Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:06

Balayar Sadiq. Unudulmuş yollar, O uşaq...


UNUDULMUŞ YOLLAR


Təcili yardım maşınından
ölümcül yaralanmış
bir Yolu endirdilər...

Əcəl
ümid həkimin
bütün ölülərini
qəbirdən çıxarıb,
boy sırasına düzdü
bu yolun üstündə...

Heyrətdən
ağzıaçıla qaldı
xəstəxana qapıları.

Yaxın gəl,
sənə bir sirr açım;

Addım səsi
Yolun gözüdür...

"Kor ərəbin mahnısı"dır
unudulmuş yollar...


ÇÖL ESKİZLƏRİ

Bu çölün düzündə
quşların səsini
kətana
çəkə bilmədim...

Ovcumdakı su kimi
üstümə dağıldı
sükut...

Gözlərim rəngləri
naxış-naxış
dinləməkdə.

Daşların oxuduğu
müğamın üzündəki
şeh damcıları
kətanı islatdı...

Lənət şeytana,
həqiqət ağlamağa
vaxt tapdı,
bu çölün düzündə...

Rəssam olmadan
ölmək
böyük dərddir...


O UŞAQ

Həyat
ehtiyac şalvarının
arxa cibindən
bir qutu ümid çıxarıb
atdı stolun üstünə...

Sinifdə
arxa oturacaqda əyləşən
uşaqdan savayı
bunu görən olmadı...

İndi Bakının
mərkəzi küçələrində
ümid alverinə
rəhbərlik edir
o uşaq.

Ancaq
hələ də şalvarının
arxa cibində
bir qutu
ümid gəzdirir…

"Ulduz" jurnalı
XS
SM
MD
LG