Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:27

Aytən Təhmasib. Qadınlıq öldü















DƏNİZİN SAHİLİ


Dənizin sahili,
ətraf yay tablosunda,
gecənin yarısında,
dalğalar çılğın öpüşdə,
Salvador Dalinin təsvirindəki sayaq.
Təsvirə əlavə ikimiz.

Gizli-gizli, uslu-uslu
Buludlar tələsir harasa
Gəl buludları sayaq.

Bir bulud,iki bulud, üç bulud …

Hər şeyi unut.
Olanı, keçəni, varlığını, müsəlmanlığını
Sonsuzluğa dal, səmada yuvarlan
İlk öpüşü dad
Öpüş, öpüş, öpüş…
Ruhun bədənində alov,bədənin dar çıraq şüşəsi
Qır, dağıt, alovlan
Böyü.qanadlan
Uç, uç, uç...

Buludları keç.
Burası başqa bir dünya,burası başqa bir aləm .
Mələklər nəğmə oxuyur tanrının bir addımlığında.
Sevgini onlardan soruş.
Tanrıya qovuş.


QADINLIQ ÖLDÜ

Bir qadının dilindən
Mənə sevgidən yox,
dəhşətdən danış.
Dinləyim həyəcanla, nəfəs-nəfəsə.
Dəhşətlər daha maraqlı sevgilərdən.

Sevgini, öpüşü deyil,
əzabı, söyüşü sına.
Zorla bütün saf duyğuları,
sonra qına!
Qına ki, qadınlıq ölüb.
Ölüb bakirəlik, qızlıq.
Dünyanı bürüyüb əxlaqsızlıq.
Gündəmdə cinsi azlıq.
Nə isə...
Deyəsən pozuldu tarazlıq.
Qaçdı söhbətin duzu, dadı.
Boş verək,
qandı, qadadı.

Hə!
Nə deyirsən?!
Başlasın savaş?
Kədərdən gülüşə,
baxışlar görüşə
öpüşə-öpüşə.
Dodaq, sinə
Yenə... yenə...
Lalələr əkdim dodaqlarımla
güllələr dəyib, qərənfillər düzüləsi sinənə.
Eh!
Sevgini endirdik heçə.
Qadınlıq öldü bu gecə.


DİZLƏRİNİ QUCAQLAYAN QADIN

Otaq küncündə
dizlərini qucaqlayıb,
ağlayan qadın!
Nələr düşündürür səni
dərin-dərin, için-için?!
Aldanışlarınmı?!

Vaxtında sevdiyin
yaraşıqlı oğlanın
kölgəsimi düşür üzünə?!
Özünü unutduran
dərin və sevdalı baxışlarmı
dəlir ürəyini?!

Yoxsa, yer tapmırsan
sevmədiyin ərinin
qolları arasından çıxıb, getməyə?!
Ağla dərin-dərin, için- için,
dizlərini qucaqlayan qadın!


YENƏ GECİKƏCƏYƏM


Ruhum görüşünə gələcək.
Ömür qatarının son dayanacağında
Görüşəcəyəm səninlə.

Gözəl görünmək istəyilə
Gecikəcəyəm yenə.
Qadınlar xoşlanır
əvəz edilməz olmaqdan.

Zaman keçmək bilməyəcək
Sənə çatana kimi.
Ürəyim önləyib zamanını,
məndən tez çatacaq sənə.
Fikrimi küləklər,
Ruhumu mələklər
uçuracaq sənə
Mən yenə gecikəcəyəm.
XS
SM
MD
LG