Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:28

Azərbaycanda əcnəbi fəhlələri kim istismar edir?


Bosniya və Hersoqovinadan gətirilmiş işçilər - 23 oktyabr 2009
Bosniya və Hersoqovinadan gətirilmiş işçilər - 23 oktyabr 2009
Ötən həftə Bosniya və Serbiyadan gətirilmiş fəhlələrin işi üzrə Səbail rayon Məhkəməsi qərardad çıxarıb. Hələ iki il əvvəl Azərbaycanda Bosniya və Serbiyadan gətirilmiş 1500 fəhlənin “SerbAz” şirkəti tərəfindən əməyin istismara məruz qalmasıyla bağlı AzadlıqRadiosu silsilə araşdırmalar aparmışdı.

Fəhlələrə maaşlarının verilməməsi, qeyri-insani şəraitdə, ac saxlanmaları barədə məlumatlar Bosniya-Hersoqovina Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi bildiriş göndərməsinə də səbəb olmuşdu.

Azərbaycanda uyğun qurumlar isə bu işin cinayət tərkibli olmadığını, insan alverindən söhbət getmədiyini açıqlamışdılar.

CİNAYƏT İŞİNİN AÇILMASI DİNƏ-Ə HƏVALƏ EDİLİR

Səbail rayon Məhkəməsində ötən həftə çıxarılan qərardadla həmin fəhlələrin başına gətirilənlərə görə cinayət işinin açılması Daxili İşlər Nazirliyinə həvalə edilir.

Bu məhkəməni “Miqrantlara Hüquqi Yardım” İctimai Birliyi qazanıb.

Birliyin rəhbəri Əlövsət Əliyev deyir ki, bir ildən çox çəkən məhkəmə müsbət yekunlaşıb:

Əlövsət Əliyev
“Biz o zaman Baş Prokurorluğa ərizə göndərmişdik. Baş Prokurorluq həmin ərizəni Daxili İşlər Nazirliyinə göndərib, nazirlik isə həmin fakta görə cinayət işi başlamaqdansa, ərizəni cinayət faktlarını araşdırmaq fəaliyyəti olmayan orqana, yəni Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərmişdi. Həmin idarə də prosessual qərar qəbul etmədən materialı işə almışdı. Bizə də cavab yazmışdılar ki, burda cinayət faktı olmadıgına görə biz bunu araşdırmadıq, cinayət faktı yoxdur”.

Əlövsət Əliyev deyir ki, belə olan halda onlar məhkəməyə müraciət etdiblər:

“ALİ MƏHKƏMƏ APELYASİYA MƏHKƏMƏSİNİN QƏRARINI LƏĞV ETDİ...”


“Biz xahiş etdik ki, prosessual qərar qəbul etmək vəzifəsini Səbail rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin üzərinə qoysun. Lakin Səbail rayon prokuroru bizim ərizəni təmin etmədi. Apelyasiyaya şikayət etdik, o da təmin etmədi. Ali Məhkəməyə müraciət etdik, o Apelyasiya Məhkəməsinin qərarını ləğv etdi. Və həmin işə yenidən baxılması üçün geri qaytardı. Apelyasiya Məhkəməsi göndərdi Səbail rayon Məhkəməsinə. Sonuncu isə cinayət işinin başlanması vəzifəsinin Daxili İşlər Nazirliyinin üzərinə qoyulması haqqında qərardad çıxartdı”.

Həmin qərardad hazırda qüvvədədir. Hələ ki, həmin qərardaddan apelyasiya şikayəti verilməyib. Əlövsət Əliyev deyir ki, qərardaddan apelyasiya şikayəti verilmədiyi halda, həmin fakta görə, “SerbAz” MMC-nin əleyhinə cinayət işi başlanması barədə qərar qəbul ediləcək.

FƏHLƏLƏR ÖZLƏRİ DƏ BOSNİYADAN MƏHKƏMƏYƏ GƏLƏCƏKLƏR...

DİN-in əməkdaşı qərardaddan xəbərsizdir
Daxili İşlər Nazirliyinin cinayət işinə başlayıb-başlamaması barədə isə hələ ki məlumat yoxdur. Nazirliyin əməkdaşı Orxan Mansurzadə deyir ki, onlarda Səbail rayon Məhkəməsinin çıxardığı bu qərardad haqqında informasiya yoxdur.

“Miqrantlara Hüquqi Yardım” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, əmək hüquqları pozulan bosniyalı miqrantlara kompensasiya ödənməsilə bağlı növbəti məhkəmə prosesi fevralın 8-də baş tutacaq. Fəhlələr özləri də Bosniyadan gəlib həmin prosesdə iştirak edəcəklər.
XS
SM
MD
LG