Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Səhiyyə naziri də korrupsiyadan və süründürməçilikdən danışdı


Oqtay Şirəliyev
Oqtay Şirəliyev
Tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclasda nazir Oqtay Şirəliyev uğurlarla yanaşı, problemlərdən də danışıb.

O. Şirəliyev son vaxtlar gələn şikayətlərin əsasını əvvəllər olduğu kimi, müalicə və müayinə işləri deyil, əksinə, diqqətsizlik, qayğısızlıq, bəzi hallarda hətta səhlənkarlıq təşkil etdiyini bildirib.

«XƏSTƏLƏRƏ HƏLƏ DƏ DƏRMAN ALDIRMAQ ƏNƏNƏLƏRİ VAR»

Qeyd olunub ki, «xəstəxanaların kifayət qədər dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir»...

«Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da vardır. Belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır».

O. Şirəliyev tapşırıb ki, nazirliyin struktur bölmələrinin rəhbərləri xəstəxanaların fəaliyyətini ciddi nəzarətdə saxlasınlar, mütəmadi reydlər aparsınlar, nöqsanlar qısa müddətdə aradan qaldırılsın.

«POZUNTULARA YOL VERMİŞ MƏSUL ŞƏXSLƏRƏ QARŞI MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLSÜN»

Nazirlikdə «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Fərmanın icra vəziyyətinə həsr olunmuş müşavirə də keçirilib.

Müşavirədə yerli sanitariya nəzarəti orqanları tərəfindən bir sıra hallarda Fərmanın icrasında pozuntulara yol verildiyi bildirilib. Sahibkarlıq subyektlərinin fəaliyyətinə lüzumsuz müdaxilələrin edilməsi, qanunsuz yoxlamaların aparılması və s. qeyd edilib.

İştirakçılara tapşırılıb ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya-epidemioloji şurasında bu məsələyə baxılsın və bu sahədə pozuntulara yol vermiş məsul şəxslərə qarşı müvafiq tədbirlər görülsün.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasını keçirib. O, dövlət qurumlarında korrupsiya, rüşvət və süründürməçilikdən danışıb.

Bundan sonra bir çox nazirlik və dövlət komitələrində müşavirələr keçirilib. Rəsmi məlumatlara əsasən, nöqsanlara yol vermiş bəzi məmurlar işdən çıxarılıb, bəzilərinə də ciddi töhmət verilib.
XS
SM
MD
LG