Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:47

ABŞ səfiri Matthew Bryzanın AzadlıqRadiosuna müsahibəsi [Tam mətn]


Matthew Bryza
Matthew Bryza
-Cənab Bryza, uzun zaman idi Birləşmiş Ştatların Azərbaycanda səfiri yox idi. yəqin ki yığılıb qalmış, həllini gözləyən çoxlu sayda məsələlər var idi. Nədən başladınız?

- Ilk olaraq mən çalışdım ki, diqqətimi təşkilatlanma məsələlərinə yönəldim. Hər bir işçi ilə tanış olmağa çalışdım. Bundan başqa əlimdən gələni etdim ki, fəaliyyətlər əlaqələndirilsin. Yəni oxşar sahədə çalışan şəxslər bir-birini fəaliyyətlərini təkrarlamasınlar.

- Deməli gələn kimi ixtisarlar etmisiniz?


- Şəxsi heyətdə elə bir dəyişiklik baş verməyib. Və mən hesab edirəm ki, menecer və diplomat üçün ən əsas vəzifə ondan ibarətdir ki, insanlar arasında ünsiyyətə köməklik göstərsin. Yəni burda söhbət ondan gedir ki, insanlar bir- birlərini, öz həmkarlarını daha yaxşı tanısınlar. Əl-ələ verərək birgə çalışsınlar. Bununla yanaşı, mən gələnə qədər, müvəqqəti işlər vəkilləri – həm Don Lu, həm də Adam Sterlinq çox gözəl işləyiblər.

DEMOKRATİYA ZİYAN VERMİR

- Bəs səfirlikdən kənar yəni diplomatik fəaliyyətinizdə ilk məşğul olduğunuz məsələ nə oldu?

- Mən burada bir müddət olmağıma baxmayaraq, etimadnaməmi cənab İlham Əliyevə təqdim edənə qədər rəsmi fəaliyyətim başlamamışdı. Mən öz fəaliyyətimdə əlimdən gələni edirəm ki, Minsk Qrupunun həmsədrlərinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətlə həll olunması üçün yardımçı olaq və bundan əhəmiyyətli, mühüm heç nə ola bilməz. Bu təhlükəsizlik sahəsinə aid olan fəaliyyətdir.

Enerji sahəsində də görüləsi işlər çoxdur. Bu il Xəzər regionunun qaz ehtiyatlarını Avropaya çatdırmaq üçün Cənub koridoru layihəsi üzərində işləyən şirkət və ölkələr üçün önəmli il olacaq.

Və daha bir təcili məsələ də ölkədə siyasətin, iqtisadiyyatın və cəmiyyətin liberallaşması, daxili islahatlar istiqamətində işin davam etdirilməsidir. Əsas 3 əməkdaşlıq sahəsi var ki, bunlardan heç birini digərindən daha mühüm hesab etmirəm. Çünki bunların hər hansı birində uğur əldə etmək üçün bunların hamısında uğur əldə etmək vacibdir.

- Bir ildən sonra təyinatınız haqqında qərara yenidən baxıla bilər. Bu sizin uzun müddətli layihələr başlamağınıza, strategiya qurmağınıza mane olurmu?


- Bildiyiniz kimi mən bu ölkədə, bu regionda uzun müddət fəaliyyət göstərmişəm. Və mənim bu sahədə, bu istiqamətdə əvvəlki işlərim zamanı başladığım ideyalarım və planlarım var ki, onları indi yeni vəzifəmdə də davam etdirəcəyəm. Və prezidentin mənim namizədliyimi təqdim etdikdən sonra demokratik prosesimizin mənə imkan verdiyi qədər uzun müddət fəaliyyət göstərmək istərdim.

- Sizin təyinatınızla bağlı çək-çevir uzananda – demokratiyanın ziyan verdiyi an ifadəsini işlədənlər də olmuşdu. Buna münasibətiniz?


- Mən deməzdim ki, demokratiya bu baxımdan, müəyyən baxımdan ziyan verir. Demokratiya işləyəndə heç vaxt ziyan vermir.

PROSES DALANDA DEYİL

- Qayıdaq ikitərəfli münasibətlərə. Hansı termini işlədərdiniz? ABŞ və Azərbaycan strateji mütəfiqlərdir? Sadəcə müttəfiqlərdir? Strateji tərəfdaşlardır, yoxsa sadəcə tərəfdaşlardır? Ya da başqa bir termin- münasibətləri hansı daha doğru ifadə edir?


- Bu ifadələrin hər birinə hər kəsin subyektiv münasibəti ola bilər, fikri ola bilər. mən bizim rəhbərimiz olan Dövlət katibinin müavini cənab Steynberqin təbirincə deyəcəm. O, bizim ölkələr arasındakı münasibəti strateji tərəfdaşlıq adlandırmışdı.

- Minsk Qrupunun fəaliyyəti ilə bağlı neqativ bir yanaşma var. Bir çox adamlar bu qrupun fəaliyyəti ilə bağlı məyusluğunu gizlətmir. Qrupun keçmiş həmsədri kimi nə deyə bilərsiniz? Sizcə, hələ də ümid varmı?


- İlk öncə onu qeyd etmək istəyirəm ki, mən artıq Minsk Qrupunun həmsədri deyiləm. Mən bu prosesin içində deyiləm, onu kənardan müşahidə edirəm. Qrupun amerikalı həmsədri cənab Robert Bradtkedir. Mən lazım gəldikdə onunla məsləhətləşmələr aparıram. Və burada əsas məqsəd ondan ibarətdir ki, ideyaları aydınlaşdıraq və tərəflər arasındakı ünsiyyətə kömək göstərək. Hər hansı bu kimi danışıqlar prosesində nəticə əldə olunmayanda insanların prosesə bu cür münasibətini təbii qarşılayıram. Onu da qeyd etmək istəyirəm ki, proseslə bağlı məyusluq hər iki tərəfdə müşahidə olunur. Mən Minsk Qrupundakı əvvəlki fəaliyyət təcrübəmdən, orada əvvəllər bilavasitə iştirak edən bir şəxs, indi isə bu prosesdən kənarda olan bir şəxs kimi qeyd etmək istəyirəm ki, bu prosesdə 2004-cü illə müqayisədə, 2004-cü ildən bəri çox böyük irəliləyişlər əldə olunub. Və müxtəlif konstruktiv ideyalar meydana çıxıb. Xatırlayırsınızsa, 2004-cü ildə bu proses dalana dirənmişdi və o vaxtdan qeyd etdiyim kimi çox konstruktiv ideyalar meydana çıxıb. Ortada Madrid prinsipləri var və qeyd etmək istəyirəm ki, proqres olub və indi də var. Proses bölgə üçün çox mühüm olduğu üçün , bu bölgədə sülhün bərqərar olması çox mühüm olduğundan bu belə uzun çəkir.

- Belə çıxır hələ dalana dirənməmişik?

- Elədir. Proses dalana dirənməyib və Mən Minsk qrupunun həmsədrlərinin fikrinə istinadən demək istəyirəm ki, danışıqların son mərhələsində irəliləyiş müşahidə olunur.

QARŞI TƏRƏFİN AÇIQ, AYDIN, KONSTRUKTİV DANIŞMASINI GÖZLƏYİRİK


- Minsk qrupunun həmsədrlərini görəndə onlardan hökmən soruşacağam ki, bu irəliləyiş nədən ibarətdir. Tərəfdaşlıq məsələsinə qayıdaq. Tərəfdaşlıq iki tərəfli hərəkəti ehtiva edir. Birləşmiş Ştatların Azərbaycandan gözləntiləri nədir, və ABŞ özü Azərbaycana nə verə bilər?

- Gözlənti sözünü daha çox qarşılıqlı anlayış sözü ilə əvəz edərdim. Yəni hər iki ölkəni təhlükəsizlik, enerji, daxili islahatlar sahəsində ortaq strateji maraqları var. Biz qarşı tərəfdən açıq, aydın və konstruktiv danışmalarını və səylərin məhz koordinasiya olunmuş strateji maraqlar istiqamətində yönəlməsini gözləyirik.

Təhlükəsizlik sahəsindəki qarşılıqlı tərəfdaşlıq, əməkdaşlıq barəsində deyə bilərəm ki, hər iki ölkə bölgədə sülhün bərqərar olması istiqamətində birgə fəaliyyət göstərir. Bundan başqa terror əleyhinə mübarizədə də birgə fəaliyyət var. Bununla bərabər ölkələr Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri çərçivəsində də birgə əməkdaşlıq edirlər.

Enerji sahəsində tərəfdaşlığımıza, əməkdaşlığımıza gəldikdə qeyd etmək istəyirəm ki, bu da əməkdaşlığın uzun müddət davam etdiyi bir sahədir. Burada əsas məqsədimiz ondan ibarətdir ki, bizim avropalı müttəfiqlərimizin təbii qaz təminatı diversifikasiya olunsun, şaxələndirilsin. Və bu onların siyasi və iqtisadi maraqlarını təmin etsin.

HƏQİQİ SABİTLİK ÜÇÜN DEMOKRATİYA


Daxili islahatlara gəldikdə isə onu demək istəyirəm ki, biz bu sahədə birgə çalışırıq ki, həqiqi sabitlik əldə olunsun. Xalqın azadlığı, vətəndaşların yaradıcı iqtisadi potensialını tam reallaşdıra bilməsindən doğan stabillik olsun.

- Bəlkə bunu daha sadə ifadə etməyə cəhd edim, siz monopoliyalarla mübarizəni, iqtisadiyyatın liberallaşmasını və vətəndaşlara daha çox azadlıqların təmin olunmasını nəzərdə tutursunuz?


- Əlbəttə. Birincisi. Demokratikləşməni götürək. Uzunmüddətli sabitlik legitimliyin demokratik proses nəticəsində təsdiqləndiyi halda olur. Və qarşıda duran məsələ cəmiyyətin təkamülü üçün elə demokratik dəyişikliklərə həvəsləndirməkdir ki, bu, stabilliyi saxlamağa imkan versin.

Biz hər zaman çox geniş sahəni əhatə edən azadlıqlardan bəhs edirik, yəni mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki azadlığı və s. Mən maraqlıyam ki, biz bu kimi fəaliyyətlərdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə birgə çalışaq. Bəli, Azərbaycan hökuməti ilə də, amma həm də elitalar Bakıdakı biznes insanları, istər Bakıda, istər regionlarda adi vətəndaşlarla, məsələn, fermerlər, tibb mütəxəssisləri, müəllimlərlə də birgə işləyək.

DEMOKRATİYA MEXANİZMİ YOX, DEMOKRATİYA MƏDƏNİYYƏTİ


Yəni burda əsas məqsəd demokratiyanın mexanizmi barədə düşünməkdən çox, demokratiya mədəniyyətinin formalaşmasından söhbət gedir.

Mətbuat azadlığı əlbətə ki, bu prosesin vacib hissəsidir. Sizin gördüyünüz iş təkamül yolu ilə demokratikləşmədə inkişafa xidmət edir. İstər Azərbaycanda, istər digər ölkələrdə istərdik ki, siyasi həyatından kənarda olan insanlar öz iqtisadi durumlarını yaxşılaşdırmaq üçün öz iqtisadi həyatlarına görə məsuliyyəti öz üzərinə götürə bilsinlər, öz mülkiyyətinin, ətrafındakıların qayğısına qala bilmək üçün birləşə bilsinlər, icmalarına sərmayə cəlb edə bilsinlər. Yəni problemin kənardan, dövlət rəsmiləri tərəfindən çözülməsini gözləmədən öz təşəbbüsləri ilə həll etməyə cəhd etsinlər. Bu da bizim istəklərimizin bir parçasıdır.

MEDİA İLƏ ÜNSİYYƏT = CƏMİYYƏTƏ HÖRMƏT


- Sizin bu regionda media ilə ünsiyyət təcrübəniz var. Necə qiymətləndirərdiniz bu təcrübəni? Əvvəlki kimi mətbuata açıq olacaqsınızmı?

- Qeyd etmək istəyirəm ki, mən əvvəlki kimi mediaya açıq olacağıma ümid edirəm. Hər hansı bir cəmiyyətə olan hörməti ifadə etmək üçün media vasitəsi ilə həmin cəmiyyət barədə fikirləri ünvanlamaq lazımdır. Sizin kimi peşəkar jurnalistlərlə ünsiyyət təcrübəm əla olub. Amma mənim digər media təmsilçiləri ilə, mən deməyəcəm harada və nə vaxt, təcrübəm, həmişə yaxşı olmayıb. Mən hər hansı bir fikri deyək ki, ingilis dilində ifadə etmişəm, sonra mənim dediyim o fikirlər rus dilinə və yaxud da digər yerli bir dilə tərcümə olunur, sonra o son tərcümə yenidən ingilis dilinə tərcümə olunur və mən orada dediklərimi tanıya bilmirdim. Mən də öz işimdən, vəzifə borcumdan irəli gələrək qeyd edirəm ki, sitat yanlışdır. Mənim ana dilimdə dediyim əslində başqa cür olub – fikirlərimi bir daha təkrar edirdim. Onda məni öz fikirlərimi, bəyanatımı dəyişdirməkdə təqsirləndirirdilər. Bu onu göstərir ki, ədalətsizliklərə və yanlışlıqlara yol verən adamlar yalnız siyasi və ya iqtisadi qurumlarda olmur. Amma mən Tanrıya şükür edirəm ki, media sahəsində etik və peşəkar qaydalara riayət edərək fəaliyyət göstərən jurnalistlər və media təmsilçiləri var.

AŞIRI DEMOKRATLIQ

- Bütün nəzərlər Yaxın Şərqə yönəlib. Bəzi müşahidəçilər deyir ki, Birləşmiş Ştatlar və ümumilikdə Qərb yanlış olaraq belə bir stereotipə aldanmışdılar ki, diktatorların yeganə alternativi radikal dini qruplaşmalardır. Amma bu inqilablarda birdən birə demokratiya istəyən etiraz elektoratı çıxdı. Bu fikirlə razısınızmı? Və bu stereotipin ABŞ xarici siyasətinə təsir etdiyi barədə fikirlərlə razısınızmı?

- ABŞ xarici siyasətinin müxtəlif cür yozumları olmuşdur. Mənim təcrübəmdə, ABŞ daim demokratikləşmə üçün təsir göstərməyə çalışıb. 1989-cu ildə fəaliyyətimin erkən dövrlərində mən Polşada olanda hakimiyyəti kommunist rejiminin əlindən alan Solidarnost hərəkatına münasibətdə bu özünü açıq büruzə verirdi.

Bütün fəaliyyətim ərzində mən demokratik təkamülün baş verdiyi ölkələrdə işləmişəm. Ağ evdə əvvəlki administrasiyanın fəaliyyəti dövründə işləyəndə də bəzi adamlar Ağ ev rəsmilərini demokratik dəyişikliklərə həddən artıq çox inandıqları üçün, demokratik dəyişiklərə həddən artıq çox təkan, dəstək verdiklərinə görə qınayırdılar. Və deyirdilər ki, biz demokratik dəyişikliklərə həddən artıq, sadəlövhcəsinə inanırıq. Amma mən deyərdim ki, demokratik dəyişikliklərə həddən artıq inanmaq deyə bir şey yoxdur. Prezident Mübarək vəzifəsini tərk etməkdən imtina edəndə prezident Obamanı qınayırdılar ki, bu addımı atması üçün prezident Mübarəkə həddən artıq çox təzyiq göstərir, demokratik dəyişikliklərdə həddən artıq çox təkid göstərir. Hadisələr göstərdi ki, prezident Obama haqlıdır və biz demokratikləşmə vasitəsi ilə uzun müddət sabitliyə nail olmağa çalışmalıyıq.

- Ərəb ölkələrindəki dəyişikliklər Birləşmiş Ştatlara xarici siyasətində hansı dəyişiklikləri diqtə edir? Vətəndaş cəmiyyəti ilə daha çox işləmək, cəmiyyətlə daha dərindən işləmək arzusu varmı - ərəb ölkələrində və digər ölkələrdə

- Qeyd etmək istəyirəm ki, ABŞ xarici siyasəti bəhs olunan bütün yerlərdə, bütün ərazilərdə demokratiyanın dəstəklənməsində davamlı xarakter daşımışdır. Biz burada olduğumuz üçün Azərbaycandan bəhs edirik. Biz Azərbaycanda da digər ölkələrdə olduğu kimi vətəndaş cəmiyyətinə fəal şəkildə güclü dəstəyimizi göstəririk və onlarla çox mühüm tərəfdaşlıq qurmağa çalışırıq. Qeyd etmək istəyirəm ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən hadisələr bizim bu illər ərzində atdığımız addımları və fəaliyyətlərimizin doğru olduğunu bir növ təsdiqləyir.

TƏHSİL VƏ TİBBDƏ KORRUPSİYAYA QARŞI ABŞ DƏSTƏYİ

- Siz media qarşısındakı ilk çıxışınızda korrupsiya ilə mübarizə ilə bağlı elan olunmuş kampaniyanı təriflədiniz. Dediniz ki, Birləşmiş Ştatlar dəstək olmağa hazırdır. Konkret olaraq, necə dəstək ola bilərsiniz?

- İki cür kömək edə bilərik, bir sıra diplomatik təşəbbüslərdə olduğu kimi, biz diplomatik dəstək, siyasi qiymətləndirmə, yaxud tənqid təklif edə bilərik. Ya da proqram dəstəyi – texniki yardım göstərə bilərik. Biz diplomatik dəstək göstərməyə hazırıq. Biz başlanmış mübarizəni alqışlayırıq. Bakıda və regionlarda müxtəlif dairələrdən bu addımların artıq müsbət nəticələr gətirdiyinə dair müxtəlif misallar eşidirik. Biz ümid edirik ki, bu addımlar daha dərin, daha geniş və davamlı olacaq. Və prosesin davam etməsi ehtimalı ilə biz də texniki yardım təklif edə bilərik. Və əslində bu cür iş elə indiyə qədər də aparılır. Odur ki, biz vergi, ədliyyə və qanunun tətbiqi sahəsində daha çox məsləhətçi dəstəyi təklif edə bilərik.

Daha spesifik olsaq, biz diqqətimizi çox vacib sahələrə yönəldə bilərik. Mənim düşüncəmdə bu təhsil, tibb və qadın haqları məsələləridir. Bu, hər bir azərbaycanlının gündəlik həyatına çox böyük təsir göstərəcək məsələlərdir və bu, elə bir sahələrdir ki, vicdan, təmizlik üzə çıxdıqca azərbaycanlılar özlərini hökumətlərinə daha yaxın hiss edə biləcəklər və ya əksinə. Və onda biz demokratik təkamülün stabilliyə necə gətirib çıxardığını görə biləcəyik.

- Əvvəlki cavablarınızdan birində siz monopoliyalardan, iqtisadi təşəbbüslərə bərabər imkanlıarın yaradılmasından danışdınız. Korrupsiya təkcə rüşvət deyil və sadəcə məktəbdə və xəstəxanada olmur. Daha ciddi korrupsiya var ki, onlara qarşı da tədbir görülməlidir. Və ehtimalən bu növ korrupsiyada ölkənin yüksək vəzifəli rəsmiləri də iştirak edirlər. Birləşmiş Ştatlar bu məsələdə Azərbaycana necə kömək edə bilər?


- Bu, çox çətin sualdır və mənim ona cavabım yoxdur. Çünki burada söhbət siyasi prosesdən və dövlətin suverenliyindən gedir. Bildiyim budur ki, biz mən artıq danışdığım işləri görə bilərik və cəmiyətdəki pozitiv məqamın mümkün qədər artırılmasına və artıq başlanmış prosesi mümkün qədər uzağa aparmağa yardımçı ola bilərik.

WIKILEAKS TELEQRAMLARI - İFADƏ AZADLIĞI GÖSTƏRİCİSİ KİMİ


- Wikileaks teleqramları bir stereotipin yanlışlığını da üzə çıxardı – ABŞ bəzi ölkələrdə baş verənlərdən xəbərdar deyil mifi dağıldı. Öyrəndik ki, diplomatların xəbəri olur, onlar da öz hökumətlərini xəbərdar edirlər. Amma bu həm də ABŞ-ın bu regionlarda korrupsiyaya qurşanmış məmurlarla işləməsi ilə bağlı yeni tənqid dalğası gətirdi. Bu tənqidlər mediada da öz əksini tapıb. Sizin bu tənqidlərə cavabınız nə olardı?

- Birincisi, məncə bu sürpriz bir interpretasiyadır. Mənim oxuduğum məqalələrin çoxu bu məsələyə fərqli tərəfdən yanaşır. Ümumiyyətlə danışsaq, və bunu konkret olaraq, heç bir ölkəyə aid etməsək, bir çox analizlər belə idi ki, amerikalı diplomatlar yaşadıqları ölkələrdəki vəziyyəti çox yaxşı anlayırlar. Həm də belə bir nəticə var idi ki, amerikalı diplomatlar öz tərəfdaşlarına üzbəüz görüşlərdə nə deyirlərsə, elə ictimai açıqlamalarında da onu deyirlər. Əlbəttə ki, bəzi ayrı-ayrı diplomatlar bəzən elə şeylər yazırlar ki, bu doğru ola da bilər olmaya da, şayiə də ola bilər, məcazi mənada işlənmiş ifadələr də ola bilər. Bu da Amerika xarici işlər idarəsindəki azadlığın bir göstəricisidir – insanlar inandıqlarını yaza bilərlər. Bəzən bu doğru çıxır, bəzən də yox.

Mən öz başçılıq etdiyim missiyada ölkədə baş verənlərlə bağlı yazdığımız hesabatların tərtibatına hansı tələblər qoyduğumu dəqiq bilirəm. Mən təkid edirəm ki, bizim əməkdaşlarımız analiz etsinlər, hadisələrin təkcə üzdə görünənini yox, altındakını da anlamağa çalışsınlar, və hər zaman hörmətcil olmağa çalışsınlar. Hansı növ – məxfi, tam məxfi, ya açıq teleqram yazırlarsa yazsınlar, hörmət ifadə etsinlər.

İNSAN HAQLARININ BÜTÜN ASPEKTLƏRİ BARƏDƏ DANIŞIRIQ

- Bu yaxınlarda bir gənc fəalı Cabbar Savalanlını həbs etdilər və onu müdafiə komitəsi sizə müraciət ünvanladı ki, prezidentə etimadnamənizi təqdim edəndə məsələni qaldırasınız. Bu məsələni, siyasi məhbuslarla bağlı digər məsələləri, Eynulla Fətullayevin məsələsini qaldırmağa imkanınız oldumu?

- İstənilən səfir kimi mənim də suveren bir ölkənin prezidenti ilə danışıqlarımın təfərrüatlarına varmaq azadlığım yoxdur. Bu da mənim bayaq hörmət barədə dediklərimə aiddir. Mənimlə işləyən insanlardan Azərbaycan cəmiyyətinə, xalqına, vətəndaşlarına və hökumətinə hörmət bəsləmələrini gözləyirəm, özüm də eyni cür davranmalıyam. Azərbaycana olan hörmətimiz burada demokratik təkamülün, insan haqlarının bütün spektri üzrə təminatların olması üçün təkid etməkdir. Bəlkə də istədiyinizdən daha ümumi səslənir cavabım, amma insan haqlarının bütün aspektlərinə aid məsələlər mənim müzakirələrimin tərkib hissəsidir.

- Eynulla Fətullayevin işi barədə necə?

- Mən sadəcə bizim bu məsələ ilə bağlı mövqeyimizi təkrarlaya bilərəm. Amma mən prezidentlə görüşümdə və bu, istənilən ölkənin istənilən prezidentinə aiddir, danışılanları təkrarlayacaq deyiləm. Amma onu deyə bilərəm ki, bu kimi məsələlər mənim ölkə rəhbərliyi ilə dialoqumda hər zaman vacib yer tutub, bundan sonra da tutacaq. Bayaq da qeyd elədim ki, media azadlığı bizim burda nail olmaq istədiyimiz hər şeydə olduqca önəmli rol oynayır.

XS
SM
MD
LG