Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:22

«SMS-li müsabiqələrdə istedad ikinci plana keçir»


Gövhər Həsənzadə
Gövhər Həsənzadə
SMS olan yerdə məsələlər başqa cür gedir.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» prorqamında bəstəkar Gövhər Həsənzadə «Eurovision-2011» milli seçim turlarına münasibət bildirərkən deyib. Bəstəkar bildirib ki, SMS-li müsabiqələrdə istedad ikinci plana keçir:

«Nurlan Növrəslinin bu gün orada olmaması o demək deyil ki, Nurlanın Azərbaycan estrada musiqisini Avropasayağı təqdim etməyində bir narahatlıq və ya çatışmazlıq var. Çingiz də həmçinin. Çingiz fakturasına, özəlliyinə görə bəlkə də avropalı qadın tamaşaçıları daha çox cəlb edəcəkdi. Sadəcə mən yenə də deyirəm və deyəcəm: SMS olan yerdə bir az başqa cür gedir məsələ».

OLA BİLSİN Kİ, ZİDDİYYƏT OLUB

Gövhər Həsənzadənin fikrincə, yarımfinalda SMS nəticələrinin açıqlanması, münsiflər heyətinin qərarının isə bir gen sonra bildirilməsi insanlarda çaşqınlıq yaradıb:

«Bu hardasa bizim artıq sənətdə olan ifaçılarımıza qarşı hansısa neqativ fikirlər yarada bilər. Mən istəməzdim ki, burda süni şeylərdən istifadə olunsun. Bilirik ki, İlqarə Aygün Kazımovanın qızı olduğu üçün onun üzərində brend var. Eləcə də Aynişan Aybəniz xanımın qızıdır. Buna görə camaatda bir az caşqınlıq var. Mən istəməzdim ki, camaat buna rəng versin. Ola da bilsin ki, hansısa məsələlərə görə bu müzakirə olunub. SMS-lə münsiflər heyətinin arasında ola bilsin ki, ziddiyyət olub. Ona görə bir gün gecikdirərək düşünüblər ki, ortaq məxrəcə gəlib bu adları desinlər».

SUAL ORTALIQDA QALIB

Bəstəkar deyir ki, SMS nəticələrinə görə üçüncü yerdə olan ifaçının finala keçə bilməməsinə aydınlıq gətirilməlidir. Çünki bu sual ortalıqda qalıb:

«Heç kəs burda Nurlan Növrəsliyə vəkillik etmir. Sadəcə fakt odur ki, öncədən qanunlar müəyyənləşməlidir. İnsanlar öz hüquqlarını bilməlidirlər ki, işin sonunda öz imicini, öz ifa tərzini, sənətdəki adını tamaşaçı qarşısına çıxarır. Və heç kəs istəmir ki, hardasa uduzmaq məqsədi ilə özünü daha zəif hiss etsin. Bunu bütün hüququ olub-olmayan, mövqe sahibi olub-olmayan hər kəs bilməlidir ki, sənətçi adına şəxsi həyatını qurban verir. Bu gün sənətçinin əlindəki bütün hüquqları onun adıdır, qazandığı imicdir. Və heç bir sənətçi istəmir ki, hansısa müsabiqə naminə öz adıını zəif siyahıda görsün. Ona görə fakt budur ki, insanlar soruşur ki, bu üçüncü yerdə gedirsə niyə birdən siyahıdan çıxıb. Bu sualı başqa sualla qarışdırmaq lazım deyil».

Gövhər Həsənzadə deyir ki, onun Nurlan Növrəsli ilə indiyə qədər heç bir işbirliyi olmayıb. Sadəcə, onu səhnədən tanıyır. Bəstəkarın sözlərinə görə, təşkilat komitəsi işi elə qurmalı idi ki, bu suallar ortaya çıxmasın:

«Ümumiyyətlə, iş qurulanda elə olmalıdır ki, bu cür suallar meydana çıxmasın. Öncədən demək lazımdır ki, sənin Avropa standartlarına uyğun performansın yoxdur və ona görə çıxış eləmə. Səni göndərəcəyik başqa bir müsabiqəyə. Bu bir. İkincisi, burda söhbət zövqdən getmir. Burda Avropa tamaşaçısının adından Azərbaycanda heç kəs onun zövqünü müzakirə edib, ona uyğun olub-olmadığını deyə bilməz. Çünki biz gedəcəyik «Eurovision»a yenə də SMS-dən asılı olacağıq».

İŞİ ELƏ QURMAQ LAZIM İDİ Kİ, HEÇ KƏS İNCİMƏSİN

O deyir ki, işi elə qurmaq lazım idi ki, heç kəs inciməsin:

«Ümumiyyətlə, bu cür sualların meydana gəlməməsi üçün təşkilati komitədə bu işləri elə qurmaq lazımdır ki, nə insanların heysiyyatına toxunaq, nə də insanların bu günəcən can qoyub qazandıqları adı şübhə altına alaq. Nə də heç kəsi küsdürməyək. Bu bizim səhnədir, bizim sənətdir, bizim estradadır, bizim vətəndaşlardır».

Mübariz Tağıyev
Xalq artisti Mübariz Tağıyev də deyib ki, müsabiqənin son nəticələri onda bir qədər çaşqınlıq yaradıb:

«50-nin 50-yə söhbətində bir qədər məndə çaşqınlıq yarandı. Yəni birinci gün elan olunan rəqəmlər və sonrakı rəqəmlər üst-üstə düşəndə düz bir sıralanma yaranmır. Mən bunu başa düşə bilmirəm. Sözün düzü, bunlar gəncdirlər, onları indi sındırmaq düzgün deyil».

«ƏGƏR SEÇİM OLSAYDI, İLHAMƏNİ GÖRÜRƏM»


Mübariz Tağıyev müsabiqədə favoritinin adını da açıqlayıb:

«Birinci gündən İlhamə ilə Nurlanı dəstəkləyirdim. Di gəl uşaqlar çox istedadlı uşaqlardılar. Orada İlqarə də var. Aynişan da var. Eldar da var, dostum Çingiz də var. Çox adlar sadalayardım. Ancaq mən peşəkar səviyyədə bu ikisini görürdüm orada. O ikisinin də içərisində əgər seçim olsaydı, İlhaməni görürəm».

Mübariz Tağıyevin fikrincə, əgər alınsa İlhamə Qasımova Azərbaycanı müsabiqədə uğurla təmsil edəcək.

Bəstəkar Gövhər Həsənzadə də İlhamə Qasımovanın bu müsabiqəyə tam hazır olduğunu bildirib.


XS
SM
MD
LG