Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

Sevinc Pərvanə. Akvarium, Yorğun təbəssüm, Sərhəd xəttində...


Yorğun təbəssüm

qadınlar
kişilərin kölgəsi deyil
əksi
qadınlar kişilərin əksi!
hər şey onu inkar edən
başqa bir şeydə əks olunursa
mən sənin gözlərinin içindəyəm
qorxma aynalara baxmaqdan
hər gün
bir az artıq
yaşamaqdan yorulub da
içimə qapayarkən gözlərimi
üzümdə nələr əks olunur
gəl oxu!
bircə yuxularımda
yalandan gülümsədiyimdən xəbərdaram
hər səhər üzümdə
təbəssümün izi qalır


Sərhəd xəttində

siqareti arxayınca sümürəcəksən
gözəlliyini itirmək qorxusunu
geridə qoyarkən

ən azı öyünəcəksən
qırmızı xoruzun başına
bıçaq çəkə bildiyinə görə

müştəri nəzərləriylə
kişi kimi süzəcəksən
cavan xanımları
saralmış dişlərin arasından
hirslə üfürəcəksən tüstünü
gözəl sifətlərinə
və həm də gizlicə sevinəcəksən
onların da yavaş-yavaş
sənə yaxınlaşdığına

kişiləri isə unutmaq məsləhətdir
gəncliyində bir kişiyə mənsubluğun həzzini
anlamayan qadına


Qara bir çətir

toxundun
barmaqlarının təmasından yaş çıxdı
bədənimin hər nöqtəsindən
bir göz baxırdı sənə
nəfəsim
meh kimi toxunurdu saçlarına
uçunurdun
sərxoş gözlərin
qara buludlar kimi axırdı
elə bil qoşulub ağlayacaqdın
mənim gözlərimə

nəsə demək istədin
baxışlarım kilidlədi dodaqlarını
və dodaqların şişib böyüməyə başladı
birdən-birə
kəlmələr söyüş kimi partdayıb çıxdı
dodaqlarından...

özüm də xatırlamıram
kim olduğumu
amma kabiriyanın gecələrindən
xatirimdə nəsə var
bir də
yağışlı küçələrin birində
əlimdən düşüb qalan
qara bir çətir-
içində məni gizlədir


Akvarium

sənsizliyin üçüncü gecəsi...
özümə sarılıb qollarım
çalım-çarpaz

pəncərəm sığmır çərçivəsinə
kədərdən əyilən üzümə baxmaqdan
əlim işə yatmır
otağın ortasına düşüb qalmış
süpürgəm də
darıxmaqdan ilişir mənə
hər keçəndə

artıq fərqi yox ki
qorxulara tüpürmənin
ən böyük qorxum sənsənmiş elə

masamın üstündə
darıxmaqdan çığırır kitab-dəftərim

ağlaya-ağlaya
göz yaşıyla doldurub otağı
boğmaqdayam özümü otağımdaca
tavanım başıma döyür
mən akvarium balığı ola bilmirəm

Alatoran
XS
SM
MD
LG