Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Gülxani Pənah. Yol boyu, Mənim ana yurdum...


YOL BOYU…


Yol boyu görünür yaşıl meşələr,
Dağların döşüylə şütüyür maşın.
Sənə bu yolların gözəlliyindən
Deyirəm bir qədər mən də danışım.

Qafqaz meşələri ayrı aləmdir…
Yarıb meşələri yol gedirik biz.
Meşələr qoynunda köç salanlarıq,
Görünür uzaqdan bizim kəndimiz.

Yol boyu ağaclar verib baş-başa,
Bilir ki, gələnlər onun əzizi.
Çevrilib ən yaxın, doğma sirdaşa,
Qanadı altından keçirir bizi.

Meşələr Tanrısı bu yerlərdədir.
O qoymaz heç zaman bizləri darda.
Ən böyük meşələr bu ellərdədir,
Ağaclar bizləri ötürür yurda…


MƏNİM ANA YURDUM

Mənim ana yurdum, Ana vətənim
Odlar ölkəsidir, şair yurdudur.
Vətənə, torpağa müqəddəs baxan,
Onun keşiyində duran Ordudur.

Sözünün qüdrəti dağları yarar,
Alınmaz qalanı aldırar sənə,
Dediyin beytdən arif olansan,
Dünyanın hikmətin qandırar sənə.

İnsanın qiymətin verdi Nəsimi,
Üzümüz Allahın təcəssümüymüş.
Soyanda dərisin saraldı üzü,
Saraltı günəşin təbəssümüymüş.

Göylərdə yaşayır Xalıq-Yaradan?!
Cahanın sirrini biz biləmmərik.
Tanrıya yaxındır şair ürəyi….
Gördüyün nədənsə biz görəmmərik…

gulxani.net
XS
SM
MD
LG