Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Zərdüşt Şəfizadə "Heykəltaraş" (Hekayə)


“Başqa adamlar” kitabından “Heykəl adam” və ya

Heykəltaraş
(hekayə)

***

“Bu nədi belə düzəltmisən?”
“Heykəl...”
“Görürəm heykəldi. Nə heykəli?”
“Adam...”
“Hə, Adam...bəs bunun sifəti hanı?”


I

Məhəmməd bayaqdan bəri torpağa sıxılmaqdan sızıldayan dizlərinə əhəmiyyət verməyərək bir ovcunda partlamayan qumbaraya baxdı, bir də qarşısında əli silahlı dayanıb onun başa düşmədiyi dildə nə isə qışqıran adamlara.

Gözlərini onlardan qaçırdaraq aralıda gözünə dəyən tək-tük ağac və kollara nəzər atdı- iki gündü atışma ilə eyni zamanda dayanmadan əsən külək ağacların budaqlarını israrla sındırır, sındıra bilmədiyinin də başını yerdən qaldırmağa qoymurdu.

O heç vaxt Şekspiri oxumamışdı. Teatrlara və tamaşalara getməmişdi.

Uşaqlıqdan arzuladığı kimi hərbçi olmuşdu.

Başqa heç nə haqda düşünməmiş, ailəsinə də heç vaxt ayırmağa imkanı olmamışdı.

Neçə illərdi heç yaşamamış- döyüşmüşdü.

Və budur, müharibə qurtardım deyəndə əsir düşdü.

Sifətinə və bədəninə böyük qüvvə ilə endirilən təpik və silah zərbələrindən özündən getdi və dizlərinin üstündə dayana bilməyib özünü qorumağa cəhd elədiyi torpağın öhdəsinə buraxdı.

Səbəbini özü də bilmədən, digərləri kimi hər gün danışıqların bir nəticəyə hasil olacağını gözləmədi, taleyinə baş əydi.

Nə az, nə çox- səkkiz il Hamlet kimi “olum, ya ölüm” dedi.

Tamı-tamına səkkiz il məhz o sualın əsiri oldu- başına açılmayan oyun qalmasa da, onu əsir alanlar gözünə belə görünmədilər.

Beş il hər sabah və axşam, işgəncələrdən qabaq və sonra, ağrıların içində qovrula-qovrula o sualı yenidən və yenidən düşündü.

Partlamayan qumbaranın xəyalı bu beş il ərzində gözünün önündən heç vaxt getmədi.

Hər gecə o qumbara kabus kimi yuxularında partladı, yuxularını partlatdı, nəticədə beş il sonra birdən-birə yuxularının sanki davamiyyəti qalmadı və beş ildi dayanmadan partlayıb yanan yuxu dünyası sanki parçalanıb həyatına qarışdı.

O birdən- birə ayıldı ki, daha yuxu görmür.

Ancaq bu qumbara kabusları ilə dolu səkkiz ildə ətrafında özü kimi əsir düşənlərin aqibətinə baxmışdı- onlar ya olurdular, ya ölürdülər.

Olanların aqibəti yaxşı deyildi, onlar da onun kimi idilər- bir fərqləri vardı, əsirlikləri ilə barışa bilmirdilər, hələ də xilas yolu gözləyir, dönəcəklərinə ümid edirdilər; ölənlərdənsə bir xəbər yoxuydu.

Onları donuz kimi tövləyə qatıb saxlayanlarsa tamam başqa cür yaşayırdılar: nə olmurdular, nə ölmürdülər.

Onların həyatları cəm halda ona nə olduğundan, nə öldüyündən xəbəri olmayan bir sürü heyvanı xatırladırdı. Ancaq o bir zamanlar heyvanları sevirdi.

Əsirlikdə keçirdiyi səkkiz il ərzində hər gün göylərə, günəşə, uzaqda görünən başı qarlı dağlara, təbii halda, heç nə olmayıbmış kimi dayanan təbiətə baxmış, olanlar, ölənlər və yaşayanları müşahidə edərək nəhayət bir qərara gəlmişdi- onda günəş hələ doğmamış, onlar da həmişəki kimi onu aparmağa gəlməmişdilər.

Orda olduğu səkkiz il ərzində bircə dəfə də onlara etiraz eləməmişdi. Qaçmağa cəhd göstərməmiş, qəhrəman olmaq ağlına da gəlməmişdi.

Nə demişdilər- eləmişdi. Döymüşdülər- ağlamışdı. Söymüşdülər- susmuşdu. Işgəncələr zamanı başqa çıxış yolu olmadığından qışqırmışdı.

Ona donuz güddürmüşdülər- özünü Şeyx Sənan bilmişdi, kor ərəbin mahnısını oxumuşdu.

Mahnını eşidənlər onu yerə yıxıb üstünə işəmişdilər, ağlamışdı, amma yenə də “nə eşq olaydı- pıçıldamışdı-, nə aşiq...”

Dəlini döymək daha maraqlıdır deyə hər axşam onu təpikləməyə, təhqir etməyə yeniləri gəlmişdi.

Bıçaqla, qayçıyla, iynəylə bədənini yazmışdılar- onun üçünsə heç nə fərq etməmişdi.

İşgəncə şəkilləri hər gün yenidən və yenidən dəyişilsə də nəticə birdi və o artıq ağrıya öyrəşmişdi. Söyüşlər və təhqirlərə də eləcə.

Ona görə də o sabah günəş doğanda onlar onun nə edə biləcəyini heç yuxularında da görə bilməmişdilər.

Gözləri ilə görənlər də, odun-alovun içində gözlərinə inanmamış, yuxuda ya aşkarda olduqlarını ayırd edə bilməmişdilər: o bütün qərargahı yandırmışdı.

O səhər hələ günəş doğmamış:

“Nə olmaq lazım deyil, nə də ölmək- demişdi öz-özünə- sadəcə qaçmaq lazımdı. Ya olaram, ya ölərəm...”

Tanrı onun üzünə baxmışdı, ola bilmişdi.

Dağ- dərə dolaşmışdı, mağaralarda yatmışdı, ocaq qalamaq, heyvan tutub yemək, onu axtaranlardan gizlənmək üçün çarpışaraq lap az qala azıx adamı olmuşdu.

Bir neçə ay Kiçik Qafqazın meşələrində gəzmiş, bataqlıqlarında batmışdı. Olmuşdu.

Bir də yadına düşdükcə “sarı gəlin”, “qarabağ şikəstəsi”, “kor ərəbin manısı”nı oxumuşdu. Oxumuşdu ki, aclıq və o böyük sual ona kimliyini unutdurmasın.

Oxumuşdu ki, mağaralarda gəzməkdən mağara ayısına çevrilməsin.

Oxuduqca da gözündən gilə-gilə yaş gəlmişdi.

Sonra bir simurq quşu gəlmişdi, almışdı onu qanadlarına, aparmışdı.

II

Budur. O şəhərdədir.

Beş illik ayrılıqdan sonra şəhər gözünə başqa gəzəgəndəki cənnət kimi görünürdü.

Gözlərini böyüdərək insanlara baxır, anlaya bilmirdi- burda müharibə yoxdu, silah yoxdu, əsir yoxdu.

Şəhər o biri üzündən xəbəri olmayan medalyon kimidi.
Deməli heç kimin ondan da xəbəri yoxdu.

Sanki burda bayramdı. Hər kəs bəzənib çıxıb şəhərə.

Ayın tarixini bilmirdi. Günü bilmirdi. Bilirdi ki, payızdı.

Metroda vaqonun ritminə uyğun silkələnərək yol gedirdi. Ətrafında ikrahla ona baxan insanlara baxırdı. Bəziləri yanından keçərkən onun qucağına qəpiklər atırdılar.

O onlara nə isə demək istəsə də heç kim ona baxmır, onu dinləmirdi.

Sərhəddə onu əskərlər tutanda da belə olmuşdu, heç kim ona qulaq asmaq belə istəməmiş, bir həftə onu sorğu-suala çəkəndən sonra: “dəlidi” -deyib buraxmışdılar.

Indi ona elə gəlirdi ki, simurq quşu onunla bir zarafat edib, onu hansısa bir başqa ölkəyə, adaya, bəlkə də hansısa əfsanənin içinə atıb- çünki bura gördüyü qədərilə bir vaxtlar yaşadığı şəhər ola bilməzdi.

Bura hansısa teatrın səhnəsinə bənzəyirdi və insanlar sanki ciddi-cəhdlə bir komediyanı oynayırdılar.

Bəzən gözünə dramatik obrazlar dəysə də, əksəriyyət bütün varlığı ilə komik rolları yaradırdılar- ancaq deyəsən özlərinin bundan xəbəri yoxdu.

Çünki eyni zamanda da özlərini çox ağır və samballı aparır, hər şeyə ciddi yanaşır, ən əsası da özləri qətiyyən gülmürdülər.

Bir neçə dayanacaqdan sonra onun bir vaxtlar yaşadığı dayanacaq çatmalıydı.
Həyəcandan ürəyi partlayırdı.

Samirəni, Leylini, Vüsalı görmək istəyirdi. Samirəni doyunca öpmək istəyirdi- yəqin indi daha da gözəlləşib, onu gözləməkdən ehtirası artıb. Leyli böyüyüb yəqin, indi altıncı sinifə gedir, Vüsal da ki, evində yeganə kişidi, əlbəttə, başqa cürə ola da bilməz.

Qarşısına keçib oturan adam onu bütün xəyallarından ayırdı. Onun ovcunun içində dəmir büst vardı və büst onun özünə yaman oxşayırdı.

O gözlərini büstdən çəkə bilmirdi. Qapılar bağlandı və növbəti dayanacaq onun gözlədiyinin tam əksinə elan olundu.

O bu növbəti dayanacaqda düşməliydi, amma dayanacaq onun adına idi.

Metro qapısının aynasında özünə baxdı. Bu odumu, o deyilmi? Saçı saqqalı uzanmış bir adam- əynində köhnə hərbi paltar.

Bir neçə dəfə adını öz-özünə tələffüz elədi. Bu son səkkiz ildə bir dəfə də öz adını kiminsə dilindən eşitməmişdi. İndi birdən-birə metroda bu ehtiraslı səs...

Hiss elədi ki, deyəsən özünün itirib. Ona elə gəlir ki, bu onun adı deyil. Adı təkrar-təkrar özünə dedikcə hiss edirdi ki, ad daha da yadlaşır.

Onun adına olan dayanacağın divarlarından böyüdülmüş şəkli baxırdı. Çiynində silahı, başında papağı. Şəkil onun şəkli idi, ancaq o belə şəkil çəkdirməmişdi.

Adamlarən arasından keçərək metronun çıxışına tərəf getdi. Ancaq qarşısına çıxan heykəlini görüb qorxdu.

Nəhəng bir büst gözlərini məhz onun kimi dəbərdib sanki ona meydan oxuyurdu. Altına yazılmışdı: ”Biz vətəni qorumalıyıq.” Sonra da onun ad və familiyası. Sonra doğum və ölüm illəri.

Boğazına yığılan qəhərdən yerə çökdü. Ətrafda hərəkətdə olan insanlar ona heç fikir vermədən onun yanından keçir, sanki o yoxmuş kimi hərəkət edirdilər.

Bir uşaq qaça qaça gəldi və onun uzun saqqalından yapışıb dartdı:

”Dədə Qorquddu ye, Dədə Qorqud...”

Anası qaça- qaça gəldi və uşağın qolundan tutub apardı. “Min dəfə demişəm sənə, məndən aralanma... bir də gördün qoydum getdim... mən səni güdə -güdə durammaram”- deyirdi uşağa.

III

Metrodan qaça- qaça çıxdı, elə bil qorxmuşdu. Bir anlıq səhv çıxdığını düşündü.

Geri döndü və dayanacağa bir də baxdı. Bəli, deyəsən bura onun adına qəbiristanlıq idi. Deyəsən metronun bu stansiyası məhz qəbiristanlıq üçün dəyişdirilmişdi.

Ancaq əvvəllər burda onların evi olmalıydı, metronun çıxışından hardasa bir iki yüz metr aralıda.
Qayıtdı. Digər çıxışdan çıxdı və yenidən donub qaldı.

Bir anlıq zərbənin hansı tərəfdən gələcəyini bilməyən idmançı kimi sinirləri yığıldı, sonra bir küncə, bir divarın dibinə çəkilib baxmağa başladı.

Yox, bura qəbirisitanlıq deyildi, bura heykəllər bağıydı yəqin.

Hər tərəfdə hətta uzaqda görünən evlərin başında və həyətlərində də heykəllər, büstlər vardı.

Deyəsən yavaş-yavaş başa düşməyə başladı. Bu ərazidən çoxlu məşhur adamlar çıxıb və buna görə də burada belə ekzotik bir bağ açmaq qərarına gəliblər.

Şəhərə daxil olduğu ilk andan bu yana o qədər həyəcanlı olmuşdu ki, gözünün gördüklərini beyni qavramamışdı.

Yadındadı- şəhərin girişində də heykəllər vardı. Mərkəzdə də. O isə fikir verməmişdi.

Yavaş-yavaş yaddaşının dərinliklərində parlayan evlərinə tərəf istiqamət tutdu və dönüb arxaya baxanda yenə diksindi: “silah qolun bir hissəsidir ” yazılmışdı metroya girişin üstünə, altında da onun adı və familiyası.

Axı o bunları nə vaxt demişdi, ya da kimsə onun adından istifadə edərək nələrsə danışıb, bəs kimə danışıb, ümumiyətlə axı onun ölüm xəbərini kim verib bunlara?

Yavaş-yavaş hərəkət elədikcə yoldan keçən insanlar ona qəpiklər tullayır, o isə heç birini götürmürdü. Axı o heç kimdən pul istəməyib.

IV

Heykəllərə fikir verdikcə gördü ki, onların bəziləri usta əllə əsl daşdan, qayadan, gipsdən yonulub, bəziləri isə çox həvəskar şəkildə və hətta bərbad düzəldilib.

Ən çox onun dayanıb baxdığısa taxtadan yonulmuş balaca bir büst oldu- onun yağışdan və qardan çürümüş sifətinə kimsə pomada çəkmiş, yanaqlarını pudralamış bir sözlə şəhərin ortasında bu adam kim idisə onu təhqir eləmişdilər.

Taxtadan qoyulan heykələ bundan artıq hörmət qoyulmayacaq ki.

Parkdan uzaqlaşdı, binaların arasına girdi. Heykəllər azalmaq bilmirdi, əksinə, elə bil get-gedə daha da artırdılar. Aralarında uşaq heykəlləri vardı.

Bir vaxtlar yaşadığı binanı tanıyanda dayana bilmədi, yaxınlaşıb birinin adını oxudu: Mahmudov Vüsal Məmməd oğlu. Oğlan mərd və dalğın gözləri ilə harasa uzaqlara baxırdı.

Tükləri biz-biz durdu. Bu qədər təsadüf ola bilməzdi. Özünü itirib yerə çökdü.

Deməli oğlu da ölüb. Harda ölüb? Necə ölüb? Niyə heykəli beləcə küçənin ortasına binaların arasına qoyublar. Gözlərini qaldırıb oğlunun sifətinə baxdı- hə, oydu.

Qaşları, yanaqları, uzun qartal burnu- az qalmışdı onu infarkt vura.

Ancaq aşağıdakı lövhəni oxuyan kimi üzü güldü: “mənim atam qəhrəmandı, mən qəhrəman oğluyam.” Cümlənin altında da yeddi dənə də rəqəm yazılmışdı, deyəsən telefon nömrəsidi.

Arxasında kimsə dayandı: “aə, belladen, nə sərələnmisən ora? Vüsü səni tutsa təpiklicey... sürüş ordan...”

Deyəsən heç nə olmayıb. Deyəsən burda o bilməyən nələrsə var. Deyəsən Vüsü onun oğludu, bu tərbiyəsiz də onun dostudu, nəyidi.

Yox, onun oğlu belə tərbiyəsiz uşaqlarla durub-otura bilməz. Samirənin tərbiyəsi, ən azından Samirənin tərbiyəsini görmüş uşaqdı. Onun oğlunun belə dostları olmaz yəqin.

Ayağa qalxaraq bir-iki addım da getdi, tanış blok qapısını gördü- bütün şəhər dəyişmişdi, adamlar və uşaqlar dəyişmişdi, metro və parklar dəyişmişdi.

Bircə bu qapı elə o çürük, cır-cır qapıydı ki durmuşdu.

Bloka girən kimi kimsə ona toxunub çevrildi, arxaya doğru qışqırdı: “mənə dəxli yoxdu... mən heykəli zakaz vermişəm, yerin də behin alıblar... Mamed də dirilib gəlsə xeyri yoxdu...”

Çevrilib getmək istəyəndə ona da baxdı- o hələ də divara söykənib mat-mat oğluna, onun danışığına, hərəkətinə baxırdı.

“Nədi ə, mal kimi nə baxırsan?”

“Kimdi a bala o?”- tanış səslə bir qadın qapıdan dilləndi.

“Deyəsən dilənçidi, bir iki qəpik atın də buna”- deyib Vüsü blokdan çıxdı.

O sarsılmış halda əli ilə qapının çərçivəsindən tutaraq uzaqlaşan oğlunun arxasıyla baxdı. Vüsal bir neçə addım gedəndən sonra dayandı, ayaqlarını bir-bir qaldırıb kiminsə büstünün kürsüsünə qoyaraq ayaqqabılarını təmizləməyə başladı.

Cibindən çıxardığı əskiylə ayaqqabıları silib- parıldatdı, sonra yenə uzaqlaşmaq istəyirdi ki, nə fikirləşdisə döndü, heykəlinə sarı getdi, elə əlindəki əskiylə onun sir-sifətini sürtdü.

O həm gülümsündü, həm də gözlərindən yaş gəldi.

“Ə kimsən, gəl görüm bəri..”- hələ də qapını bağlamayıb gözləyən mehriban səs dilləndi, o irəli yeriyib öz evinin qapısına tərəf pillələri qalxdı, Samirəni görüb divara sıxıldı.

Samirə ona baxdı, baxdı, birdən özündən gedib yerə yıxıldı.

V

Samirə çox dəyişilmişdi. Ayılandan sonra özünü tam sərbəst aparmışdı. Onu tutub hamama salmışdı.

Üzünü qırxmağa kömək eləmişdi. Çay-çörək qoymuşdu. Mobil telefonuna cavab vermişdi.

Indi daha mehribandı və elə bil... onu dünən yola salıb, bu gün də qaydasınca qarşılayıb.

“Başa düş... Biz sənin yaşadığını deyə bilmərik. Birincisi- beş ildi sənə görə zırıltı pul alırıq, iki- adına metro açılıb, park salınıb, binalar tikilib, vallah bilən kimi elə həmin gün səni özləri öldürcəklər. Başa düşürsən- bu boyda zırıppıltını dəyişə bilməzlər!”

Samirə bunu deyib çarpayıdan qalxdı.

Çılpaq bədənini büründüyü ədyal örtsə də açıqda qalan kürəyi və ayaqları hələ də onun ağzını sulandırmağa davam edirdi.
Qadın siqaret külqabını gətirdi.

“Sən siqaret çəkirsən?”

“Hə... neynim? Beş ildə mən nə isə eləməliydim axı...”

Gözlərini döyərək qadının qarışıq saçlarının arasından siqareti necə çəkməsinə baxdı. Bu çiyinlər, bu əndam, bu gözlər və qaşlar, qapıdan içəri girəndən bəri ilk öncə doğma görünüb get-gedə isə yad, tanış olmayan cizgilər gəzdirdiyini biruzə verən sifət.

Ancaq o inanmaq istəmirdi. Çarpayıdaca dikəlib yoldaşını kürəyindən qucaqladı, burnunu onun çiyinlərinə, boğazına sürtərək ətirini sinəsinə dartmağa başladı.

“Mənim mələyim... mənim balaca mələyim...”

“Balacaya bax ee- qadın güldü. Onun əlindən çıxaraq paltarlarına tərəf getdi -Dur. Indi qız gələcək hazırlıqdan. Geyin.”

Ədyalı üstündən atdı və geyinməyə başladı.

O başını əllərinin arasına alaraq siqaretə baxdı. Ömründə ilk dəfə siqaret odladı və onu sinəsinə dardtdı. Birdən dayana bilmədi. Ağlamağa başladı.

Qadın cəld onun qarşısında diz çökərək onu qucaqladı. Başını hələ də açıq qalmış yaxasına sıxdı.

“Sən səkkiz il dözmüsən. Hər şeyə dözmüsən. Indi noldu sənə?- qadın onun boynundan öpdü- amma biz sənin sağ olduğunu deyə bilmərik.

Səni öldürərlər. Səni elə daprosda öldürərlər. Bilirəm, soruşacaqlar- niyə öldürməyiblər səni, nə deyəcəksən? Deyəcəklər satmısan! Şpionsan! Yox. Olmaz.

Gələn il mənə deputatlıq söz veriblər. Tələsmə. Qoy deptat olum. Sənə sənəd düzəltirərəm, başqa adla. Evlənərik yenidən.”

Elə bil onu elektrik vurdu. Başını qaldırıb yoldaşının gözünə baxdı.

“Mən öz arvadımla bir də evlənim?”Qəfil qapıya salınan açardan Samirə diksinib cəldə özünü yığışdırdı. Xalatının yaxasını bağlayıb mətbəxə getdi. Leyli qapıdan içəri girib sürətlə qışqıra-qışqıra otağa girdi: “e mama, bu məlim məni bezdirib...”

Birdən onu görüb duruxdu.

“Salam.”

Qışqırdığından utandı deyəsən. Gah otağa çay gətirən anasının gah da onun üzünə baxdı.

“Mama, sənin lyubovnikin budu?“

Çay fincanı qadının əlindən düşdü, diyirlənib çarpayının altına tərəf getdi.

VI

Qapıdan çıxanda bir anlıq dayanıb aynada özünə baxdı. Heyrətdən gözlərinə inanmadı. Çox dəyişilmişdi.

Arxasında dayanıb gözlərində yaş ona baxan qadını görəndə özünə gəldi. Sakitcə qapını açıb çıxdı.

Qızı qaça-qaça onun ardınca bloka çıxdı. Heç nə deməsə də eləcə baxdı. Binaların arasından sürətlə keçərkən oğlunu da gördü.

Iki yoldaşı ilə evə qayıdırdı. Uzaqdan oğlan da deyəsən onu gördü və birdən-birə elə bil duruxdu.

O isə dayana bilməzdi.
Damcı-damcı yağmağa başlayan yağış küçələr dolusu düzülmüş heykəllərin sifətlərində göz yaşına bənzəyirdi.

O heykəllərin üzünə baxmamağa çalışaraq şəhərdən uzaqlaşmaq istəyirdi.

Geriyə qayıtmaq istəyirdi. Kiçik qafqazın dağıları və meşələri düşmüşdü yadına.

Şəhərin çıxacağında qabağına çıxan böyük heykəltaraşlıq emalatxanasını görəndə dayana bilmədi və içəri girdi. Orta yaşlı usta onu gülər üzlə qarşıladı.

“Evim yoxdu. Ailəm də. Pulum da. Mənə iş lazımdı. Burda bir küncdə yataram. Çox pul da istəmirəm.”

Usta cibindən bir siqaret çıxarıb odladı. O da əlini uzadıb ustanın siqaretindən götürdü. Usta gülümsər nəzərlərlə ona baxırdı.

“Indi bunu hamı istəyir. Ən qazanclı sənətdi bu dəqiqə. Heç qadın alverçiləri də bu qədər qazanmır.”

“Niyə axı? Niyə hamıya heykəl qoymaq icazəsi veriblər?”

“Sən hardan gəlmisən?..- bir neçə dəqiqə susdu.- Bazar iqtisadiyyatıdı da. Yerin pulun verirəm. Daşın pulun verirəm.

Demirəm ki, ibadət etsinlər heykəlimə- mən özmçün heykəl qoyuram. Puluma minnət.”

“3 gündü bu şəhəri gəzirəm. Şəhərdə yer qalmayıb. Bina tikilməyən yerlərdə heykəllər tökülüb, heykəllər olmayan yerdə bina tikilib. Park yoxdu. Yaşıllıq, ağaclıq yoxdu. Körpülər o qədərdi ki, körpüdən-körpüyə də körpü var.”

“Inkişaf edirik. Niyə bu xoşunuza gəlmir? Nəyi pisdi axı?”

“Bilmirəm...”

“Onsuz da tələbəmiz çoxdu. Dedi-qoduçu, müxalifətçi də tem bole lazım deyil.”
“Mən müxalifətçi deyiləm.”

“Bəs kimsən?”

O susdu. Gülümsədi.

“İstəyirsən mən deyim sən kimsən?! Acından ölənin birisən. Bu şəhərdə adına bir qara daş da yoxdu. Paxıllıqdan belə deyirsən.”

Içəri otaqdan çıxan saçları ağappaq qocaman ustanı görüb ilk olaraq onun söhbət etdiyi, sonra da o ayağa qalxdılar.

Qoca onlara başını yellədib yanlarından keçdi, ancaq iki addım getməmiş dayandı. Dönüb ona baxdı. Gülümsəyərək onlara yaxınlaşdı.

“Bu üz mənə tanış gəlir. Mən bu cizgiləri işləmişəm elə bil. Özü də dəfələrlə. Şəkildən.”

O cəld çevrilib dükandan çıxmaq istədi. Ancaq bayaqdan onunla söhbət edən heykəltaraş onun qolundan yapışdı.

“Dayan.”

VII

Onlar içəri otaqda çay süfrəsi arxasında əyləşmişdilər. Emalatxana başdan-başa heykəllərlə olu olsa da bu otaqda bir dənə də heykəl yoxdu.

Qoca çubuğunu doldururdu:

“Təxminən bir il qabaq gördüm o yuxunu. Ondan sonra heykəl yonmuram. Yona bilmirəm. Hər sabah əlimi sallaya-sallaya gəlirəm, hər axşam kor-peşman dönürəm. Tələbələrim işləyirlər mənim üçün. Mən bütün ilhamımı itirmişəm.”

“Nə görmüşdün yuxuda?”

“Qəribə yuxu idi, neçə dəfə az qala yuxunun təkrarını da görəcəkdim, ancaq alınmır ki alınmır. Ama o yuxuya elə ehtiyacım var..”

“Necə yəni ehtiyacın var?”

“O nəğməni bir də eşitmək istəyirəm...Gördüm başım yoxdu. Başsızam. Dəli kimi ora-bura qaçıram. Başsız bir adam olaraq necə görürdüm- onu da bilmirəm.

Qaranlıq küçələrin birindən böyük və hüznlü bir nəğmə oxunurdu.

O qədər kədərliydi- mən indiyə kimi belə gözəl mahnı eşitməmişəm. Az qaldı partlayam. Dəli olam. Dəli kimi səsə qaçdım- xor oxuyurdular.

Inan, ora bir saniyə də gec çatsaydım yəqin öləcəkdim. Qaranlıq bir küçədə dayandım, baxdım, başım ordadı. Mənim başım. Qaçıb başını qucaqladım, ”Hardasan- dedim- əzizim, bu qədər vaxtdı? Mən yazığı qoyub hara getmisən?..

”Körpə uşaq oyuncağını qucaqlayan kimi, nə bilim e, ana balasını, fəza yer kürrəsini, dünya okeanı qurunu qucaqlayan kimi, Allah insanlarını qucaqlayan kimi qucaqlamışdım başımı. Həsrətdən elə bilirdim bu dəqiqə partlayacam. Elə bilirdim ürəyim bu sevincə dözməyəcək.

”Başım,mənim başım...”- deyirdim elə hey. Birdən baxdım ki, ətrafda minlərlə baş var: mənə baxan minlərlə bədənsiz baş. Oxuyan onlarmış.

Səhra ortasında quma basdırılmış ölümə məhkum insanların yer səthində gözəgörünən hissələri kimi, başlar, naməlumluqda basdırılmış və ancaq başlarını ordan birtəhər bura uzatmış kimi mənə baxırdılar.

Və dərindən nəfəs alırdılar- sanki o naməlumluqdan başlarını zorla bu küncə soxmuşdular ki, bir az nəfəs alsınlar və oxusunlar.

Hamısı da yazıq-yazıq mənə baxırdılar- sanki onları qucaqlayan yoxdu deyə mənim başıma, qucaqladığım başa paxıllıqları tuturdu.

Gözlərində həsrət vardı o başların.“Burax onu, o sənin başın deyil -dedi birisi- Burda heç kimin başı yoxdu.”

“Yazığı boğdun..”- başqa birisi dedi. Mən başımı qollarımın arasından çıxartdım- heyrətə gəldim, doğrudan da bu mənim başım deyildi.

Özümünki bilib qucaqladığım baş bir başqasının başına oxşadı. Baş çox dərin-dərin nəfəs alırdı- qucağımda az qala boğulurmuş. Birdən-birə aldadıldığımı başa düşdüm- hirsləndim yaman.

Başın saçlarından tutub dəli kimi silkəlkəməyə başladım:

”Sən mənim başımsan, Hanı mənim başım? Mənim başım?”Yuxudan oyandım ki, öz saçımı yoluram.”

Usta susdu. Çubuğundan dərin bir tüstü aldı.

“Bu nə demək idi ki?”

“Dəqiq bilmirəm. Təxmini hiss edirəm. Bir vaxtlar zövqlə düzəldirdik heykəlləri. Onların içinə həqiqətən adam yerləşdirirdik. Ruh qoyurduq. Mən o heykəllərlə bəzən bir otaqdan qalmaqdan qorxurdum. Onlar sanki hərəkət etmək və danışmaq istəyirdilər.”

“Necə yəni?”

“Əlbəttə bu mənə elə gəlirdi. İşə o qədər qapılırdım ki, real həyatı tamamilə unudurdum. Yuxularımda onlarla danışırdım. Bəziləri var- hələ də yuxuma girirlər. ..onda bilirdik kimi yaradırıq, niyə yaradırıq. Indi artıq zaman dəyişib. Indi mənimçün heç nəyin fərqi yoxdu. Düzdü. Əksər heykəllərim xüsusi sifarişlə olur- sənin kimi qəhrəmanlar- bunu deyərkən gülümsündü- xətrinə deyməsin, sən o heykələ əslində layiqsən...”

Usta çubuğunu külqabıya çırpmağa başladı.

“...ancaq elə adam da var pulunu verir, nə qədər istəsəm. Gözəl heykəl istəyir. Məndən də nə gedir ki. Indi artıq elə adam da yoxdu. Göydən də daha mələk düşməyəcək ki onun heykəlini yaradıb özümü bəxtəvər sayım. Bu çox ağırdı. Bir işi bacarasan, o işin ustalığını ən gözəl bacaranlardan biri sən olasan ancaq.. zövq ala bilməyəsən yaratdığından.”

“Mənə də öyrət bu sənəti.”

“Neynirsən? Çıx get bu şəhərdən. Pul lazımdı? O qədər pulum var. Verərəm sənə, sən bu heykəllərə layiq deyilsən. Heç lazım da deyil mənə. Neynirəm. Sən də ki, beş il can vermisən bu heykəllərin üçün... –güldü- al pulunu çıx get... Heykəllər şəhəri... adamlar üçün deyil.”

“Yox, gedərəm bəlkə nə vaxtsa, ancaq, öyrət məni...heykəl yonmaq istəyirəm. elə heykəl ki, insanlar onlara nifrət eləməyə başlasınlar, yavaş-yavaş, istəyirəm mənim yonduğum heykəllər insanları onlardan bezdirsin, daha heç kim özünə heykəl sifariş verməsin.”

“Axı bunu necə edəcəksən? Bu qədər vaxtdı bu sənətdəyəm- insanların sevməyəcəyi bir heykəli təsəvvür eləmirəm. Nə heykəli yonacaqsan axı?”

“Adam... sadəcə adam...”

“Necə yəni sadəcə adam?”

“Sən həmişə gözəl heykəllər yonmusan, indi heykələ layiq olmayan adamlara heykəl yona bilmirsən. Amma səhv edirsən əslində. Səndən heykəl istəyənə ver istədiyini- ancaq öz işini də gör, bax sifətinə diqqətlə, nə görürsən onu yarat- sadə, kədərli, əsəbi, nankor, kinli, paxıl, cəsur və nə isə başqa cürə, ancaq ən əsası- adam, olduğu kimi, onda inan, heç kim bu heykləllərin varlığını qınamaz...”

Usta susurdu.

“Bilirsən məni heyrətləndirən və iyrəndirən nədi, heykəllərimin varlığı deyil ki, onların məhz mən olmamağımdı. Məni olduğum kimi versəydilər, mən qayıdıb gedərdim əsirliyə və burda heykəlim var deyə fəxr edərdim. Amma o mən deyiləm axı... ən pisi budu....”
XS
SM
MD
LG