Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:44

Misirdə kütləvi etirazların şüarı «Çıxış yolu Tunisdir!»


Yanvarın 25-də Misirin paytaxtı Qahirədə və digər şəhərlərdə nadir hadisələrdən olan kütləvi etiraz aksiyasları baş verib. Aksiya iştirakçıları ölkədə iqtisadi və siyasi islahatlar tələb edirlər.

Qahirədə nümayişə çıxanlar Tahrir meydanına, Ali Məhkəmənin qarşısına toplaşıb, “Əsas çıxış yolu Tunisin yoludur!” yazılan şüarlar tutublar. Onların bir qismi Daxili İşlər Nazirliyinin də binası qarşısında toplaşmağa cəhd etsələr də, polis bu istiqamətdə yolları bağlayıb.

POLİSLƏ QARŞIDURMA

Tahrir meydanında “Rədd olsun Hüsnü Mübarək!” şüarları səsləndirərək polisin mühafizə kardonunu yarıblar.

“Reuters” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardan qazdan istifadə edib. Şəhərin bəzi küçələrində isə polis su şırnaqlarından istifadə edib. Amma aksiya iştirakçıları da polislə ciddi qarşıdurmaya girib, onlar hətta, mitinqçilərə su şırnağı vuran yanğınsöndürən maşınlardan bəzilərinin sürücülərini yerə salıb, maşınları ələ keçiriblər.

Yanvarın 26-na keçən gecə Misirin təhlükəsizlik qüvvələri Tahrir meydanını nümayişçilərdən təmizləyib. Qarşidurmada yaralananların olduğu bildirilir. Onlarla adam həbs olunub. Səhər saatlarında şəhərdə nisbətən sakitlik müşahidə olunsa da, yeni nümayiş dalğaları gözlənilir.

80 MİNƏ YAXIN ADAM AKSİYAYA QATILACAĞINI DEYİB
Aksiyaçılara qarşı su şırnaqlarından istifadə olunub

Təşkilatçılar bu aksiyanı internetdəki Facebook və Twitter sosial şəbəkələri vasitəsilə təşkil ediblər. Aksiyanı əvvəlcə “16 Aprel Hərəkatı” adlı gənclər qrupu təşkil edib. Onlar bu etiraz aksiyasını “İşsizliyə, korrupsiyaya, kasıblığa və işgəncəyə qarşı inqilab günü” adlandırıblar. İnternetdə 80 minə yaxın adam aksiyaya qatılacağını bildirib. Buna görə polis paytaxtın küçələrinə 30 minlik əlavə qüvvə cəlb edib.

Daxili İşlər naziri Habib el-Adli “öz fikrini qanunsuz yolla ifadə edən hər kəsi həbs etmək” göstərişi verib.

Misirdə əvvəlcədən icazə almadan etiraz aksiyası keçirmək qadağandır. Təşkilatçılar bildirirlər ki, onların icazə istəkləri rədd edilir.

Misirin ən böyük müxalifət təşkilatı olan Müsəlman Qardaşlığı aksiyada iştirak etmir, amma təşkilat bildirib ki, onun tərəfdarları da tədbirdə olacaqlar.
Qahirədə mitinqçilərlə polisin qarşıdurması, 25 yanvar 2011

VARİS PLANI


Misirdə 1981-ci ildən bəri Hüsnü Mübarək hakimiyyət başındadır. İndi bu ölkədə dolaşan məlumatlara görə, 82 yaşlı Mübarək 30 illik hakimiyyətini özündən sonra oğlu Gamalın davam etdirməsinə çalışır.

İnternetdə fəal olan bəzi qruplar xeyli vaxtdır ki, Misir hökumətinə qarşı “Qəzəb günü” adlı qrup formalaşdırıblar. Onlar bir neçə dəfə etiraz aksiyalarına cəhd etsələr də, iştirakçıların sayı çox az olub və polis onları asanlıqla dağıdıb.

İndi təhlilçilər bu dəfə təşkilatçıların internetdə gedən prosesləri küçələrə daşıya bilib-bilməyəcəyini maraqla izləyirlər.
XS
SM
MD
LG