslosuna oturmadı, canını dişinə tutub, öz ayağı ilə yanımızca gələrək ambulansa mindi. Mən də onun dalınca.
Yol boyu qolundan yapışmışdım.

Təcili yardım xəstəxanasında uca boylu cavan bir həkim onu müayinə etdi. Qan təzyiqini ölçdü, qanından analiz götürdü, ağrıkəsici iynə vurdu. Sonra mənə baxıb “Müsafirsiniz?” – deyə sordu. Mən “Bəli” əvəzinə “Əvət” dedim. O, gülümsündü və “Bəkləyin, eşinizin testinin cavabı çıkacak” – dedi:

Nəzrin xanım onun dediklərini eşitsə də, canının hayında idi. Mən də üstünü vurmadım. Xanımın mənim eşim – arvadım olmadığını həkimə anlatmağımın heç bir mənası yox idi.

Biz divanda yanaşı əyləşib gözləməyə başladıq.

Nəzrin xanım dedi:

–Bu qədər qayğıkeş olduğunu bilməzdim.

– Ağrın azalırmı? – Özümü söhbətin hədəfindən çıxarmaq istədim.

– Yaxşı ki, sən yanımdasan – o, kövrəlmişdi – son illər xəstələnəndə elə bilirəm dünyada heç kimim yoxdur. Bunu oğluma bildirmirəm. Oğlan uşağıdır, böyrümdə bitib qalmayacaq ki... İndi o, Amerikadadır. Yel universitetində oxuyur. Qoy özünə bir gün ağlasın.

Onun gözləri dolmuşdu, səsinin titrəyəcəyindən qorxub, bir anlıq susdu. Mən də danışmağa söz tapmırdım.

Sonra azacıq toxdayıb dedi:

– Həyatın qəribə işləri var. On beş il yarımdan sonra məni xilas etmək üçün uzaq, balaca bir şəhərdə peyda olmusan.

Tibb bacısı bizi həkimin yanına çağırdı. Testin cavabı çıxmışdı. Həkim əlindəki kağıza baxa-baxa dedi:

– Korkulu bir şey yok. Qıda borusunda iltihab vardır. Şu kağıtta yazdığım ilacları alın. İnşallah, sağalırsınız.

Rahat nəfəs aldıq. Xəstəxanadan çıxıb mindiyimiz taksini əczaxanaya sürdürdük. Reseptdəki dərmanları alıb otelə qayıtdıq. Nəzrin xanım tələsirdi. O, dirilmişdi, elə bil bayaqkı xəstə deyildi.
Saatına baxdı:

– Uçağın yola düşməsinə bir saat on beş dəqiqə qalır.

– Narahat olma, – dedim – oteldən hava alanına cəmisi iyirmi dəqiqəlik yoldur. Çatdırarıq.

O, yuxarı qalxdı. Mən onu aşağıda gözləyəcəkdim. Özü belə istədi.

Fikrimi məşğul edən onu aeroporta tez çatdırmaq idi. Gözüm liftin qapısında qalmışdı, dəqiqələr uzanırdı.

Nəhayət, Nəzrin xanımı liftdən çıxanların arasında gördüm. Xidmətçi onun çamadanını gətirirdi.
Mənim hesabımla hava alanına bərabər getməliydik. Ona görə xidmətçi qonağın yükünü taksiyə yerləşdirdikdən sonra miniyin arxa qapısını açıb, Nəzrin xanıma əyləşməyi təklif etdim.
O, sağ əlimi əllərinə alıb dedi:

– Gəl sağollaşaq! Əziyyətimi çəkdin. Halal elə.

– İstərdim səni hava alanına qədər ötürüm. – dedim.

– Neçə illərdir qarşılanmağı da, yola salınmağı da gündəlikdən çıxarmışam. Xahiş edirəm nəzərə al, mənə bu barədə daha heç nə demə. Artıq təkliyə öyrəşmişəm. Sağ ol! Çanaqqalaya yolun düşsə, məni ara. Ünvanım səndə var. Hələ ki Bakıya gəlmək fikrim yoxdur. Gəlsəm, mütləq görüşəcəyik. Bu görüş mənə hələ on beş il bəs eləyər.

Başqa söz tapmadım:

– Bəlkə on beş il altı ay demək istəyirdin?

Gülüşdük.

O, gənc qız kimi pəncələri üstə qalxıb üzümdən öpdü və iti addımlar ataraq taksiyə mindi.
Mən sabah səhər reysi ilə uçmalı idim. Sabaha hələ çox vardı.

2010

525-ci qəzet
XS
SM
MD
LG