Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:53

Müxalifət liderlərinə ölüm hökmü çağırışları


Müxalifət liderlərinə ölüm çağırışları

Bu çağırışlar fevralın 15-də İranda hökumət tərəfdarı olan 200-dən çox millət vəkilinin imzaladığı bəyanatdandır.

Onlar bəyanatlarında üç müxalifət lideri – Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəminin ölkədə başlayan kütləvi etirazlara görə məsuliyyət daşıdıqlarını bildiriblər.

“İnsanların səbr kasası daşıb və onlar ölüm hökmü tələb edirlər” – deyə bəyanatda vurğulanır.

Bazar ertəsi İranın paytaxtı Tehranda və başqa şəhərlərdə - Şirazda, İsfahanda, Məşhəddə minlərlə insan küçələrə çıxaraq Tunis və Misirdə qalib gəlmiş inqilablarla həmrəylik nümayiş etdirməyə çalışıblar.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Onlarla aksiyaçı həbs edilib.

Təhlükəsizlik qüvvələri bildirirlər ki, iğtişaşlar zamanı 1 nəfər ölüb, təhlükəszilik qüvvələrinin 8 üzvü isə xəsarət alıb.

Polis iddia edir ki, ölüm hadisəsinə görə, qadağan olunmuş müxalifət qrupu – Mücahidine-Xalq cavabdehdir.

Bunlar axır 1 ildə İranda ən böyük etiraz aksiyalarıdır.

Amerikanın dövlət katibi Hillari Klinton isə İran hökumətini dinc nümayişçilərə qarşı zor tətbiq etməməyə çağırıb.

Klinton Amerikanın etiazçıların dalında durduğunu deyib

O bildirib ki, İranda insanların Misir xalqının əldə etdiyi haqlar qədər hüquqları var.

“Etirazınızı dinc şəkildə bildirin, effektiv yol budur, Misir də bunu gəstərdi. Öz hüquqlarınızı tələb etməkdə davam edin, amma onu da bilin ki, bu bir prosesdir və həmin prosesdə davamlı iştirak lazımdır”.

Hakimiyyətyönlü deputatlar müxalifət liderlərinə ölüm tələb edir. 15 fevral, Tehran
Klinton İran hakimiyyətini ikiüzlülükdə də ittiham edib. O deyib ki, Misirdə xalq ayağa qalxanda Tehran bunu alqışlamışdı, indi isə özü küçələrə çıxan insanlara qarşı güc tətbiq edir.

Bəhreyndə etirazçılar mərkəzi meydanı nəzarətə aldı

Fevralın 15-də minlərlə insan Bəhreynin paytaxtı Manamada - mərkəzi meydanı nəzarətə alıblar. Etirazlar 2-ci gündür davam edir – aksiyaçılar Misirdəki inqilabın qalibiyyətindən ruhlanıblar.

Təhlükəsizlik qüvvələri geri çəkiliblər və minlərlə insan mərkəzi meydana dolub.

Fevralın 14-də təhlükəsizlik qüvvələri ilə toqquşmalarda bir nəfər ölmüşdü, ertəsi gün isə onun meyitinin saxlandığı xəstəxana ətrafında etirazçılarla polis arasında yenə toqquşma olub, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Toqquşmalarda daha bir etirazçı ölüb.

Bu ölkə İran körfəzində kiçik bir adada yerləşsə də, onun Amerika üçün böyük strateji əhəmiyyəti var. ABŞ-ın 5-ci donanması Bəhreyndə yerləşir.

Müxalifət partiyaları daha çox azadlıq tələb edirlər və sünni monarxiyasına son qoyulmasına çağırırlar. Bu ölkədə şiələr sayca çox olsa da, hakimiyyət sünnilərin əlindədir, şiələr ayrı-seçkilikdən gileylənirlər.

Gənclər küçələrə axışır

Bəhreyndə etiraz aksiyaları. 15 fevral 2011
Fevralın 15-də yüzlərlə gənc Yəmənin paytaxtı Sanada küçələrə çıxaraq prezident sarayına yürüş ediblər. Onlar prezident Abdullah Salehin 32 illik hakimiyyətinə etiraz edirlər.

Etirazlar 4-cü gündür ki davam edir. Nümayişçilər Misir inqilabçılarının istifadə etdiyi şüarlar səsləndirirlər.

Fevralın 15-də gənclər Sana Universitetindən kütləvi şəkildə küçələrə axışıblar.

Eyni zamanda hakimiyyət tərəfdarları da küçələrə çıxıb.

Onların əllərində dəyənəklər olub. Etirazçılarla toqquşmalar baş verib. Azı 3 nəfər xəsarət alıb.

Iordaniyada isə daxili işlər naziri deyib ki, mitinq-yürüş keçirmək istəyənlərin daha 2 gün əvvəldən icazə almasına ehtiyac yoxdur.

Saed Hayel Srour fevralın 15-də bildirib ki, o artıq müvafiq dəyişikliyi hökumətə təklif edib və hökumət tezliklə həmin dəyişikliyi təsdiq edəcək.

Son həftələrdə İordaniyada keçirilən etirazlarda insanlar daha çox azadlıq tələb edirdilər. Kral 2-ci Abdulla da onların tələblərinə əməl edəcəyini demişdi.
XS
SM
MD
LG