Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

Gülxani Pənah. Qaranquş yuvası


(Hekayə)

Yay tətili başlamışdı. Tural imtahanı qurtaran kimi bacıları ilə birlikdə kəndə nənəsigilə getdi.

Hər yay tətilində onlar bura gəlirdilər.

Dağların yaşıl qucağında uyuyan bu kənddə dincələr, dərslər başlayanda isə yenidən şəhərə qayıdardılar.

Kənd həyatı Turalın xoşuna gəlirdi. O, burada dağ kəli, cüyür, ceyran balası, hətta ayı da görmüşdü.

Bu heyvanları heyvanxanada-qəfəsdə görəndə həmişə ürəyi qısılardı. Ancaq azad təbiətin qoynunda asudə dolanan sığırçınların mahnısı, bülbüllərin cəhcəhəsi, torağayların qığıltısı, cırcıramaların mahnısı onun üçün bir aləm idi.

Bu il yenə də kəndə iyun ayının əvvəllərində gəldilər. Havalar hələlik sərin keçirdi. Elə bil yay bir qədər gecikmişdi.

Tez-tez yağan yağışlardan həyətlərdəki çəmənliklər bir boy da qalxmışdı. Həyətin qabağındakı böyük tut ağaclarının altındakı çəmənlikdə cürbəcür otlar, sirkanlar çəmənlikləri görünməz etmişdi.

Nənəsi deyirdi ki, yağışlar dayanan kimi o alaq otlarını yolmaq lazımdır ki, çəmənlikləri korlamasın.

Tural kənddə azad dolana bilirdi. İstədiyi vaxt həyətdə gəzə bilirdi, dostları ilə oynamağa gedirdi. Şəhərdə isə anasının icazəsi olmadan həyətə düşə bilməzdi. Həmişə kəndə gələndə Tural elə bil bir boy da böyüyürdü.

Kəndə gəldiklərindən bir neçə gün sonra aramsız yağan yağışlar dayandı.

Bir səhər Günəş şəfəqlərini dağın sinəsinə elə səpdi ki, nurundan göz açıb ətrafa baxmaq mümkün olmurdu. Tərtəmiz yuyulmuş dağlar al- yaşıl qumaş ipəklərə bənzəyirdi. Tut ağacının yarpaqları arasında oynaşan quşların civiltisindən qulaq tutulurdu.

Elə bil körpə quşcuğazlar da göyün üzünün açılmasından vəcdə gəlmişdi. Burda hər şey könül açan idi. Tural bu gözəlliyə tamaşa etməkdən yorulmurdu.

Birdən-birə elə bil göyün üzünə yenə bir qara pərdə çəkildi. Dağıstan dağlarının arxasından əjdaha kimi dağın bu üzünə şığıyan qara bulud bir andaca günəşin üzünü örtdü.

Birdən -birə göylər guruldadı, hardasa şimşək çaxdı, haradasa bir palıd ağacının sinəsinə çökdü, onu külə döndərdi və birdən- birə etdiyinə peşiman olan şimşək heydən düşdü, bir leysan yağış yağdı ki, gəl görəsən.

Quşların səsi eşidilmədi. Əvəzində yarpaqların üstünə tökülən yağışın şırıltısı, yerə çırpılan damcıların şappıltısı

neçə gündən bəri sıxılmış ürəkləri bir qədər də sıxdı.

Yağış qəflətən yağmağa başladığı kimi qəflətən də kəsdi. Dağların arxasından hücum çəkib gələn yağış buludu göydə əridi.

Yenə Günəş göründü. Tural Fatma nənənin qurşağına heyranlıqla tamaşa edirdi. Nağıllarda eşitdiyi Fatma nənənin göy qurşağı onun gözləri önündə min bir rəngə çalırdı. Göyün üzündəki rəngbərəng göy qurşağının yeddi rəngə çaldığını öz gözləri ilə görən Tural mat qalmışdı.

Bir azdan Günəşin coşqun şüaları altında Fatma nənə qurşağını çəkib yığdı.

Səhəri gün Tural tezdən yerindən qalxdı.

Tut ağacının altına qoyulmuş dəmir çərçivəli stolun arxasında əyləşib çayını içdi, çörəyini yedi, nənəsi ilə birlikdə həyətdə bitmiş sirkanları kökündən çıxarıb, çəmənliyi təmizləməkdə ona kömək etdi. Sirkanların arasından boylanan yaşıl məxmər çəmənliklər göz oxşayırdı.

Nənəsi onların üstünü almış alaq otlarını təmizlədikcə deyinirdi.

Çəmənliyi uşaq kimi əzizləyən nənə nədənsə çıxarıb atdığı otlara heyıslənmirdi.

Tural budaqdan-budağa atılıb düşən quşların civiltisindən qulaqlarını tutsa da, onların şən, şıltaq görkəmi xoşuna gəlirdi.

Səhər yeməyini yeyib qurtarandan sonra seyvana çıxan Turalın birdən-birə gözləri nənəsigilin yatdığı evə girən qapının üstündə yenicə tikilməkdə olan quş yuvasına sataşdı. İki qaranquşun biri gedib, bir gəlirdi və hər gələndə dimdiyində palçıq, saman gətirib, onları divara hörürdülər.

Qaranquşların fasiləsiz hərəkətləri, canla-başla qurmaqda olduqları yuva onu heyrətə salmışdı; "Bu palçığı onlar divara necə yapışdırırlar ki, dağılıb tökülmür. Evi insanlar tikər, bunlar bunu necə tikirlər.

Quşlarındamı ağlı var görən? Bəlkə doğrudan da var, biz bilmirik."

Balaca Tural əsrarəngiz aləmə düşmüşdü. Quşlar isə dayanmadan çalışırdılar. Bəzən dimdiklərində gətirdikləri palçıq, saman qapının ağzına tökülürdü, oranı çirkləndirirdi.

Nənə deyinə-deyinə dursa da, qaranquşların qapının üstündə yuva qurmasına mane olmurdu.

Anası Turalı çağırmasaydı bəlkə də gözünü qırpmadan bu yuvanın necə tikilib başa çatacağına tamaşa edərdi. Əmisigil qonaq çağırdığından onlara getməli olan Tural əynini geyinib anasıyla qapıdan çıxanda nənəsinə yalvardı ki, quşların yuvasını dağıtmasın.

Nənə:

-A bala, quşun yuvasını dağıtmaq olmaz. İllah da ki, qaranquş yuvasını. Adama qarğıyan quşdur. İntəhası, qapı- baca qoymur, batırır da. Ona görə gileylənirəm. Qoca adamam. Bu qaranquşlar yay gələndə məndə təmizlik qoymurlar. Amma neynək. Qoy olsun. Qoy onun da evi olsun. Allah quşu da yuvasız eləməsin, -nənənin səsi xırıldadı:

-Hər kəndin aşağısına çadırlara tökülmüş qaçqınlar olan məhləyə düşəndə bağrım qan olur. Yurdsuzluq, yuvasızlıq pis şeydir. Hə, bala, hə, Allah quşu da, yenə deyirəm yuvasız eləməsin.

Tural yol boyu anasına verdiyi sualları ilə onu yorsa da, əmisigilə çatan kimi başı uşaqlara necə qarışdısa, qaranquş da, yuvası da yadından çıxdı.

Axşamüstü həyətə girib seyvana çıxan kimi gözü qapının ağzına tökülmüş palçıqlı samana sataşdı. Başını qaldırıb yarımçıq, xeyli tikilmiş, amma hələ başa çatmamış yuvaya sataşdı.

Tural səhər yuxudan duranda nənə deyinə-deyinə döşəməni silib təmizləyirdi:

- Siz yuva qurmasanız mənə borc olasınız. Görün necə dağıdıb tökəcəm oranı.
Nənə deyinə-deyinə pilləkənləri düşüb, əlindəki yaş əskini bulağın başına apardı. Qaranquşlar yuvanın xeyli hissəsini qurtarmışdılar. Tural nənənsinin pilləkənlərin yanına atdığı qoyun dərisinin tozunu çırpıb qapının ağzına-yuvanın altına sərdi, otaqlarna girib şəhərdən gətirdikləri qəzetlərdən birini götürüb dərinin üstünə açdı. Hər dəfə kağız çirkləndikcə Tural yenisini salırdı. Nənə də axır vaxtlar daha deyinmirdi. Tural onun qayğılarını xeyli yüngülləşdirmişdi.

Qaranquşlar yuvanı qurub qurtarmışdılar. Arabir yuvada iki qoşa qaranquş oturub üzüaşağı baxırdılar və Turalın da onlara tamaşa etdiklərini görürdülər. Artıq quşlar onu əvvəlki kimi görəndə həyəcan keçirmirdilər. Başa düşürdülər ki, Tural onları sevir.
Sonralar qaranquşlardan biri demək olar ki, bütün günü yuvadan çəkilmirdi. Tural tez-tez nənənsini sorğu-suala tuturdu:

-O qaranquş niyə yuvada oturur?

-Yumurta qoyur, bala.

-Onun yumurtasını kim yeyəcək?

-Heç kim, yumurtalar çoxalacaq, sonra onlardan bala çıxardacaq.

-Bəs sonra?

-Sonrasını öz gözünlə görərsən. Danışsam sənə maraqsız olacaq.

Tural arabir öz aləminə qapılsa da, tay-tuşlarıyla bütün günü oynasa da, axşam evə yığışan kimi yuvaya baxar, qoşa qaranquşları yuvasında görəndə daxilən rahatlıq tapardı.

Hər dəfə əmisigilə gedəndə onların yaxınlığındakı çadırlarda məskən salmış insanlara baxardı. «Çadırlarda da insan yaşayar?»-Tural düşünərdi. O çadırların qarşısında oynaşan uşaqların şən gülüşlərini eşidəndə qəlbindən qəribə hisslər keçərdi: " Görən onlar da bizim kimi yaraşıqlı evlərdə yaşamaq istəmirlər? Niyə onlar çadırlarda yaşayırlar? Niyə bu qaranquşlar kimi özlərinə yuva tikmirlər? Ucu-bucağı görünməyən bu çöllər onlara darlıq edir ki, gəlib bir-birinin içində çadırlar qurub oturublar?"

Tural hər dəfə ürəyini deşən bu sualları nənəsinə verərdi. Nənəsi də deyərdi:

- Onların öz eli var, obası var. Orda saraylar, imarətlər qoyub gəliblər. Gedəcəkləri günü gözləyirlər. Sən onların dərdini çəkmə. Düz eləyirlər, tikmirlər, qurmurlar, yaratmırlar. Adam öz elində padşah olar, özgə elində heç nə.

Gedərlər öz yurdlarına. Düşməni qan-bağır eliyərlər, qovarlar, öz yurdlarına qayıdarlar. Səbir zəncirdən deyil, onun da qırılacağı gün yaxındadır. Sən kənardan onların dərdini çəkirsən, gör onlar özləri nə çəkirlər. Allah düşmənin belini qırsın. Sən belə denən. Sən gül parçasısan, günahsızsan, Allah sənin kimilərin səsini tez eşidər. Dua elə, Allahdan bunu dilə ki, onlar tezliklə öz yuvalarına qayıtsınlar. Mən də onlar bu kəndə gələndən varımdan-yoxumdan olmuşam.- Tural hiss edirdi ki, nənə belə söhbətlər zamanı nəsə əzab çəkir. Ona görə də çox vaxt içərisindən baş qaldıran suallara öz-özlüyündə cavab axtarırdı.

Az keçmədi, yuvadan balaca balaların civiltisi eşidilməyə başladı. Hamı bu balaları görüb sevinirdi. Nənə də arabir onlara baxar:

-Allah verdiyinə min şükür, sən heç kimi sonsuz qoyma- deyərdi.

Bir səhər Tural yuvanın altına sərilmiş dərinin üstündə zir-zibil və iki ölmüş ətcə quş balasını görüb pis oldu. Bacıları da bu mənzərədən mütəəssir olmuşdu. Nənə onların səsinə eyvana çıxdı.

Sakitcə qəzeti yerdən yığışdırdı:

-Qaranquş yuvasını təmizləyirdi. O balalar çoxdan ölüb, ölmüş balaları yuvada saxlaya bilməzdi. İçəridə qalanları böyütmək lazımdır. Neyləsinlər. Nə qədər yuvada saxlasınlar. Biz insanlar ölülərimizi basdırırıq, quşlar, heyvanlar da çölə atır. Bizim ölülərimizin yeri torpağın altı, onların ölülərinin yeri torpağın üstüdür, çünki onların qolu yoxdur torpaq qaza, ölüsünü basdıra. Hərə bir cürə öz kədərini unutmağa çalışır.-nənə ehmalca əlinə götürdüyü qəzeti həyətə düşürdü.

Bir müddət keçdi. Yuvadakı qaranquşlar getdikcə böyüyürdü. Ana qaranquşla Ata qaranquş (nənə onları belə adlandırırdı) dimdiklərində gətirdiyi yemləri balalarının ağzına qoyurdu.

Onlar ağızlarındakı yemi balalarının ağzına ötürdükcə və yenidən geri qayıdıb az keçməmiş yenə yemlə qayıtdıqca yuvadakı səsdən-küydən qulaq tutulurdusa da Turala ləzzət verirdi:" Nəyi pisdir, analar, atalar balalarını yemləyir, əzizləyir." Onların hərəkətlərinə göz qoyduqca Tural öz ata-anasına, onun hər gün qayğısını çəkən nənəsinə, babasına olan məğəbbətinin mənasını daha dərindən anlamağa başlayırdı.
Tezliklə balalar böyüdü.

Bala qaranquşlara qanad açmaq, əvvəlcə yaxınlığa uçmaq, sonra yaxındakı tut ağacına qonmaq, sonra yuvaya qayıtmaq öyrədən Ana-Ata qaranquşların çəkdiyi zəhmətlər Turalın gözləri qarşısında idi.

Hər axşam Ana, Ata və üç bala qaranquş yuvaya yığışıb, başlarını yuvadan kənara çıxarıb, balalarını qanadlarının arasına alıb səhərin açılmasını gözləyərdilər və Tural da bu mənzərəni seyr etməkdən yorulmazdı. İndi onlar tamamilə dostlaşmışdılar. Tural arabir sürahının üstünə yem qoyurdu və qaranquşlar onları gəlib götürürdülər.

Bir axşam qaranlıq idi. İşıqlar sönmüşdü. İçəridə yandırılmış lampanın işığı seyvana düşürdü. Tural pəncərənin qabağında oturmuşdu. Quşların həyəcanlı civiltisini eşidib özünü çölə atdı. Sürahının üstünə çıxmış qonşunun pişiyi marıtdayıb qaranquşların yuvasına baxırdı. Təhlükəni duyan qaranquşlar həyəcan içində idilər. Tural pişiyi qovdu və qaranquşlara:

- Onun nəyindən qorxursunuz? Sizin yuvanıza necə çıxa bilər?-dedi, gülümsədi, arxayınca otağa qayıtdı.

Günlər keçdi. Qaranquşlar indi ancaq axşam yuvalarına yığışırdı.

Bir axşam Tural yuvada qaranquşların birini görmədi. Həsrətlə o gecəni gözlədi, qaranquş yuvasına qayıtmadı. Bir müddət keçdi, qaranquşların biri də yoxa çıxdı. Tural ata, ana və tək qalmış balanın halına acıdı.

Bir axşam yuvada ancaq ata, ana qaranquş qaldı. Baş-başa vermiş quşların yazıq görkəmi Turalı kövrəltdi:

-Bu balalar necə oldu? Onları nə yedi görəsən? -deyə içində çəkdiyi narahatçılıqlara cavab axtardı.

Nənəsi onun pərişan halını görüb təskinlik verdi:

- Nə yeyə bilər, bala, onları? Təbiətin qanunudur, böyüdülər, qanadlandılar, uçdular.

- Nə?

- Bəs necə? Sənin anan da bu evdə doğuldu, böyüdü, vaxt gəldi gəlin köçdü, buranı tərk etdi.

- Deyirsən qaranquşlar gəlin köçüb, nənə?

- Əlbəttə.

- Bəs bu yazıq ata-ana? Onlar belə tək qalacaq?

- Bəs biz tək qalmamışıq? Hanı sənin dayıların, xalaların, anan?

Turalın qolları boşalıb yanına düşdü. Nənə isə danışırdı:

-Biz taleyimizdən narazı deyilik. Arzumuz buydu ki, balalarımızı böyüdək, ev-eşik sahibi edək.

Tural düşünürdü: "O quşlar kimi".

gulxani.net
XS
SM
MD
LG