Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:24

Vəkillər Kollegiyadan niyə narazıdır?


“Müstəqil fikirli vəkillər sistemli şəkildə Vəkillər Kollegiyasından uzaqlaşdırılır”.

Vəkillər Kollegiyasının üzvü vəkil Qurban Məmmədov belə deyir. Onun sözlərinə görə, bu işin arxasında kollegiyanın sədri Azər Tağıyev dayanır. Qurban Məmmədov hesab edir ki, bu problem çoxdan var. Yaranın kökü dərindir və onu müalicə etməyin vaxtı artıq çatıb.

“Azər Tağıyev seçildiyi yox, təyin olunduğu vaxtdan müstəqil fikirli vəkilləri uzaqlaşdırmaq yolu tutub. O prinsipial vəkilləri Kollegiyadan kənarlaşdırmaqla hakimlərə, prokurorlara qulluq edir, onlara xoş görünmək istəyir. Bu isə nəticə etibarı ilə vəkillik institutunun hörmətdən düşməsinə, vətəndaşların vəkillərə olan inamının sarsılmasına xidmət edir”.

KOLLEGİYAYA QANUNSUZ SƏDR?

Qurban Məmmədov deyir ki, əslində bir ildən çoxdur ki, Azər Tağıyev Vəkillər Kollegiyasına tam qanunsuz olaraq sədrlik edir. Çünki onun 2-ci səlahiyyət müddəti də başa çatıb və ümumi yığıncaqda bu posta yenidən seçilməyib.

Vəkil deyir ki, sadəcə dövlət başçısı prezidentliyə seçkilərlə bağlı konstitusion məhdudiyyəti aradan qaldırandan sonra Azər Tağıyev də öz postunda daha uzun müddət qalmaq həvəsinə düşüb və bu istəyinin qanuniləşməsini gözləyir.

Qurban Məmmədov hesab edir ki, prezident korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində ayrı-ayrı idarələrdə olan qanunsuzluqlara son qoyulması barədə də göstəriş verməlidir.

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bu deyilənlər barədə ona ünvanlamaq istədiyimiz suallara gələn həftənin birinci günü- yəni fevralın 21-də cavab verəcəyini bildirdi. Onun müavini Fərhad Nəcəfov isə Vəkillər Kollegiyasında vəziyyətə dair ittihamlara münasibət bildirmək səlahiyyətinin olmadığını dedi.

Onu da qeyd edək ki, Azər Tağıyev təxminən iki həftə əvvəl də AzadlıqRadiosuna eyni vədi vermiş, ancaq ertəsi gün telefona cavab verməmişdi.

ÜMUMİ YIĞINCAQ NİYƏ KEÇİRİLMİR?


Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov isə hesab edir ki, bu qurumu ölkənin hüquq sistemindən ayırmaq düzgün olmazdı. Yəni məhkəmələr necədirsə, Vəkillər Kollegiyası da o cürdür. Ədliyyə sistemi imkan verməz ki, məhkəmələr asılı olduğu halda vəkillər tam müstəqil olub vətəndaşların hüquqlarını müdafiə etsinlər. Onun sözlərinə görə, bu işlərin hamısı Vəkillər Kollegiyasının sədri vasitəsilə həyata keçirilir. Ona görə də bütün zərbələr onun üzərinə düşür.

“İki ildir Azər Tağıyev Vəkillər Kollegiyasının ümumi yığıncağını keçirmir. Yəni onun artıq səlahiyyət müddəti başa çatıb. Vəkillərin də heç biri cürət edib ona deyə bilmirlər ki, kollegiyanın ümumi yığıncağını keçir. Bunu yalnız Prezident Adminstrasiyası, Ədliyyə Nazirliyi deyə bilər ki səlahiyyət müddətin 2 ildir başa çatıb, amma sən hələ də davam edirsən. Amma demirlər. Niyə? ”

Namizəd Səfərov deyir ki, onun özünün 2005-ci ildə kollegiyadan kənarlaşdırılmasını Azər Tağıyev özbaşına edə bilməzdi. Bəzi hallarda sədrlə münasibətləri pis olmayan vəkillərin də kollegiyadan uzaqlaşdırılması onu deməyə əsas verir ki, məsələnin kökündə Azər Tağıyev yox, dövlət dayanır. O, sadəcə icraçıdır.

Ədliyyə Nazirliyinin sözçüsü Aydın Ağazadə isə deyir ki, Vəkillər Kollegiyasının birbaşa onlara aidiyyatı yoxdur. Bu ictimai təşkilatdır. Qanunvericiliyə görə, Ədliyyə Nazirliyi ictimai təşkilatların nizamnaməyə uyğun işləyib işləməmələrinə baxa bilər. Onun sözlərinə görə, Vəkillər Kollegiyası böyük bir qurumdur. Vəkillər özləri yığışıb ümumi iclasın nə vaxta keçirilməsini məsləhətləşə də bilərlər. Başqa ictimai təşkilatlarda belə edilə bilir.
XS
SM
MD
LG