Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:28

Faciə üçün sərfəli vaxt


Mövlud MÖVLUD

"11 yaşım var idi. Atam evimizdə ziyafət verirdi.

Anam məndən balaca dayım oğlunu və məni yanına çağırıb, palazı çırpmağı tapşırdı.

Balkonda tapşırığı yerinə yetirəndə ayağım büdrədi, yıxıldım. Huşumu itirdim. Gözlərimi açanda gördüm gecə düşüb, səmada ulduzlar sayrışır.

Birtəhər ayağa qalxıb, üst-başımı təmizləyə-təmizləyə yuxarı qalxdım.

Dayıoğlu qorxub harasa qaçmışdı. Evə çatanda gözlərimə inanmadım. Elə bil heç nə olmamışdı.

Bir şənlik var idi ki, gəl görəsən. Atam sağlıq deyir, anam qonaqlara qulluq edirdi. İçimdə kədərli müdriklik duyğuları oyandı.

Öz-özümə dedim ki, həmişə belə olacaq, sən yıxılacaqsan və bundan heç kimin xəbəri olmayacaq”.

Bu sözlər xalq şairi Vaqif Səmədoğlunun illər öncə “El” jurnalına verdiyi müsahibədəndir.

Əgər dünyanın ən güclü ölkəsinin – dünya müharibəsindən qalib çıxmış SSSR-nin “dahi rəhbərin” sevimlisi olmuş, adlı-sanlı şair Səməd Vurğunun oğlu belə fikirləşirsə və illər keçdikcə bu fikri daha da möhkəmlənirsə (bunu onun indiyə kimi yazdıqları, mətbuatda dərc olunan yazıları sübut edir), görün onda sıradan ailələrdə doğulub boya-başa çatan istedad sahibləri nələr çəkirlər.

İstedadlı publisist dostumuz Elçin Səlcuqun hələ də unutmadığımız faciəli ölümündən sonra (intihar daha düzgün olardı, çünki bilənlər bilir, Elçin o cür həyat tərzi ilə əslində intihar edirdi) ilk dəfə Elçinsiz “Azərbaycan” nəşriyyatına getdim.

Bufetə çox böyük kədərlə keçib, bir masada özümə yer elədim.

Orada bir qarson var, sağlığına qismət, gombulluğu və yanağından qan damması onun dünyanı vecinə almamağından xəbər verir.

Boynuna saldığı dəsmal dünyanı vecinə almayanlar ölkəsinin bayrağı, qulağının kəlləsinə sancdığı qələm isə nizəçilər polkunun emblemidir desək, şairanə bənzətməmizlə bəlkə oxucuların qəlbinə yol tapmış olarıq.

Nə isə, sözüm onda deyil həmin o qarson gəldi oturdu yanımda. Aramızda belə bir dialoq oldu. Sadəcə tire qoyub sözləri yazacam, hansı kəlməni kimin dediyi öz-özünə anlaşılacaq.

– Allah rəhmət eləsin!

– Çox sağ ol.

– Gül kimi jurnalist idi, özü-özünü yazıq elədi. Heyif.

– Həəə, düzdür.

– Hər dəfə deyirdim, az iç, Elçin. Nə qədər olub, qəsdən araq satmamışam ona.

– Biz də deyirdik dəə, kimə qulaq asdı ki?

– Bilirsən, mən 3-nə, nə də 7-sinə gedə bildim. Ancaq 40-da mənə mütləq xəbər eləyin, yaxşı?

– Deyərik.

– Bax haaa, yaddan çıxmasın.

– Narahat olma, çıxmaz yadımızdan.

Aramızda olan bu söhbətdən sonra qarson qalxdı ayağa, iki-üç addım atıb stoldan uzaqlaşmışdı ki, birdən geri qanrılıb mənə yaxınlaşdı, aşağı əyilib, qulağıma bu sözləri dedi:

– Amma Mövlud, xahiş edirəm, elə eləyin, qırx mərasimi iş gününə düşməsin. Mən burdan çıxa bilmirəm...

Sözünü bitirib, başqa stola yaxınlaşdı:

– Sizdə kotletnən püreydi, elə?

Şoka düşdüm. Ürəyim sancdı. Təzyiqim qalxdı. Əllərim əsdi. Nə deyəcəyimi bilmədim. Elçinin ölümündən sonra arağı atmaq qərarına gəlsəm də, yenidən başlamaq fikrinə düşdüm və bir də onda ayıldım ki, öz-özümə danışıram:

“- Deməli, istedadlı jurnalist, gözəl insan, güvənilir dost faciəli şəkildə dünyasını dəyişib. Hamımız ağır depressiya içindəyik. Bu da deyir, onun qırxı mənim iş günümə düşməsin, yoxsa gələ bilmərəm. Yəni öz faciə saatınızı da bizim üçün sərfəli vaxta kökləyin... Sonra da deyirlər, Mövlud içir... Sonra da deyirlər, Mövlud içəndə ağlayır... Sonra da deyirlər...”

Qonşu masadakıların qəribə nəzərlərlə mənə baxdığını görüb, monoloqumu ürəyimdə tamamladım:

“- Sonra da deyirlər, Mövlud öz-özünə danışır...”

Kimsə bütün bunların kökünü ölkədəki sosial problemlərlə bağlasa, yanılmış olar.

İndi bütün bəşəriyyət bu vəziyyətdədir. İnsanlar qapılarını (sözün bütün mənalarında) bir-birinin üzünə bağlayıb. Hərə öz evində çürüməklə məşğuldur.

Pulu, mənsəbi, şöhrəti, gücü özlərinə tanrı seçənlər dünyanı mənəvi böhrana salıblar.

İçində az-çox işıq saxlamaq istəyənləri isə böyük qaranlıqların içindən keçmək sınağı gözləyir.

Allah köməyiniz olsun!
XS
SM
MD
LG