Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:35

«AXCP və Müsavatın birləşməsi haqda söhbətləri bitmiş hesab etmək olar»


Arif Hacılı
Arif Hacılı
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Müsavatdan istefalara münasibət bildirən A.Hacılı deyib ki, bu qopmalar partiyanı zəiflətməyəcək:

MÜƏYYƏN FƏSADLAR OLACAQ, ANCAQ...

«Hesab etmirəm ki, Müsavat Partiyası zəifləyəcək. Müsavat Partiyasında hazırda bir nəsil dəyişmə, yenilənmə prosesi gedir. İstənilən yenilənmə prosesi ağrısız, fəsadsız ötüşmür. Müəyyən fəsadlar olacaq. Ancaq hesab edirəm ki, yaxın zamanlarda Müsavat Partiyası daha dinamik, daha çevik fəaliyyət göstərən bir təşkilat kimi özünü təsdiq etməyə bir daha nail olacaq».

Arif Hacılı partiyanın qurultayında başqan seçkilərində iştirakı ilə bağlı sualı da cavablandırıb. O deyib ki, bu, proseslərin gedişindən asılıdır:

«Mən hesab etmirəm ki, Azərbaycan siyasətinin problemi yalnız kiminsə başqan olması ilə bağlıdır. Mən hesab etsəm ki, mənim başqan olmağım Azərbaycan cəmiyyətinin, demokratik qüvvələrin və Müsavat Partiyasının mənafelərinə uyğundur, mən öz namizədliyimi irəli sürəcəm».

AXCP və Müsavatın birləşməsinə əngəl kimi onun adının hallanmasına münasibət bildirən A.Hacılı deyib ki, məsələyə belə yanaşmaq düzgün deyil:

ARZULARI GÖZLƏRİNDƏ QALACAQ

«AXCP-Müsavat birləşməsinin tərəfdarları olan şəxslərin belə arzular ifadə etməsi əslində bu məsələyə onların səmimi yanaşmamasını göstərir. Mənə elə gəlir ki, onlar birləşmə şəraitində də siyasi rəqabətə hazır olmalıdırlar. Yəni İsa Qəmbər başqanlıqdan, siyasətdən gedir, Arif Hacılı siyasətdən getməlidir, AXCP-Müsavat birləşməlidir və yalnız bunlar siyasətdə qalmalıdır, mənə elə gəlir ki, bu, səmimi yol deyil. Və bu addımlarla heç nəyə nail olmaq mümkün deyil. Mənim siyasətdən getməyim üçün Əliyevlər rejimi milyonlarla pul xərcləyir, daim mənə qarşı təxribat və təzyiqlərlə məşğuldur. Dəfələrlə məni həbsə atıblar. Buna nail ola bilməyiblər. Kiminsə siyasi karyerası naminə mənim siyasətdən getməyimi arzulayanların da arzuları gözlərində qalacaq».

Arif Hacılı «AXCP və Müsavatın birləşməsi barədə söhbətləri bitmiş hesab etmək olarmı» sualına cavabında isə deyib ki, artıq bu istiqamətdə Müsavatda aparılan danışıqlar başa çatıb:

«Bu mərhələdə hesab edirəm ki, bitmiş hesab etmək olar. Çünki bu istiqamətdə Müsavat Partiyasında aparılan müzakirələr başa çatıb. Müsavat Partiyasının Məclisi məsələ ilə əlaqədar qərar qəbul edib. Biz indiki mərhələdə AXCP ilə müttəfiqlik münasibətlərinin davam etdirilməsi və bu təşkilatla münasibətlərin daha da dərinləşdirilməsi tərəfdarıyıq».

XS
SM
MD
LG