Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:24

Julian Assange İsveçə verilə bilər


BRİTANİYA MƏHKƏMƏSİNİN QƏRARI İLƏ WIKILEAS-IN QURUCUSUNUN İSVEÇƏ VERİLƏ BİLƏR

Britaniya məhkəməsinin fevralın 24-də qəbul etdiyi qərarla WikiLeaks saytının qurucusu Julian Assange İsveçə qaytarıla bilər. İsveçdə Assange-ı zorlamada ittiham edirlər.

Britaniya məhkəməsinin qərarında qeyd edilir ki, Assange-a qarşı zorlama seksual təcavüz ittihamları onun geri verilməsinə imkan yaradır və İsveç də öz tələbini kifayət qədər əsaslandırıb.

Julian Assange özü Avstraliya vətəndaşıdır. İttihama görə o, keçən ilin avqustunda İsveçdə səfərdə olarkən iki qadını zorlayıb. Bundan sonra Britaniyaya sığınan Assange isə ittihamları rədd edir. Assange bu gün Londonda keçirilən mətbuat konfransında da deyib ki, bunlar ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən (o cümlədən də Azərbaycandan) göndərdikləri gizli məktubları yaymasına görə siyasi mahiyyətli uydurma ittihamlardır:

- Bütün proses boyu mənə qarşı ittihamların məhzi nəzərə alınmadı, heç İsveçdə tərtib edilmiş şikayətin özü belə araşdırılmadı.

Amma İsveçdən olan prokurorlar deyiblər ki, onlar sadəcə iki qadın vətəndaşın zorakılıqla üzləşməsini araşdırırlar, bunun WikiLeaks saytında ABŞ diplomatlarının gizli məktublarının yayılması ilə heç bir əlaqəsi yoxdur.

ASSANGE ABŞ-DA ONU ÖLÜM HÖKMÜ GÖZLƏDİYİNİ DEYİR

Keçən ilin sonlarından Assange-ın həmin gizli məktubları yayması ABŞ-ın müttəfiqləri münasibətlərini gərginləşdirib. Həmin məktublarda ABŞ diplomatlarının işlədikləri ölkələrin rəhbərləri haqqında tənqidləri, korrupsiya ittihamları əksini tapır. ABŞ gizli məktubların yayılmasını qanunsuz adlandırıb və buna görə öz müttəfiqlərindən üzr istəyib.

39 yaşlı Jualian Assange hesab edilir ki, onu İsveçə qaytarsalar, ordan da ABŞ-a verəcəklər. ABŞ-da isə həmin gizli məktubları yaymasına görə onu hətta ölüm hökmü gözləyir.

Assange-ın vəkilləri deyiblər ki, İsveçə qaytarılsa, orada Assange-ın ədalətli məhkəmə hüququ qorunmayacaq. Vəkilləri deyirlər ki, adətən İsveçdə zorlama ittihamları ilə məhkəmələr bağlı qapılar arxasında keçirilir. Bu da Assange haqqında qərarın ədalətli olacağına inanmağa imkan vermir. Vəkil Mark Stephens fevralın 24-də keçirdiyi mətbuat konfransında məhkəmənin bugünkü qərarından şikayət verəcəklərini bildirib:

- Biz hələ də ümid edirik ki, məsələni elə Britaniyada həll edə biləcəyik. Qarşıdakı apelyasiya proseslərinə ümidliyik.

HƏLƏ İKİ MƏHKƏMƏ ŞANSI QALIR


Britaniya qanunlarına görə yuxarı məhkəmə instansiyası apelyasiya şikayətinə baxılması ən geci 40 gün ərzində başlamalıdır. Bu mərhələdə də Assange-ın əleyhinə qərar çıxsa, vəkillər Britaniyanın Ali Məhkəməsinə üz tuta bilərlər. Amma Ali Məhkəmənin qərarı sonuncu qərardır.

Julian Assange keçən il dekabrın 7-də İsveçin tələbilə Britaniyada həbs edilmişdi. Bir həftə həbsxanada qaldıqdan sonra məhkəmə onu ağır zəmanət şərtləri ilə azadlığa buraxmışdı. Şərtlərə görə o, qoluna elektron bilərzik taxmalı, hər gün polisə məlumat verməlidir.

Julian Assange Britaniyada bir neçə nüfuzlu şəxs müdafiə edir. Onları arasında insan haqları fəalı Bianca Jagger və zəngin Jemima Khan da var. Onlar hesab edirlər ki, Assange-a qarşı ittihamlar informasiya azadlığının boğulmasıdır.
XS
SM
MD
LG