Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:45

İnqilablar ABŞ-ın Yaxın Şərq siyasətidir?


Fərhad Mehdiyev
İnqilabların arxasında xarici amil böyükdür.

AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Fərhad Mehdiyev Yaxın Şərqdə, xüsusən də Liviyadakı hadisələri şərh edərkən belə deyib. O düşünür ki, Yaxın Şərqdəki hadisələrdə «domino effekti» var:

«Tunisdə, Misirdə bu olmasaydı, əlbəttə ki bu Liviya da olmayacaqdı.».

Siyasi şərhçi Zəfər Quliyev isə deyir ki, «domino effekti» özü təsadüfən baş vermir:

«Təsadüfən bir ölkə bunun qurbanı olmur. Bu ölkə daxilində real problemlər o səviyyəyə qalxır ki, artıq bir balaca təkanverici qüvvə lazımdır ki, insanlar qalxsın və mübarizəyə qoşulsun. «Domino effekti» var və bunun arxasında məncə, ciddi bir xarici amil var. Bu proseslər təsadüfən baş vermir və təsadüfən ərəb ölkələrini əhatə etmir».

Fərhad Mehdiyev də bu proseslərdə xarici amilin olmasını inkar etmir. O deyir ki, bu Amerika hakimiyyətinin Yaxın Şərq siyasətidir:

«ABŞ bunu boynuna almasa da, bu, bir həqiqətdir. Tunis məsələlərində Amerikanın bəzi rəsmiləri etiraf etmişdi ki, onların əli var. Amerika analitikləri əlbəttə ki, «domino effekti»nin olacağını bilirdilər. BU, BARAK OBAMANIN YAXIN ŞƏRQ SİYASƏTİDİR».

Fərhad Mehdiyev deyir ki, inqilab baş verən ölkələrdə siyasi İslamın hakimiyyətə gəlmək qorxusu vardı. Bu siyasət isə bu xofu
Aida Bağırova
dağıdır.

Ərəb ölkələri üzrə mütəxəssis, şərqşünas Aida Bağırova isə deyir ki, hazırda baş verənlər çoxdan işlənmiş bir layihədir:

«2001-ci ildən «Böyük Yaxın Şərq proyekti» deyilən bir layihə var. Bu oğul Corc Buş dövründə meydana gəlib. Demək olar ki Amerika və digər güclər bu proyekti dəstəkləmişdilər. Bu proyekt bütün müsəlman regionunu əhatə edir. Məğribdən gəlir, Pakistanla bitir. Burada yerləşən dövlətlər bu və ya digər yöndə bu islahatlara düçar olmalı idilər. Bu islahatlar burda həyata keçirilməli idi. İslahatlar bütün sahələri əhatə etməli idi. Həm siyasi, həm iqtisadi, həm sosial sahədə».

Zəfər Quliyev hesab edir ki, AZƏRBAYCANDA VƏZİYYƏT İNQİLAB BAŞ VERƏN ÖLKƏLƏRDƏKİNDƏN TAMAMİLƏ FƏRQLİDİR:

«Hətta ərəb ölkələrindən də fərqlidir. Azərbaycanda demokratik dəyərlərə meylli olan insan kütləsi kifayət qədərdir. Azərbaycan ictimaiyyətinin əksəriyyəti dünyəvi dövlətin tərəfdarıdır. Eyni zamanda, İslam dəyərlərinə də hörmətlə yanaşır. Lakin burda İslam təhlükəsi yoxdur. Bunu hakimiyyət çox vaxt şişirdir».

Zəfər Quliyev
Zəfər Quliyevin fikrincə, hadisələri analiz edəndə, belə nəticə çıxır ki, avtoritar rejimlərə şans verilir:

«Ya islahat yolunu tutub, daxildən özləri yeniləşməlidirlər, ya da artıq inqilab dalğası gec-tez həmin bu ölkələri tutmalıdır».

Böyük dövlətlərin Azərbaycandakı siyasi proseslərə müdaxiləsinə toxunan şərqşünas Aida Bağırova deyib ki, REJİMİ DƏYİŞMƏK YALNIZ XALQIN İSTƏYİ İLƏ BAĞLIDIR:

«Azərbaycanda rejimi dəyişən xalq olacaq, nə Qərb olacaq, nə Rusiya olacaq. Xalq ayağa qalxsa, xalq öz gücünü qoysa, bu plan üzrə bir şey etmək olar. Xarici qüvvənin dəstək verib-verməməsi sonrakı məsələdir».

Zəfər Quliyev isə düşünür ki, Azərbaycanda bu, baş versə, Vaşinqton və Kreml xalqın istəyi ilə hesablaşacaq. Amma Azərbaycan da elə bir siyasət yeritməlidir ki, sonradan onun maraqlarına Rusiya və Amerika tərəfdən zərbə dəyməsin...

XS
SM
MD
LG